Əmək müqaviləsi – o, işçiyə də, işəgötürənə də, dövlətə də lazımdır

Əmək müqaviləsi – o, işçiyə də, işəgötürənə də, dövlətə də lazımdır

İqtisadiyyat
19 Oktyabr 2012, 07:53 2135
Ölkə Prezidentinin tapşırığına əsasən artıq bir neçə aydır qeyri-leqal məşğulluğun aradan qaldırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi məqsədilə bir sıra dövlət strukturları, o cümlədən Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində əmək bazarında nəzarət tədbirlərini gücləndirmişdir. Vergilər nazirinin müşaviri İlqar Əhmədov bu sahədə həyata keçirilən tədbirlər barədə «Vergilər» qəzetinə müsahibə vermişdir.

- Vergilər Nazirliyi tərəfindən əmək münasibətlərinə vergi nəzarətinin təşkili sahəsində son zamanlar bir sıra intensiv tədbirlər həyata keçirilir. Bu sahədə vəziyyət indi necədir?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyatın müxtəlif sektorlarında çalışanların bir hissəsinin qeyri-qanuni işləməsi, yəni maaşların qeyri-leqal şəkildə verilməsi həm vergilərdən yayınmaya, həm də istər-istəməz ölkənin bugünkü sosial vəziyyətinin real əks etdirilməməsinə səbəb olduğu xüsusi vurğulanmışdı.
Ölkə başçısı tərəfindən verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə ötən müddət ərzində muzdlu işlə əlaqədar əmək¬haqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının və qeyri-leqal məşğulluğun leqallaşdırılması istiqamətində Vergilər Nazirliyi tərəfindən xüsusi Tədbirlər Planı qəbul edilmiş, Dövlət Əmək Müfəttişliyi və Dövlət Sosial Müdafiə Fondu ilə əlaqəli şəkildə bu sahədə vergi və əmək qanunvericiliyinə əməl olunmasına nəzarət gücləndirilmişdir.
Qısa müddət ərzində bu sahədə əsaslı dəyişikliklərə nail olmaq üçün, ilk olaraq, qarşıda duran əsas problemlər təhlil edildi. Bütövlükdə, vergi ödəyiciləri üzrə bu problemlər 3 əsas qrupa bölündü. Birinci qrup problem vergi ödəyicilərinin əmək münasibətlərini rəsmiləşdirmədən işçiləri ayrı-ayrı işlərə cəlb etməsi ilə bağlıdır ki, bu da daha çox ticarət və xidmət sektorunda müşahidə olunan haldır. İkinci qrupa daxil olan ödəyicilərdə müşahidə olunan əsas problem işçilərin bir qismi ilə əmək müqaviləsinin bağlanması, əksəriyyət təşkil edən digər qismi ilə isə rəsmiləşdirilmənin aparılmamasıdır. Bu, əsasən tikinti və istehsal sektorunda çalışan vergi ödəyicilərində rast gəlinən tipik haldır. Nəhayət, vergi orqanlarının nəzarət dairəsinə düşən üçüncü qrup problem bundan ibarətdir ki, bir sıra vergi ödəyiciləri iş yerlərini rəsmiləşdirsələr də, ikili mühasibat apararaq, əmək haqlarını real göstərmir, bu yolla vergi və sosial ayırmaların ödənilməsindən yayınırlar. Təəssüflə qeyd etməliyəm ki, sonuncu hala demək olar ki, vergi nəzarəti tədbirlərinin aparıldığı təsərrüfat subyektlərinin çoxunda rast gəlinir.
Mövcud problemləri aradan qaldırmaq üçün hər şeydən əvvəl, vergi ödəyicilərinin məlumatlandırılmasına diqqət artırıldı. Bu məqsədlə dövriyyəsi böyük olan, lakin bəyannamələrində işçi sayını göstərməyən və ya az göstərən vergi ödəyicilərinin nümayəndələri ilə görüşlər keçirilərək, onlara işçilərlə əmək müqavilələrinin bağlanmasının vacibliyi ilə bağlı xəbərdarlıq edildi. Geniş reklam və təbliğat kampaniyasına başlanıldı və bu, hazırda da davam etdirilir. Demək olar ki, hər gün müxtəlif televiziya kanallarında bu məsələ ilə bağlı süjetlər efirə verilir. Bakıda və ölkəmizin digər şəhər və rayonlarında çoxsaylı reklam lövhələri quraşdırılıb. Hesab edirik ki, ilkin mərhələdə maliyyə sanksiyalarının tətbiqi ilə müşayiət olunan vergi nəzarəti tədbirlərinə əl atmadan bizneslə dialoq, qarşılıqlı tərəfdaşlıq prinsiplərinə əsaslanan yanaşma təcrübədə özünü doğruldur.
- İş yerlərinin leqallaşdırılması sahəsində nə kimi dəyişikliklər baş vermişdir? Bu gün iş yerlərini rəsmiləşdirən vergi ödəyicilərinin gələcəkdə işçiləri ixtisar edəcəyi ehtimalı varmı?
- Əmək bazarında qeyri-leqal məşğulluğun miqyasını dəqiq qiymətləndirmək o qədər də asan məsələ deyil. Statistik məlumatlara görə, ölkədə məşğul əhalinin sayı 4 milyon 375 min nəfərdir. Amma onların yalnız 1 milyon 381 min nəfəri muzdla işləyənlərdir, yəni təxminən bu qədər vətəndaşın işəgötürənlə əmək müqaviləsi var. Bir sıra vətəndaşlar isə fərdi əmək fəaliyyəti ilə məşğul olur, müxtəlif xidmətlər göstərirlər. Bu cür xidmətlər göstərən - dayələr, fərdi sürücülər, bağbanlar, mühafizəçilər və sair kimi qrupa daxil olan işçilərlə əmək müqaviləsi bağlanması üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Bu kateqoriyanı da nəzərə alsaq, qarşımızda faktiki əmək fəaliyyəti olan, iş yerlərində çalışan, lakin əmək münasibətlərini rəsmiləşdirməmiş kifayət qədər çoxsaylı bir işçi qüvvəsi dayanır.
Aparılan işlərin nəticəsi olaraq, bu günə kimi vergi orqanları tərəfindən təxminən 50 min vergi ödəyicisində 165 mindən yuxarı işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilmişdir. Bağlanmış əmək müqavilələrinin 71,3 mini və ya 43,1%-i regionların payına düşür.
Əmək bazarının nəzarətdə saxlanılması, qeyri-leqal əmək münasibətlərinin qarşısının alınması və məşğulluğun davamlı şəkildə təmin edilməsi üçün inzibati mexanizmlər də təkmilləşdirilməli, prosesdə işçilərin fərdi iştirakı təmin edilməklə ictimai nəzarət gücləndirilməlidir. Bu, prosesin səmərəliliyi və davamlılığı üçün çox mühümdür.
Qeyd etmək istərdim ki, tətbiq edilmiş mütərəqqi informasiya texnologiyaları sayəsində bu gün vergi orqanları vergi ödəyicilərinin fəaliyyətini tam nəzarətdə saxlamaq imkanına malikdir. Vergilər Nazirliyində əmək münasibətlərinə sistemli nəzarətin təşkili məqsədilə müasir informasiya və innovativ texnologiyaların verdiyi imkanlardan istifadə etməklə işçilərin şəxsiyyətini təsdiq edən sənəd məlumatları, onların işə götürülmə və işdən azad edilmə tarixlərinin əks olunduğu vahid məlumat bazasının yaradılmasına başlanılmışdır. Yeni yaradılmış məlumat bazasına əlavə olaraq yeni bağlanılmış 165 mindən yuxarı əmək müqaviləsi barədə məlumat daxil edilmiş, müvafiq reyestr məlumatları, eyni zamanda, Dövlət Sosial Müdafiə Fonduna və onun yerli strukturlarına göndərilmişdir. Bu isə həmin iş yerlərinin və gələcəkdə baş verə biləcək dəyişikliklərin həm vergi orqanları, həm də Dövlət Sosial Müdafiə Fondu tərəfindən nəzarətə götürülməsinə imkan verir. Əmək müqavilələrinin mövcudluğu bir tərəfdən şirkətlərin işçiləri əsas olmadan işdən azad etmək imkanlarını məhdudlaşdırır, digər tərəfdən Dövlət Sosial Müdafiə Fonduna bundan sonrakı proseslərə nəzarət etməklə iş yerlərinin sayının süni şəkildə azaldılmasının qarşısını almaq imkanı verir.
Hazırda işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilər haqqında məlumatın vahid məlumat bazasına işəgötürənlərin özləri tərəfindən daxil edilməsi üçün görülən tədbirlər yekunlaşmaq üzrədir. Vergi ödəyiciləri onlara verilmiş xüsusi istifadəçi kodu, parol və şifrə vasitəsilə Vergilər Nazirliyinin internet səhifəsinə daxil olaraq işçiləri haqqında məlumatı bu bazaya daxil edə biləcəklər. Hətta işçilərin özləri də istədikləri vaxt şəxsiyyət vəsiqəsinin PİN-kodunu daxil etməklə həmin portala girə və onunla bağlanmış əmək müqaviləsi barədə məlumatların bazaya daxil edilib-edilmədiyini yoxlaya və uyğunsuzluq aşkar edildikdə birbaşa Vergilər Nazirliyinə, yaxud müvafiq vergi orqanlarına bu barədə məlumat verə bilərlər.
- Müəssisələrdə vətəndaşların əmək hüquqlarının qorunması ilə bağlı yəqin ki, həmkarlar ittifaqları da çox iş görə bilərlər?
- Əmək müqaviləsinin bağlanılmaması işçilərin hüquqlarının müdafiə imkanlarını azaldır. Dünya təcrübəsi göstərir ki, əmək bazarında məşğulluq və sosial problemlərin həllində həmkarlar ittifaqları işəgötürənlərə ən effektiv təsir imkanlarına malikdir. Bu baxımdan, iri vergi ödəyicilərində həmkarlar ittifaqlarının yaradılmasına və işçilərin əmək hüquqlarının pozulmasının qarşısının alınmasında onların rolunun artırılmasına ehtiyac vardır.
Tərəfimizdən Dövlət Sosial Müdafiə Fondu, Dövlət Əmək Müfəttişliyi və Həmkərlar İttifaqları ilə birlikdə yaradılan çarpaz nəzarət mexanizmləri də mövcud iş yerlərinin saxlanılması və iş yerlərinin süni şəkildə azaldılmasının qarşısını almağa xidmət edir.
- İşəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanmaması hansı neqativ nəticələrə səbəb olur?
- Məsələyə qlobal baxımdan yanaşsaq, əmək müqaviləsinin bağlanmaması həm vətəndaşların, həm dövlətin, həm də işəgötürənlərin özlərinin mənafeləri üçün zərərlidir. Əmək müqaviləsinin bağlanmaması işçinin gələcəyinin maddi təminatını təhlükə altına atır. Əmək müqaviləsi bağlanmadıqda işəgötürən sosial ayırmaları ödəməkdən yayınır ki, bununla da işçinin gələcək pensiya təminatının məbləği azalır. Bununla yanaşı, işçi ödənişli əmək məzuniyyətindən, birdəfəlik müavinətlərdən, əmək¬haqqının ödənilməsindən məhrum ola bilər. Əgər vətəndaşın işlədiyi müəssisə ilə əmək müqaviləsi yoxdursa, bu zaman işəgötürən onu istənilən zaman heç bir vəsait ödəmədən işdən azad edə bilər. Müqavilə olmadığından işçi buna etiraz edə bilmir. Əmək müqaviləsinin bağlanması zamanı işəgötürən tərəfindən işçinin sağlamlığına, əmək mühafizəsinə, sanitariya və gigiyena normalarına cavab verən iş yeri yaratmaq barədə qanunla nəzərdə tutulan öhdəlik yaranır. Lakin müqavilə yoxdursa, işəgötürən tərəfindən iş və istirahət vaxtı üzrə əmək qanunvericiliyinə əməl edilməməsinə şərait yaranır və bu, öz növbəsində, işəgötürən tərəfindən işçinin sosial müdafiə olunma, güzəşt və imtiyazlardan istifadə etmə, məcburi və əlavə sığortalar və s. kimi öhdəliklərdən imtina etməsi ilə nəticələnir.
Əmək müqaviləsi bağlandıqda burada hər bir işçinin qəbul olunduğu peşə və ya vəzifə göstərilir. İşçi və işəgötürən bu peşə və ya vəzifə ilə öz üzərlərinə müəyyən vəzifə və ya öhdəliklər götürürlər. Əmək müqaviləsi bağlanmadıqda isə işəgötürən öz üzərinə qanunla götürməli olduğu öhdəliklərdən imtina edə bilər, digər tərəfdən isə işçinin faktiki olaraq yerinə yetirdiyi işə görə deyil, başqa əmək funksiyalarını yerinə yetirməmək əsası ilə onu işdən azad edə bilər.
Digər tərəfdən, işçi ilə əmək müqaviləsinin olmaması sahibkarların özünə də böyük ziyan gətirir. Məsələn, əgər əmək müqaviləsi olmadan işləyən əməkdaş müəssisəyə və ya fərdi sahibkara məxsus bahalı əmlakı sıradan çıxararsa və ya ona ciddi ziyan vurarsa, belə işçilərə qarşı müvafiq qanuni tədbirlərin görülməsi necə həyata keçirilə bilər?
İş yerlərinin rəsmiləşdirilməməsi vergidən və sosial ödənişlərdən yayınmaya səbəb olur ki, bu da dövlət büdcəsini və Dövlət Sosial Müdafiə Fondunu əhəmiyyətli daxilolmalardan məhrum edir. İş yerlərinin leqallaşdırılmaması nəticəsində yaranan gizli məşğulluğun fəsadları nəticə etibarilə əmək bazarı və əmək haqları ilə göstəricilərin mövcud reallığı düzgün əks etdirməsinə və dövlətin bu sahədə iqtisadi tənzimlənmə aparmasına maneələr yaradır.
Sadalanan bu amillər qeyri-leqal məşğulluğun aradan qaldırılmasının zəruriliyini bir daha sübut edir. Bütün bu fəsadlarla üzləşməmək üçün vətəndaşlar öz hüquqlarını tələb etməli, müəssisə ilə əmək müqavilələri imzalamalıdırlar.
- Vergilər Nazirliyi qeyri-leqal əmək münasibətləri quran sahibkarlara qarşı sərt addımlar atmağı nəzərdə tuturmu?
- Məlum olduğu kimi, qanunvericilikdə iş yerlərinin rəsmiləşdirilməməsinə görə vergi ödəyiciləri üçün ciddi maliyyə sanksiyaları və inzibati cərimələr nəzərdə tutulur. Bu da, təbii ki, qanun pozuntularının qarşısının alınması istiqamətində ciddi təsir vasitəsidir.
Bu sahədə kompleks tədbirlərə başlanılmasından iki aydan artıq vaxt keçir. Hesab edirik ki, vergi və əmək qanunvericiliyinin pozulması hallarının və yol verilən qüsurların aradan qaldırılması üçün vergi ödəyicilərinin kifayət qədər vaxtı olmuşdur. Mövcud nöqsanları aradan qaldırmayan sahibkarlar isə bilməlidirlər ki, onlara qarşı həm Vergilər Nazirliyi, həm də Dövlət Əmək Müfəttişliyi tərəfindən qanunun bütün gücündən tam istifadə ediləcəkdir.