• çərşənbə, 24 Aprel, 08:40
  • Baku Bakı 13°C

Əmək müqaviləsi: gələcəyə təminat

17.05.13 10:02 4545
Əmək müqaviləsi: gələcəyə təminat
Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sənəd formasıdır. İşə götürənlə işçi arasında bu müqavilənin imzalanmasının zəruriliyi Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapıb. Çünki işə qəbul zamanı bu müqavilə bağlanmadıqda, insan əməyinin istismarına və əmək hüquqlarının tapdalanmasına gətirib çıxarır.
Lakin qanunvericilikdə öz əksini tapmasına və dövlət qurumlarının, o cümlədən Vergilər Nazirliyinin bu sahədə böyük işlər görməsinə baxmayaraq, bir çox ölkələrdə olduğu kimi, bu gün Azərbaycanda da işə götürənlə işçilər arasında əmək müqaviləsinin bağlanması bir sıra hallarda ciddi problem olaraq qalmaqdadır.
Statistika
Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2012-ci ildə Azərbaycanda 4 milyon 665 min məşğul insan qeydə alınıb. Bunlar arasında muzdla işləyənlərin sayı 1 milyon 425 min nəfərdir, muzdla işləyənlərin əksəriyyəti əmək müqaviləsi imzalamadan çalışır. Aparılan araşdırmalar göstərir ki, əmək müqaviləsi olmadan çalışma halları əsasən özəl sektorda, iaşə obyektlərində, nəqliyyatın bəzi sahələrində, eləcə də tikinti sferasında müşahidə edilir. Müqaviləni imzalamadan çalışan işçilər öz əmək hüquqları barədə məlumatsızdırlar və əmək müqaviləsinin imzalanmasının vacibliyini anlamırlar. Dövlət Sosial Müdafiə Fondunun keçirdiyi sorğunun nəticələrinə görə, 38,1 faiz insan əmək müqaviləsi imzalamadan çalışır, 4 faiz insan ümumiyyətlə belə bir müqavilənin olmasından məlumatsızdır. Bu, çox acınacaqlı haldır və bunun nəticəsində də sonda zərərçəkən dövlət və vətəndaş olur.
Müqavilə imzalamamağın fəsadları
Müqavilənin imzalanmaması nəticəsində ilk növbədə vergi ödənişləri və Dövlət Sosial Müdafiə Fonduna ödənişlər yerinə yetirilmir, qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq dövlətin büdcəsinə milyonlarla ziyan dəyir. Verginin ödənilməməsi, həmçinin vətəndaşın gələcəkdə sosial müdafiəsinə ciddi zərbə vurur. Çünki hər bir vətəndaşın sosial təminatının gələcəyi öz əlindədir və vətəndaş bilməlidir ki, pensiya-müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanılması, əmək haqlarının leqallaşdırılması, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsi mühüm rol oynayır. Ancaq təəssüflər olsun ki, əmək müqaviləsinin bağlanmaması vətəndaşın bütün bu imkanlarını əlindən alır.
Bununla yanaşı, əksər hallarda müəssisələrdə işçilərin əmək haqlarının ödənilməməsi və ya minimum səviyyədə göstərilməsi hallarına rast gəlinir. Əmək müqaviləsi bağlanmadıqda və ya aylıq əməkhaqqı düzgün göstərilmədikdə hər hansı bir mübahisə yaranarsa, işçi faktiki olaraq əməkhaqqını tələb etmək hüququnu itirir. Digər tərəfdən, işçinin əmək müqaviləsi olmadıqda, işəgötürən istədiyi vaxt müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə xitam verə bilər.
Qanunvericilikdə işçilərin sosial müdafiəsi ilə yanaşı, onların iş zamanı sağlamlıqlarının qorunması haqqında da maddə yer alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var. Əmək Məcəlləsinin 215-ci maddəsinə görə isə, müəssisənin mülkiyyətçisi və işə götürəni işçilərin iş yerlərində əməyinin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Məcəllədə qeyd edilir ki, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işəgötürən tam maddi məsuliyyət daşıyır. Amma müqavilə imzalanmadıqda işçinin təhlükəsizliyi təmin olunmadığı üçün iş zamanı başına gələ biləcək mümkün bədbəxt hadisələrdən sığortalanmır. Beynəlxalq Əmək Təşkilatının qiymətləndirməsinə görə, hər il iş yerində 2,2 milyon nəfər ölür. Bu, hər 15 saniyədə 1 nəfərin ölməsi deməkdir. Hər gün isə istehsalatda ölənlərin sayı 5 min nəfəri keçir. BƏT-in məlumatına görə, istehsalatda bədbəxt hadisələrin sayı ildə 250 milyon, peşə xəstəliklərindən əziyyət çəkənlərin sayı isə 160 milyon nəfərə yaxındır.
İşəgötürəndən asılı olan işçilər
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bizimlə söhbətində bildirdi ki, işçinin işə götürənlə əmək müqaviləsi bağlamamsı işçini işə götürəndən asılı vəziyyətə salır və onlar arasında heç bir rəsmi münasibət olmur. “Əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək münasibətlərini rəsmiləşdirən yeganə sənəddir. Bu müqavilə ən azı iki orijinal nüsxədə tərtib edilməlidir. Bir nüsxəsi işçidə, biri də işəgötürəndə olmalıdır. Bu gün ən böyük problem odur ki, hətta müqavilə bağlanarkən də ikinci nüsxə onun şəxsi qovluğunda saxlanması və digər bəhanələrlə işçi tərəfə təqdim edilmir. Sonra həmin şəxs işdən çıxmaq istəyəndə bildirirlər ki, “biz səni işə götürməmişdik” və bu zaman mübahisələr yaranır. Əgər müqavilə yalnız bir nüsxədə tərtib olunursa, bu da müqavilənin bağlanmaması kimi qəbul edilməlidir”.
S.Məmmədovun sözlərinə görə, müqavilə imzalamamaq həm dövlət, həm də işçi üçün ciddi fəsadlar törədir. Lakin bunun ağırlığı ən çox işçinin üzərinə düşür: “İşçinin əmək müqaviləsində əmək funksiyaları dəqiq müəyyən olunur, işçi hansı işləri yerinə yetirməlidirsə, o müqavilədə qeyd edilir. Əgər bu müqavilə yoxdursa, onda işə götürən işçidən çox iş görməyi tələb edəcək, daha sonra da ya onun əmək haqqını verməyə, ya da işdən qova bilər. Məsələn, bəzən işəgötürən işçini qovmaq istəyəndə heç bir prosedur aparmadan «sabah işə gəlmə» deyir, beləliklə də onun işinə xitam verir. Bununla yanaşı, müqavilə imzalamayan şəxs icbari dövlət sığortasına cəlb olunmur. Bu zaman pensiya üçün yığım getmir, işçi əgər müvəqqəti əmək qabiliyyətini itirirsə, heç bir müavinət ala bilmir. İşçinin əgər əmək müqaviləsi yoxdursa, o, bədbəxt hadisələrdən və peşə xəstəliyindən sığortalanmır. Çünki hər hansı bir sığorta şirkəti əmək müqaviləsi olmadan, hətta işəgötürən özü müraciət etsə belə, həmin şəxsi sığortalamır. Ümumiyyətlə, əmək müqaviləsi imzalanmırsa, burada əmək münasibətlərindən söhbət getmir”.
Sərt cəza tədbirləri
Liqa sədri işçi ilə müqavilə imzalamayan şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza tədbirləri haqqında da məlumat verdi. Onun sözlərinə görə, insan əməyini istismar edən şəxslərə cəza tədbirləri həddən artıq sərtdir: “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək miqdarda cərimə edilir. Əgər işə götürən əcnəbi ilə belə rəftar edibsə, cərimə 35 min manata qədərdir”.
İşçilər öz hüquqlarını bilmirlər
“Bərabər İmkanlar Mərkəzi” İctimai Birliyinin rəhbəri, sosioloq Rafiq Təmrazov bizimlə söhbətində bildirdi ki, Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi üçün güclü tendensiya var. Belə ki, əmək müqavilələri əmək qanunvericiliyinə uyğun olaraq nümunəvi formada hazırlanıb. Lakin insanların özlərinin əmək müqaviləsi ilə nə dərəcədə maraqlanması sual altındadır: “Bu gün əmək müqaviləsinin əhəmiyyəti haqqında insanların maariflənməsinə xüsusi ehtiyac var. Çünki insanların əksəriyyətində, xüsusilə də Azərbaycanın bir sıra regionlarında əmək müqaviləsi haqqında ümumiyyətlə məlumatları yoxdur”.
Sosioloqun sözlərinə görə, insanların öz əmək hüquqları haqqında məlumatlı olmaları işə götürən şirkətlərə maraqlı olmadığı üçün onlar əmək hüquqları ilə bağlı maarifləndirilmirlər: “İşçinin maariflənməsi hər zaman öz hüququnu tələb etməsi deməkdir, bu da işə götürənə sərf eləmir. Çünki qanunvericiliyə görə, işçi iş zamanı hər hansı bir qəzaya məruz qaldıqda, onun təminatını şirkət həyata keçirməlidir. Bununla yanaşı işçi hüquqlarını bilmədikdə, işəgötürən istədiyi qədər onun əməyini istismar edə bilər. Ona görə işə götürənlər maraqlı deyillər ki, hamının əmək hüquqları barədə kifayət qədər məlumatı olsun”.
R.Təmrazov vurğuladı ki, əmək qanunvericiliyi haqqında məlumatlı olmaq, əmək qanunvericiliyinə uyğun olaraq hazırlanan əmək müqaviləsinin müddəalarını, işçinin üzərinə düşən vəzifəsini, məsuliyyətini yaxşı bilmək, işçini həm yaxşı mənada istehsal prosesinə, əmək nizamına dəvət edir, həm də onun öz hüququnu tələb etməsini, öz öhdəliyinə düşən vəzifədən kənar işlər görməməsini və öz işinə peşəkar şəkildə yanaşmasını şərtləndirir.
Hər bir vətəndaş bilməlidir ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək gələcəkdə sosial hüquqların tam təmin olunması və iş zamanı sağlamlıqlarının qorunması ilə nəticələnəcək.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər