• cümə, 29 Mart, 17:17
  • Baku Bakı 14°C

Əmək bazarında yeni bacarıqlara, ixtisaslara ehtiyac yaranacaq

28.11.18 11:45 467
Əmək bazarında yeni bacarıqlara, ixtisaslara ehtiyac yaranacaq
Yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, ixtisaslara ehtiyac yaranacaq. Bununla bağlı orta təhsil sistemində təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robot texnologiyası, süni intellekt, nano texnologiyalar və bu kimi bir sıra innovativ məzmunun ümumi təhsildə tətbiqi prioritet hesab olunmalıdır.
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.
Təhsilin daim inkişaf edən sahələrdən biri olduğunu deyən nazir qeyd edib ki, bu baxımdan növbəti qurultaya qədər həlli vacib olan bir sıra məsələlər var.
C.Bayramov hesab edir ki, ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, o cümlədən innovasiyaların tətbiqi qarşıda duran başlıca vəzifələrdəndir.
Nazirin fikrincə, bu, ilk növbədə yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran pedaqoji kadrlar tələb edir:"Heç bir təhsil sisteminin potensialı həmin sistemdə çalışan müəllimlərin bacarıq səviyyəsindən yüksək ola bilməz. Bu fikir son illərdə nazirlik tərəfindən dəfələrlə vurğulanıb. Məhz bu səbəbdən müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli dərəcədə artması əsas hədəflər kimi müəyyən edilib. Ali təhsil sahəsində ən böyük hədəflərdən biri əhatəliliyin və keyfiyyətin artırılmasıdır".
banner

Oxşar Xəbərlər