• cümə, 19 Aprel, 03:27
  • Baku Bakı 18°C

Əmək bazarında peşə”siz”lik

04.08.18 10:30 1045
Əmək bazarında peşə”siz”lik
Müstəqillik əldə etdiyimizdən sonra bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də, uğurlara, yeniliklərə imza atdıq. Bunun nəticəsi olaraq, yeni gənc nəslin potensialını göstərmək olar. Ancaq bəzi sahələr var ki, onlar daha artıq dəstək ala bilmədi. Onlardan biri də, peşə məktəblərimizdir. Bizim bu sahədə kifayət dərəcədə təcrübəmiz mövcuddur. Peşə öyrədəcək bazamız var. Qısası, peşə sahələrinin inkişafı üçün demək olar ki, lazım olan əsas faktorlar mövcuddur. Sadəcə, iki modulun üzərində dayanacağam.
1) Ali məktəbləri inkişaf etdirdikcə, peşə məktəbləri ikinci planda qaldı və bunun nəticəsi olaraq ictimaiyyətdə bu sahəyə maraq azaldı. Əksər valideynlər öz övladlarını bu sahələrə istiqamətləndirməkdə maraqlı deyillər. Səbəb:
a) Peşə məktəblərinin verdiyi təhsilə inamsızlıq.
b) Diplomlarının əmək bazarında o qədər də tanınmamağı.
2) Peşə məktəbləri ikinci planda qaldığı üçün maddi-texniki bazası müasir tələblərə uyğun olmamağı.
Belə olduqda, əmək bazarında tələb olunan kadrları yetişdirməkdən söz belə gedə bilməz. Məsələn, əvvəllər mexanika ilə idarə olunan maşınlar daha çox idi və bu sahələrdə mütəxəssislərə ehtiyac var idi. Ancaq indiki şəraitdə avtomatik idarə olunan maşınlar daha çoxdur və əmək bazarı bu sahədə mütəxəssislər axtardığı halda, peşə məktəbləri köhnə avadanlıqlarla hələ də mexanika ilə idarə edilən maşınlar üzrə mütəxəssis hazırlayırlar. Belə olduğu halda, əmək bazarı ilə peşə məktəbləri arasında əlaqə zənciri qırılır. İldən ilə əlaqə qurulmadığı və tələbat ödənilməyəndə isə peşə məktəbləri ikinci plana keçir.
Bu iki modulla bəzi problemləri dilə gətirdim, əslində, həll yolları da modulların içərisindədir. Görmək istəyən hər kəs görə bilər. Bu sahənin arxa planda qalması nəticəsində artıq bəzi sahələrdə şirkətlər yüksək məvacib versə də, qaynaqçı, baytar, mexanik, operator və s. kimi mütəxəssislər tapmaqda çətinlik çəkir. Peşə məktəblərini problemlərdən azad etməli və bu sahəni daha da inkişaf etdirməliyik. Əks halda, bu sahəyə olan tələbatımızı xarici mütəxəssislər hesabına təmin edəcəyik ki, bu da bizim üçün sərfəli yol deyil. Hal-hazırda müəyyən peşə sahibləri var ki, onlar əmək bazarında sayca azdılar və onlara o qədər tələbat var ki, hansı şirkətə gedirlərsə, şirkət onun istədiyi məvacibi verməyə məcburdur. İctimaiyyət də bunu bilməlidir ki, peşə məktəblərində oxumaq, onun vasitəsilə karyera qurmaq heç də yuxarıdan aşağı baxılacaq sahələr deyil. Peşə sahələrində işinin, sənətinin aşiqi və mütəxəssisi olanlar heç vaxt işsiz qalmırlar. Vaxtı ilə neftçilər, telefonçular, pambıqçılar, operatorlar haqda kino çəkdirəcək qədər güclü kadrları olan millətik. Bu sahəni ikinci plana atmaqdansa, daha da inkişaf etdirib, xarici ölkələrə kadrlarımızı göndərməliyik. Belə olduğu halda, iqtisadiyyatımız daha da inkişaf edəcək ki, bu da hər bir vətəndaşımızın arzusudur. Unutmamaq lazımdır ki, ali məktəblərə könülsüz qəbul olub, istəmədiyin ixtisası seçib yarımçıq mütəxəssis olmaqdansa, həvəsin olan peşəni seçib, özünü yetişdirib, əmək bazarında lazımlı kadr olmaqı daha yaxşıdır. Dahi Nizami Gəncəvi demişkən: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.
İlkin Məcidov,
"PSG Management Systems”də konsultant, karyera planlama üzrə ekspert
banner

Oxşar Xəbərlər