• cümə axşamı, 25 aprel, 09:45
  • Baku Bakı 14°C

Əmanətlərin tam sığortalanması dayandırılsın, yoxsa?..

07.02.20 19:10 4355
Əmanətlərin tam sığortalanması dayandırılsın, yoxsa?..
Ekspertlər məsələ ilə bağlı birmənalı fikirdə deyillər
"Bank sektorundakı bütün problemlər həll edildikdən sonra əmanətlərin tam sığortalanması sistemindən çıxmaq məqsədəuyğun olar”.
Bunu jurnalistlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib: "Əmanətlərin tam sığortalanması haqqında”Qanununmüddəti 2020-ci ilin mart ayının əvvəlində başa çatacaq. Əgər qanunun müddəti uzadılmasa və hər hansı bir dəyişiklik edilməsə, banklardakı əmanətlər tam deyil, 30 min manatadək vəsaitlər sığortalanmış hesab olunacaq.Mərkəzi Bank hesab edir ki, ölkədə makro-iqtisadi sabitlik mövcud olsa da, bank sektorunda nöqtəvi problemlər qalmaqdadır. Yəni sistemdə deyil, bir neçə bankda problem var. Bu problemlər tam həll olunmadan, əmanətlərin tam sığortalanmasından aqressiv çıxmaq doğru olmaz. Əmanətlərin tam sığortalanmasından çıxış mərhələli olmalıdır.Məsələn, əmanətlərin tam sığortalanmasından birinci mərhələdə 100 min manatadək əmanətlərin sığortalanmasına keçid ilə çıxmaq olar. Eyni zamanda Mərkəzi Bank hesab edir ki, əmanətlərin sığortalanmasında əvvəlki maksimum məbləğ olan 30 min manat da (30 min manatadək əmanətlər sığortalanırdı) kifayət etməyə bilər. O, həmçinin deyib ki, 4 il əvvəl "Əmanətlərin tam sığortalanması haqqında” qanunun qəbul olunması maliyyə sabitliyində mühüm rol oynadı: "Əmanətçi təşvişi” deyilən bir qanun var. Bir anda milyardlarla valyuta banklardan çıxarılır, valyuta bazarına daxil olur, hamı konvertasiya etmək istəyir. Belə bir halda ciddi maliyyə sarsıntısı ola bilərdi. Cənab Prezident vaxtında bu qanunu qəbul etdi. Keçən il bu qanunun vaxtı bitirdi. Lakin biz Maliyyə Sabitliyi Şurasında situasiyanı müzakirə etdik. Bizim mövqeyimiz belə oldu ki, maliyyə sistemində problemlər hələ tam həllini tapmayıb. Problemlərin həlli başa çatmadan 100% sığortalamadan çıxmaq tez olardı. Cənab Prezident bu arqumentləri qəbul etdi və qanunun müddətini 1 il də uzatdı. Bu gün isə ölkədə ciddi makro-iqtisadi sabitlik var. Biz düşünməliyik, digər tərəfdən, bank sektorunda nöqtəvi problemlər də var. Düşünürəm ki, Maliyyə Sabitliyi Şurası bu məsələni bir daha müzakirə etməlidir”.
Sədr qeyd edib ki, Mərkəzi Bank paralel olaraq yeni sığorta modeli haqqında düşünür: "Düşünürük ki, tam sığortalanmadan çıxış mərhələlərlə, yumşaq olmalıdır. Tam sığortalanmadan əvvəl maksimum məbləğ 30 min manat idi. Biz düşünürük ki, 30 min manat da kifayət etməyə bilər. Mərkəzi Bankın mövqeyi belədir ki, biz bütün problemləri həll etməliyik, bunun üçün çox qısa vaxt lazımdır, bundan sonratam sığortalanmadan mərhələlərlə çıxmalıyıq.Əhali tam əmin olmalıdırlar ki, banklardakı əmanətləri üçün qorxu yoxdur. Biz bu məqsədlə qanun layihəsini hazırlayacağıq. Bildiyiniz kimi, Azərbaycanın yeni parlamenti işləməyə başlayacaq. Yeni parlamentin ilk toplantılarında biz bu prosesləri başa çatdıracağıq”.
Maraqlıdır, əgər əmanətlərin tam sığortalanması müddəti uzadılmazsa, əhalidə bank sektorun qarşı münasibət necə dəyişəcək, ümumiyyətlə, bu müddətin uzadılmasına ehtiyac varmı?
İqtisadçı Rəşad Həsənov bildirdi ki, sığorta limitinin tətbiq edilməsi heç yaxşı nəticə verməz: "Şərtlər onu göstərir ki, əslində bu sənədin vaxtını uzatmaq lazımdır. Çünki faktiki olaraq bank sektorunda mövcud olan risklər qalmaqdadır. Xüsusilə də koronovirusun yaratdığı mühitin yeni çağırışlarını nəzərə almalıyıq. Amma daha çox da hazırda "Atabank” da müşahidə edilən vəziyyəti göz önündə saxlamalıyıq. Çünki bu bankla bağlı ciddi narazılıqlar var və bunun da ictimailəşməsi bank sektorunda depozitlərin və əmanətlərin kütləvi şəkildə geri çəkilməsinə səbəb ola bilər. Bunun da üzərinə sığorta limitinin tətbiq edilməsi heç yaxşı nəticə verməz. İndi bildiyimiz kimi yalnız faizlərə limit tətbiq edilir, məbləğə limit tətbiq edilmir. Əgər edilərsə, bu zaman vəsaitlərin əhəmiyyətli bir qismi bank sahəsindən uzaqlaşacaq. Bunu da nəzərə almaq lazımdır ki, indiki şərtlər bank sektoru üçün heç də arzulanan mühit deyil. Çünki 2015-ci ildə əmanətlərin həcmi 9.5 milyard idi, indi isə 8.7 milyard ətrafındadır. Yəni görünən odur ki, həmin dövrdəki bankalara inam hələ də tam bərpa edilməyib. Belə bir vəziyyətdə,banklarda olan əmanətlərin də geri çəkilməsi və iqtisadiyyatdan kənar saxlanılması həm bank sektoru, həm vətəndaşlar, həm də ölkə iqtisadiyyatı üçün sərfəli deyil. Qısası, əmanətlərin sığortalanmasına limitlər tətbiq edilərsə, bu, heç də arzu olunan bir vəziyyət yaratmayacaqdır. Nəticə etibarı ilə növbəti dövrlərdə banklarda olan əmanətlərin həcmində ciddi azalmalar müşahidə ediləcək. Ona görə də, düşünürəm ki, sərəncamın vaxtının uzadılması daha məqsədəuyğundur”. İqtisadçı Ramin Rəhimov qeyd etdi ki, əmanətlərin sığortalanması ilə bağlı dəyişiklik bir neçə il əvvəl devalvasiyanın mənfi nəticələrini aradan qaldırmaq üçün atılmış bir addım idi: "2016-cı ildə devalvasiyanın təsirlərini yumşaltmaq üçün əmanətlərin sığortalanması ilə bağlı qanuna 3 il müddətlik dəyişiklik edildi. Keçən il də bu müddət 1 illik, yəni 2020-ci ilin mart ayına qədər uzadıldı. Hazırda belə sual yaranır ki, növbəti mərhələdə bu sərəncamın vaxtının uzadılması və ya uzadılmamağı bizə nə verəcək? Əslində, uzadılmağı ilə bağlı hər hansı iqtisadi fundamental əsas yoxdur. Çünki son iki ildə görürük ki, manatın xarici valyuta üzərində münasibətində sabitlik qeyd olunur. Yəni iqtisadiyyat həmin tənəzzül dövründən çıxıb. Həmçinin ötən müddətdə əhalinin banklara olan inamı bərpa olunub. Ola bilər ki, bəzi nüanslar olsun, amma bunlar ümumi vəziyyəti dəyişmir. Digər tərəfdən Mərkəzi Bank da yumşaq monetar siyasət həyata keçirir. Yəni uçot dərəcəsi aşağı endirilir, inflyasiya isə qeyd edilən hədd səviyyəsindədir. Bütün bunları nəzərə alaraq demək olar ki, əmanətlərin tam məbləğdə sığortalanması prosesini dayandırmaq lazımdır”.

Günel Azadı





banner

Oxşar Xəbərlər