• cümə axşamı, 25 aprel, 18:42
  • Baku Bakı 21°C

Əmanətə xəyanət təhlükəsi

16.09.14 14:52 1297
Əmanətə xəyanət təhlükəsi
Sığortalanmayan əmanətlərin həcmi getdikcə artır. Bunun əsas səbəbi isə bankların vətəndaşları yetərincə məlumatlandırmamasıdır. Bakı sakini Kəmaləddin Səmədov deyir ki, bu günlərdə əmanət şərtlərilə maraqlanmaq üçün bir neçə bankda olub: “Hamısında əmanət haqda, onun faizi haqda məlumat verirlər, amma birində də özüm maraqlanmasam demədilər ki, əmanət sığortalanır, ya yox”.
Qeyd edək ki, bu ilin II rübündə fiziki şəxslər tərəfindən banklara qoyulan əmanətlərin (6,3 mlrd. manat) 45,2%-ni (2,87 mlrd. manat) qorunmayan əmanətlər, 54,8%-ni (3,47 mlrd. manat) isə qorunan əmanətlər təşkil edib. Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, kompensasiya olunan əmanətlər 1 931 mln. manat olub ki, bu da qorunan əmanətlərin 55,0%-ni təşkil edir. Fonda üzv banklar tərəfindən 6 073 126 əmanətçiyə xidmət göstərilir. Onların 5 504 255 nəfəri (91%) qorunan əmanətçidir. Fondun iştirakçısı olan bankların sayı 42-dir.
Onu da bildirək ki, bu ilin mayından etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faizdən 9 faizə endirilib və bu tarixdən üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmayan əmanət hesab edilir. Lakin bir sıra bankların əmanət məhsullarının reklamında bu şərtlər əksini ya tapmır, ya da yarımçıq tapır. K.Səmədov deyir ki, əmanət broşurlarının birində 11-12 faizlə əmanət yerləşdirməyin üstünlükləri qeyd olunur, lakin bu əmanətlərin sığortalanmadığı bildirilmir: “Broşurun altında isə bankın ƏSF-ə üzv olduğu qeyd edilir. Eləcə də reklam çarxlarında bu barədə heç bir məlumat verilmir. Heç bank işçiləri də vətəndaşlara bu barədə məlumat vermirlər. Əmanətin sığortalanıb-sığortalanmadığı haqda müştəriyə yalnız o halda məlumat verilir ki, bununla o, özü maraqlansın”.
Qeyd edək ki, əmanətlərin sığortalanması eyniadlı qanuna əsasən həyata keçirilir. Sığortalanmış əmanət əmanətin elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur. Əmanətçiyə ödənilən kompensasiyanın məbləği fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmayaraq müəyyənləşdirilir. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, əmanətin məbləği və faizlər yuxarıda göstərilən kompensasiya məbləğindən artıq olmasın.
İştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarlarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Mərkəzi Bank tərəfindən təsdiq edilməsi sığorta hadisəsi sayılır.
Qeyd edək ki, 2014-cü il yanvarın 1-dən Mərkəzi Bankın banklara qarşı məcmu kapital tələbilə bağlı qərarı qüvvəyə minir. Belə ki, həmin tarixə məcmu kapitalı 50 milyon manata çatmayan banklar ya bağlanmalı, ya bank olmayan kredit təşkilatına çevrilməli, ya da digər banklarla birləşməlidir. Ekspert hesablamalarına əsasən, qərarın qüvvəyə minməsi nəticəsində azı 5-6 bank sıradan çıxacaq. Məcmu kapitalını tələb olunan səviyyəyə çatdıracaqları şübhə doğuran bankların sonrakı taleyilə bərabər, onlara yatırılan əmanətlərin də taleyi sual altındadır. Üstəlik, iqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, sığortalanan əmanətlərin də heç də hamısı təhlükədən sovuşmayıb: “2014-ci ilin II rübündə əmanətlərin həcmi 6,3 milyard manat olub. Bunların 45,2%-i, yəni 2,87 milyard manatı qorunmur. Çünki illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilib. Nəticədə cəmi 3,47 mlrd. manat qorunur. Məsələ ondadır ki, əmanətin qorunması heç də onun tam qaytarılması demək deyil. Onların yalnız 55%-i qaytarıla bilər. Əmanətin tam qaytarılması üçün onun faizlə birgə məbləği 30000 manatdan çox olmamalıdır. Qorunan əmanətlərin isə müəyyən hissəsi bu məbləğdən çoxdur. Kompensasiya olunan əmanətlərin həcmi 1,9 milyard manat olsa da, bunun 1,6 milyard manatı qaytarıla bilən əmanət hesab edilir. Bir sözlə, təxminən 4,5 milyard manatlıq əmanətin taleyinə zəmanət yoxdur və onları bankın gələcək taleyi həll edir”.
S.Əliyevin sözlərinə görə, bank işçisinin müştəriyə əmanətin sığortalanıb-sığortalanmaması haqda məlumat verməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur: “Bəlkə bu da bir boşluqdur qanunvericilikdə. Bütün məsuliyyət müştərinin üzərinə düşür ki, müştəri müqaviləni oxumalıdır. Müqavilədə bu hal göstərilməlidir ki, yatırılan əmanət sığortalanır, ya yox. Göstərilməsə bank məsuliyyət daşıyır”.
Ekspert qeyd etdi ki, təxminən 10-a yaxın bank məcmu kapital tələbinə cavab vermək iqtidarında deyil: “Azı 5-6 bankın bağlanması qaçılmazdır. Bunlar ya başqa bankla birləşməlidir, ya bank olmayan kredit təşkilatına (BOKT) çevrilməlidir, ya da bazarı ümumiyyətlə tərk etməlidir. Aydın məsələdir ki, birləşəndə problem olmayacaq, amma bağlansa və BOKT-a çevrilsə, o zaman əmanətlərin qaytarılması məsələsi ortaya çıxacaq. ”
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər