• çərşənbə, 24 Aprel, 04:45
  • Baku Bakı 14°C

Əmanət bazarı dəyişəcək, kredit bazarı isə...

20.05.14 11:33 1537
Əmanət bazarı dəyişəcək, kredit bazarı isə...
Əmanətlərin Sığortalanması Fondu mayın 19-dan etibarən banklarda yerləşdirilən əmanətlərin sığortalanan hissəsi üzrə faiz dərəcələrini 1 bənd endirib. Bununla da, illik faiz dərəcəsi 9%-dən çox olan əmanətlər sığortalanmayacaq. Fondun addımının bazara təsirini aydınlaşdırmağa çalışan iqtisadçı ekspert Samir Əliyev deyir ki, bu, ölkə üzrə əmanətlərin orta faiz dərəcəsinin azalmasını stimullaşdıracaq: “Bu situasiyadan yararlanan iri banklar faizləri aşağı salacaqlar, kiçik banklar da məcbur olub böyük bankların ardınca gedəcəklər. Əmanətlərin ucuzlaşması da öz növbəsində, kreditlərin faiz dərəcəsinə az da olsa təsir göstərəcək. Çünki bankların kredit portfelinin təxminən yarısı əmanətlərin hesabına formalaşır və əmanətlərlə kreditlərin faiz dərəcəsində asılılıq var. Elə banklar var ki, bu göstərici 70-80 faiz təşkil edir. Deməli, cəlb edilən resursun ucuzlaşması belə bankların kredit təklifində daha qabarıq görünəcək”.
Qeyd edək ki, ölkə üzrə əmanətlərin orta faiz dərəcəsi 10%-ə yaxındır. İri banklarda bu göstərici daha az - 8%-ə bərabərdir. Kiçik banklarda isə hətta 13-14%-ə çatır. Ekspert hesab edir ki, fondun bu addımından sonra orta faiz dərəcəsi bazarda böyük ehtimalla 9-9,5%-ə düşəcək: “Fondun son addımları kredit bazarında cüzi ucuzlaşma yaratsa da, əmanət bazarının artım tempini zəiflədəcək. Son illərin statistik məlumatlarının təhlili əmanət qoyuluşunda artım tempində yavaşımanı göstərir. 2010-cu ildə əmanət qoyuluşu 30%, 2011-ci ildə 36%, 2012-ci ildə 24,1%, 2013-cü ildə 25,1% artıb. 2012-ci ildə Mərkəzi Bankın bankların məcmu kapitalına dair tətbiq etdiyi tələbi 10 milyondan 50 milyon manata qaldırması, onun ardınca 2013-cü ilin avqustundan etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 12%-dən 10%-ə endirilməsi əmanət bazarına mənfi təsir göstərib. Bankların taleyi ilə bağlı qeyri-müəyyənlik əmanətçiləri maksimum ehtiyatlılığa sövq edib və onları gözləmə mövqeyinə çəkib.
Bütün bu baş verənlərin təhlili göstərir ki, yaxın dövrlərdə əmanət bazarında durğunluq yarana bilər. Artıq bunu şərtləndirən amillər də var. 2014-cü ildə də əmanət bazarını məhdudlaşdıran addımlar atılır. Bir tərəfdən Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlərin faizlərini aşağı saldı. Bu, bazarda əmanət faizlərini azaldan səbəbdir. Digər tərəfdən, Mərkəzi Bankın məcmu kapitala dair tələbi 2014-cü ilin sonu bitəcək. Deməli, ilin sonuna qədər bankların bağlanma təzyiqi altında olması, xüsusən də 6 bankın bağlanma prosesində olması əmanətçiləri də gərginlikdə saxlayacaq. Ölkənin 15 ən böyük bankından biri olan “Bank of Azerbaijan”ın düşdüyü vəziyyət bank sektorunda gərginliyi daha da artırır. Təbii ki, baş verən prosesləri yaxından izləyən əhali gözləmə mövqeyinə üstünlük verəcək və prosesin aydınlaşmasını gözləyəcəklər. Üstəgəl, bu ilin sonu əmanət qoyuluşundan əldə edilən gəlirə tətbiq edilən güzəştin müddəti bitir. Məlum olduğu kimi, uzun müddət idi ki, əmanət faizlərindən vergi tutulmurdu və bu, əhalinin gəlirini artırırdı. Hökumətin bu güzəşti növbəti dəfə uzatması ehtimalı azdır. Yəni “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanun qüvvədən düşdükdə 2015-ci ildən başlayaraq əmanət faizlərindən gəlir vergisi tutulacaq. Bütün bunlar əmanətlərdən qazancları və əmanət qoyuluşunun cəlbediciliyini azaldır”.
S.Əliyevin sözlərinə görə, bu gün insanlar var ki, böyük həcmdə vəsaiti banka yatızdırmaqla əldə edilən faizlər hesabına aylıq xərclərini qarşılayır. Faizlərin azaldılması həmin şəxslərin aylıq gəlirlərini azaldacaq: “Üstəgəl, bəzi bankların bağlanması təhlükəsi vətəndaşları banka yatırılan əmanətin həcmini 30 min manat həddində limitləşdirməyə və ya pullarını az faiz təklif edən banklara transfer etməyə vadar edir”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, sığortalanan əmanətlər üzrə faizləri aşağı endirməsini müsbət addım kimi qiymətləndirmək olar: “Amma problem ondadır ki, sığortalanan əmanətlər üzrə faiz dərəcələri aşağı düşsə də, kredit faizləri yerindən tərpənmir. Ötən ilin avqustunda sığortalanan əmanət faizləri 12 faizdən 10 faizədək aşağı salındı. Amma bu addım hələ də kredit bazarına təsir göstərməyib. Belə görünür ki, əmanətlər üzrə faiz dərəcələrinin aşağı düşməsindən qazanan banklardır: onların pulu aşağı faizlə alınır, yüksək faizlə isə kredit formasında təklif edilir. Deməli, Mərkəzi Bank sığortalanan əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı qərarın kredit bazarına real və potensial təsirlərinin qiymətləndirilməsi üçün risk-analiz aparmalı və buna uyğun banklar üçün tövsiyələr hazırlamalıdır”.
Ekspert deyir ki, sığortalanan əmanət faizlərinin yüksək olması bank kreditləri üzrə faiz dərəcələrini ağırlaşdıran əsas səbəblərdən biridir: “Hazırda kommersiya banklarının əksəriyyəti hələ də ucuz kampaniya apararaq əhaliyə yüksək faizlə əmanət yerləşdirməyi təklif edirlər. Bu isə sonradan vətəndaşlar üçün müəyyən problemlər yaradır. Eyni zamanda Mərkəzi Bankın kommersiya banklarına əmanətlər üzrə təklif etdikləri faiz dərəcələrini Əmanətlərin Sığortalanması Fondunun faiz dərəcəsinə uyğunlaşdırmalarını tövsiyə etməsi də vacibdir. Çünki fondun müəyyənləşdirdiyi faiz dərəcəsindən yüksək faizlər təklif edən kommersiya bankları müflis olduğu halda oradakı əmanətləri qaytarmaq mümkün olmayacaq. Faizlər endirildikdən sonra daha çox əmanət cəlb etmək üçün kampaniya aparan kommersiya bankları öz faiz dərəcələrini fondun faiz dərəcələrinə uyğunlaşdırmazlarsa, həmin banklardakı əmanətlərin bir hissəsinin geri qaytarılma və ya batma riski artacaq. Beləliklə, Mərkəzi Bankın prosesə daha yaxından müdaxilə etməsinə ehtiyac yaranacaq”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər