Elxan Rəcəbli cüdodan getdi

Elxan Rəcəbli cüdodan getdi

İdman
30 Oktyabr 2012, 16:05 2409
Azərbaycan millisinin cüdoçusu Elxan Rəcəbli karyerasını başa vurub. Bu barədə apasport.az saytına 32 yaşlı idmançının özü məlumat verib. Dünya çempionatının, dünya kubokunun və Qran-prinin müxtəlif mükafatlarına sahib olan Rəcəbli bunu yaş amili ilə əlaqələndirib. Çünki 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək növbəti Olimpiadada onun 36 yaşı olacaq, həmin vaxt isə tatamiyə çıxmaq asan deyil.
Bundan əlavə, Elxanın yarışdığı 81 kq çəki dərəcəsində Olimpiya çempionumuz Elnur Məmmədli mübarizə aparır və məhz onun yaxşı döyüşü E.Rəcəblinin London Olimpiadasına yollanmasına əngəl olmuşdu.
Elxan gələcək karyerasına da aydınlıq gətirib: “Artıq idmançı karyeramı bitirməyimlə bağlı qərar vermişəm. Lakin bu, o demək deyil ki, idmanda gedəcəyəm. Məşqçiliyə başlayacağam. Bunun üçün ola bilsin kurslara da qatılam. Bu sahədə necə olacağımı isə zaman göstərəcək”.
Qeyd edək ki, E.Rəcəblinin 2004-cü ildə Afina Olimpiadasına yollanmaq şansı olsa da, həmin vaxt məşqçilər korpusu Mehman Əzizova bel bağlamışdı.