Əlverişli olmadı hava, oldu meyvə baha
Yay
fəslinin gəlişi ilə insanların meyvə-tərəvəzə olan tələbatı artır. Daha çox
meyvə yemək və daha çox vitamin qəbul etmək istəyirlər. Lakin bazarlardakı
vəziyyət heç də ürəkaçan deyil. Meyvə mövsümünün uzun müddətdir ki, başlamasına
baxmayaraq, qiymətlərdə ucuzlaşma hiss olunmur. İnsanlar bu il meyvənin
qıtlığından və qiymətindən çox narazıdırlar. Əsasən də, ərik, gilas, alça kimi
meyvələrin qiyməti çox bahadır. Maraqlıdır, hazırkı vəziyyət nə qədər davam
edəcək və bu bahalığın səbəbi nədir?
Kənd təsərrüfatı üzrə ekspert
Nicat Nəsirli bildirdi ki, tələbat artdıqca, qiymət də artır: "Gərək mövsümün gedişini nəzərə
alıb meyvə-tərəvəzin qiymətindən danışaq. Hazırda əsasən 3 meyvə - ərik, gilas,
alçanın qiyməti bazarda dominantlıq edir. İyulun əvvəllərinə qədər bu
meyvələrin yığım dövrüdür. İyuldan sonra başqa məhsulların yığımı başlayacaq.
Bu meyvələrin qiymətləri müxtəlifdir. Bildiyim qədəri ilə gilasın bazarda
qiyməti 7-10 manat arası dəyişir və insanların fikrincə, bahadır. Amma bu
bahalığa təsir edən faktorlar var. Azərbaycanda bir ildə təxminən 360.000 ton
gilas, 269.000 ton ərik, 100.000 ton albalı istehsal olunur. Çox təəssüf ki, bu
meyvələrin məhsulvermə dövrü azdır. Həm də bu il qışda çiçəkləmə dövründə
yağışın, ardınca da dolunun yağması məhsuldarlığa mənfi təsir etdi. Keçən il
gilas bağının 1 hektarından 8-12 ton məhsul yığılırdısa, bu il real göstərici
4-5 tondur. Eyni situasiya əriyə də aiddir. Bir də burada tələbat məsələsi var.
Gilas və ərik elə meyvələrdir ki, mövsüm başlayan kimi həm daxili, həm də
xarici bazarda böyük tələbat olur. Bildiyim qədəri ilə bu meyvələr həm də ixrac
edilir. İstər-istəməz, bunun da qiymətə təsiri olur. Digər tərəfdən xanımlar
qışa hazırlıq məqsədi ilə meyvələrdən mürəbbə hazırlayırlar. Bu da tələbatı
artırır və qiymətdə özünü göstərir”.
Kənd Təsərrüfatı
üzrə ekspert Qadir Bayramlı ilin əvvəlindən
hava şəraitinin kənd təsərrüfatı üçün elə də əlverişli olmadığını deyir:
"Kənd təsərrüfatı sahəsi nəqliyyat, sənaye kimi deyil. Birbaşa olaraq
iqlim şəraitindən asılıdır. Belə kəskin iqlim dəyişikliyi bəzi bölgələrimizdə
həm məhsulun həcminə, həm də keyfiyyətinə mənfi təsir edir. İqlim
dəyişiklikləri zamanı kənd təsərrüfatı məhsullarını qorumaq üçün xüsusi
aqrotexniki tədbirlər görmək lazımdır.İqlim şəraitindən başqa, məhsulun birbaşa
bazara girə bilməməyi də qiymət artımına səbəb olur. Yəni kəndli məhsulunu
birbaşa bazara gətirib sata bilmir, arada vasitəçilər olur. Beləcə,
vasitəçilərin də iştirakı ilə qiymət bir qədər də artır. Təklif edirəm ki,
istehsalçıların, məhsullarını rahat sata biləcəyi, şəffaflığın təmin olunacağı
yeni bazarlar yaradılsın. Həmçinin onu da qeyd edim ki, ümumiyyətlə, bütün kənd
təsərrüfatı məhsullarının bol olması üçün aqrosığorta məsələsi inkişaf
etdirilməlidir. Məsələn, bu il hava şəraitindən asılı olaraq, məhsulu –
çiyələyi, pomidoru, xiyarı xarab olan fermer, gəlin il yenidən məhsul əkməyə
tərəddüd edəcək və beləcə, qıtlıq yaranacaq. Bu da növbəti ildə kənd
təsərrüfatı məhsullarının bahalaşmasına şərait yaradacaq. Amma fermer bilsə ki,
onun sığortası var, məhsulu xarab olsa belə, ona pul ödəniləcək, bu zaman
tərəddüd etmədən növbəti il də əkər”.
İqtisadçı ekspert
Pərviz Heydərov hazırda bazarda
təklifin tələbi ödəmədiyini bildirir: "Mart, aprel aylarında olan anomal iqlim
şəraiti məhsuldarlığın həcminə ciddi ziyan verdi. Elə həmin dövrdən bəlli idi
ki, bu il yay aylarında bazarlarda qıtlıq və qiymət artımı müşahidə ediləcək.
Ona görə də, hazırkı real mənzərə həm tələbatın yüksək olmasının, həm də hava
şəraitinin pis keçməsinin nəticəsidir. Bunun qarşısını almaq üçün isə ya
xaricdən meyvə idxalına şərait yaratmalıyıq, ya da vəziyyətlə barışmalıyıq.
Yəni burada başqa səbəb axtarmaq lazım deyil. Tək səbəb, hava şəraitindən asılı
olaraq təklifin tələbi ödəyə bilməməyidir”.
Günel