• çərşənbə axşamı, 16 aprel, 09:51
  • Baku Bakı 14°C

“Çəltikçiliyin inkişafı üçün hər bir şərait var”

07.09.17 11:00 1609
“Çəltikçiliyin inkişafı üçün hər bir şərait var”
Prezidentİlham Əliyevin sədrliyi ilə bu günlərdə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Müşavirədə toxunulan əsas məsələlərdən biri çəltikçiliyin inkişafı ilə bağı olub.

Prezident müşavirədə bu sahə ilə bağlı bəzi vacib məqamları vurğulayıb: "991-ci ildə - müstəqilliyin ilk ilində 1000 hektarda çəltik əkilmişdisə, 2016-cı ildə bu, 2500 hektara çatmışdır və 5600 ton çəltik yığılmışdır. Bu il isə 5 min hektarda çəltik əkilib. Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib. Bu, çox müsbət haldır. Yenə də qeyd etməliyəm ki, fermerlər tərəfindən bu sahəyə çox böyük maraq var. Əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə idisə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb. Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür - həm səpin, həm də yığım vaxtı. Ona görə, indi texnika gətirilib. Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə də mütləq baxmalıyıq. Əkin sahələrinin su təminatı əlbəttə ki, çox vacibdir. Əfsuslar olsun ki, bu gün bizdə istifadəsiz olan, su altında qalan sahələr, bataqlıq sahələri var. Onlardan da çəltikçiliyin inkişafı üçün istifadə edilməlidir. Toxumçuluğa da fikir verilməlidir. Çəltikçiliyin inkişafı üçün də güzəştli şərtlərlə kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır. Keçən il ölkəmizə 48 min ton düyü idxal edilmişdir və xaricə 37 milyon dollar getmişdir”.

Dövlət başçısı qeyd edib ki, çayçılıqdan fərqli olaraq, çəltikçilik son illər ərzində sürətlə inkişaf edib: "Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə fermerlər tərəfindən də böyük maraq var. Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə olaraq, dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici edə bilər. Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik. Hər bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalıdır. Çəltikçiliyin inkişafına gəldikdə, qeyd etməliyəm ki, Azərbaycanın 12 rayonunda çəltikçilik inkişaf edir. Çıxışlarda səslənən təkliflərdən biri də ondan ibarətdir ki, dövlət dəstəyi hesabına yeni emal müəssisələri yaradılsın. Mən bunu dəstəkləyirəm. Bu emal müəssisələrində əlbəttə ki, həm çeşidləmə, həm keyfiyyət və həm də paketləmə üzrə ən yüksək texnologiya tətbiq edilməlidir. Paketləmə elə səviyyədə olmalıdır ki, düyünü dünyanın istənilən ölkəsinə ixrac edə bilək. Bu sahəyə də diqqət göstərilməlidir”.


Azərbaycan Dövlət İqtisad Universitetinin dosentiQadir Bayramlınınsözlərinə görə, çəltikçilik Azərbaycanda uzun müddət ənənəvi kənd təsərrüfatı sahələrindən biri olub və bu sahədə zəngin təcrübə mövcuddur: "Əvvəllər Azərbaycanda çəltiyin yüzdən çox sortu yetişdirilsə də, sovet dövründə müəyyən bölgələrimizdə bu sahə demək olar ki, unuduldu. Bu gün sözügedən sahənin dirçəldilməsinə dövlət dəstəyi artırılır. Əlbəttə, bu mütərəqqi bir təşəbbüsdür və yalnız alqışlana bilər. Çəltik həm ərzaq təhlükəsizliyi, həm də faydalılıq baxımından çox vacibdir. Çəltik həm də əvəzolunmaz qida vasitələrindən biridir. Lakin digər bitkilərdən fərqli olaraq çəltik yetişdirmə dönəmində bitkinin kökü mütləq suda olmalıdır. Yalnız məhsul yığımı vaxtı həmin sahələr qurudulur və biçilir. Hazırda Azərbaycanda 25-30-a yaxın rayonda bu sahənin inkişafı üçün əlverişli şərait var. Çəltikçiliyin dirçəldilməsi üçün infrastruktur yenilənməsi əsas məsələlərdən biridir. Bu baxımdan dayanıqlı su təminatı çox mühümdür. Çəltikçilik sahəsi həm də kənd təsərrüfatının ən gəlirli qollarından biri hesab olunur. Ona görə də məhsulun gəlirliyini artırmaq üçün müəyyən işlər görülməli, bu işdə dünya təcrübəsinə müraciət edilməlidir. Həmçinin yaxşı olardı ki, elmi-tədqiqat işləri də aparılsın. Dövlətin bu təşəbbüsü yerlərdə icra olunarsa, yaxın perspektivdə Azərbaycan çəltik ixracına da başlaya bilər. Bildiyiniz kimi, hər il böyük miqdarda valyuta xərcləyərək ölkəyə çəltik idxal edilir. Lakin bölgələrdə çəltikçiliyin inkişafı təmin edildikdən sonra məhsulun qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq. Bu gün marketlərdə satılan bir çox düyülərin üzərində etiket olsa da, onların əksəriyyətinin mənşəyi məlum deyil. Bu düyülərin hansı şəkildə hazırlanması və istifadə müddəti haqqında məlumat yoxdur. Əgər bu işlər kompleks şəkildə həyata keçirilərsə, Azərbaycan öz tələbatını ödəyə bilər”.

Millət vəkili Tahir Mirkişili deyir ki, çəltiklikçilik çox gəlirli sahədir: "1 hektar çəltik əkinindən əldə edilən məhsulun satılmasından orta hesabla 3000 manat gəlir əldə etmək mümkündür. Keçən il Azərbaycanda fermerler çəltik əkinindən orta hesabla 8200 man gəlir əldə ediblər. Bu onu deməyə əsas verir ki, çəltikçilik sahəsinin kommersiyalaşma dəyəri xeyli yüksəkdir. Yeni texnologiyaların və innovativ yanaşmanın tətbiqi fiziki əməyi azaldaraq, məhsuldarlığı artırır ki, bu da sahəni daha da cəlbedici edir. Azərbaycanda çəltikçiliyin qədim ənənələri var, öz düyü sortlarımız var. Artıq dövlət dəstəyi ilə bu sahənin inkişafına daha da böyük təkan veriləcək”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər