“Çəltikçiliyin inkişafı üçün hər bir şərait var”
Prezidentİlham
Əliyevin sədrliyi ilə bu günlərdə Lənkəranda çay, çəltik və sitrus meyvələri
istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
Müşavirədə toxunulan əsas məsələlərdən biri çəltikçiliyin inkişafı
ilə bağı olub.
Prezident müşavirədə
bu sahə ilə bağlı bəzi vacib məqamları vurğulayıb: "991-ci ildə - müstəqilliyin
ilk ilində 1000 hektarda çəltik əkilmişdisə, 2016-cı ildə bu, 2500 hektara
çatmışdır və 5600 ton çəltik yığılmışdır. Bu il isə 5 min hektarda çəltik əkilib.
Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib. Bu, çox
müsbət haldır. Yenə də qeyd etməliyəm ki, fermerlər tərəfindən bu sahəyə çox
böyük maraq var. Əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə idisə,
insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam
avtomatlaşdırılıb. Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni
texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də
mümkündür - həm səpin, həm də yığım vaxtı. Ona görə, indi texnika gətirilib.
Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə
də mütləq baxmalıyıq. Əkin sahələrinin su təminatı əlbəttə ki, çox vacibdir. Əfsuslar
olsun ki, bu gün bizdə istifadəsiz olan, su altında qalan sahələr, bataqlıq sahələri
var. Onlardan da çəltikçiliyin inkişafı üçün istifadə edilməlidir. Toxumçuluğa
da fikir verilməlidir. Çəltikçiliyin inkişafı üçün də güzəştli şərtlərlə
kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır.
Keçən il ölkəmizə 48 min ton düyü idxal edilmişdir və xaricə 37 milyon dollar
getmişdir”.
Dövlət
başçısı qeyd edib ki, çayçılıqdan fərqli olaraq, çəltikçilik son illər ərzində
sürətlə inkişaf edib: "Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə
fermerlər tərəfindən də böyük maraq var. Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə
olaraq, dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici
edə bilər. Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik. Hər
bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalıdır. Çəltikçiliyin
inkişafına gəldikdə, qeyd etməliyəm ki, Azərbaycanın 12 rayonunda çəltikçilik
inkişaf edir. Çıxışlarda səslənən təkliflərdən biri də ondan ibarətdir ki, dövlət
dəstəyi hesabına yeni emal müəssisələri yaradılsın. Mən bunu dəstəkləyirəm. Bu
emal müəssisələrində əlbəttə ki, həm çeşidləmə, həm keyfiyyət və həm də paketləmə
üzrə ən yüksək texnologiya tətbiq edilməlidir. Paketləmə elə səviyyədə
olmalıdır ki, düyünü dünyanın istənilən ölkəsinə ixrac edə bilək. Bu sahəyə də
diqqət göstərilməlidir”.
Azərbaycan Dövlət
İqtisad Universitetinin dosentiQadir Bayramlınınsözlərinə görə, çəltikçilik Azərbaycanda uzun müddət ənənəvi
kənd təsərrüfatı sahələrindən biri olub və bu sahədə zəngin təcrübə mövcuddur:
"Əvvəllər Azərbaycanda çəltiyin yüzdən çox sortu yetişdirilsə də, sovet dövründə
müəyyən bölgələrimizdə bu sahə demək olar ki, unuduldu. Bu gün sözügedən sahənin
dirçəldilməsinə dövlət dəstəyi artırılır. Əlbəttə, bu mütərəqqi bir təşəbbüsdür
və yalnız alqışlana bilər. Çəltik həm ərzaq təhlükəsizliyi, həm də faydalılıq
baxımından çox vacibdir. Çəltik həm də əvəzolunmaz qida vasitələrindən biridir.
Lakin digər bitkilərdən fərqli olaraq çəltik yetişdirmə dönəmində bitkinin kökü
mütləq suda olmalıdır. Yalnız məhsul yığımı vaxtı həmin sahələr qurudulur və
biçilir. Hazırda Azərbaycanda 25-30-a yaxın rayonda bu sahənin inkişafı üçün əlverişli
şərait var. Çəltikçiliyin dirçəldilməsi üçün infrastruktur yenilənməsi əsas məsələlərdən
biridir. Bu baxımdan dayanıqlı su təminatı çox mühümdür. Çəltikçilik sahəsi həm
də kənd təsərrüfatının ən gəlirli qollarından biri hesab olunur. Ona görə də məhsulun
gəlirliyini artırmaq üçün müəyyən işlər görülməli, bu işdə dünya təcrübəsinə
müraciət edilməlidir. Həmçinin yaxşı olardı ki, elmi-tədqiqat işləri də
aparılsın. Dövlətin bu təşəbbüsü yerlərdə icra olunarsa, yaxın perspektivdə Azərbaycan
çəltik ixracına da başlaya bilər. Bildiyiniz kimi, hər il böyük miqdarda
valyuta xərcləyərək ölkəyə çəltik idxal edilir. Lakin bölgələrdə çəltikçiliyin
inkişafı təmin edildikdən sonra məhsulun qiymətinin ucuzlaşmasına gətirib
çıxaracaq. Bu gün marketlərdə satılan bir çox düyülərin üzərində etiket olsa da,
onların əksəriyyətinin mənşəyi məlum deyil. Bu düyülərin hansı şəkildə
hazırlanması və istifadə müddəti haqqında məlumat yoxdur. Əgər bu işlər
kompleks şəkildə həyata keçirilərsə, Azərbaycan öz tələbatını ödəyə bilər”.
Millət vəkili Tahir Mirkişili deyir ki, çəltiklikçilik
çox gəlirli sahədir: "1 hektar çəltik əkinindən əldə edilən məhsulun
satılmasından orta hesabla 3000 manat gəlir əldə etmək mümkündür. Keçən il Azərbaycanda
fermerler çəltik əkinindən orta hesabla 8200 man gəlir əldə ediblər. Bu onu deməyə
əsas verir ki, çəltikçilik sahəsinin kommersiyalaşma dəyəri xeyli yüksəkdir.
Yeni texnologiyaların və innovativ yanaşmanın tətbiqi fiziki əməyi azaldaraq, məhsuldarlığı
artırır ki, bu da sahəni daha da cəlbedici edir. Azərbaycanda çəltikçiliyin qədim
ənənələri var, öz düyü sortlarımız var. Artıq dövlət dəstəyi ilə bu sahənin
inkişafına daha da böyük təkan veriləcək”.
Şəbnəm Mehdizadə