AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Elşad Abdullayev ona mirzəlik edənlərin adlarını niyə açıqlamır?

Elşad Abdullayev ona mirzəlik edənlərin adlarını niyə açıqlamır?

Cəmiyyət
08 Fevral 2013, 09:33 1505
Bir müddətdir gündəmi yaydığı videolarla məşğul edən fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işində jurnalistlərin də adı hallanmağa başlayıb. Əvvəllər «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili ilə görüşünün videosunu yayan sabiq rektorun daha bir neçə qələm adamı ilə birgə görüntlürəninin olduğu barədə anonslar verilməkdədir. Bununla bağlı «Təzadlar» qəzetinə açıqlamasında sabiq rektorun vəkili Aslan İsmayılov da bildirib. Amma o, videoların hamısını yayımlamaq fikrində olmadıqlarını deyib.

Hazırda Fransada E.Abdullayevin ən yaxın adamlarından olan blogger Elnur Məcidli də eyni məzmunlu fikirlər səsləndirib. Onun sözlərinə görə, jurnalistlərlə bağlı bütün videoları açıqlamayacaqlar: “Hansı jurnalistin videosu bu cinayət işi ilə bağlıdırsa, həmin video da yayımlanacaq. Bilirsiniz ki, daha öncə ”Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin də iştirakçısı olduğu videonu yayımladıq. Çünki həmin videonun bu işə birbaşa aidiyyəti var idi ".

Maraqlıdır ki, E.Məcidli E.Abdullayevin işində daha bir jurnalistin adını çəkib. Bu, «Azadlıq» qəzetinin sabiq baş redaktoru Gündüz Tahirlidir.
Beləliklə, sabiq rektorun jurnalistlərlə əlaqələrinə dair məsələ yenidən aktuallaşıb. Əslində bundan əvvəl də bu barədə məlumatlar var idi. E.Abdullayevin mərhum Sevinc Babayeva ilə telefon danışığında da bununla bağlı konkret ifadələr yer almışdı. Hətta bu hadisələr baş verməmişdən əvvəl də E.Abdullayevin jurnalistlərlə sıcaq əlaqələrinə dair məlumatlar olub. Özü də əgər indi onun əməkdaşlıq etdiyi qəzetlər əsasən radikal müxalifəti təmsil edən media orqanlarıdırsa, bundan əvvəl əlaqədə olduğu jurnalistlərin əhatə dairəsi daha geniş olub.

Aydın məsələdir ki, hüquq və ictimai siyasi məzmunlu palaz-palaz yazıları yazmağa E.Abdullyev kimi adamın heç vaxt səviyyəsi çatmazdı. Təbii ki, bütün bu yazılar müəyyən ödəmələr nəticəsində hazır olurdu.

İndi sual meydana çıxır: Niyə görə E.Abdullayev ona mirzəlik edən jurnalistlərin adını çəkmir? Cavab kifayət qədər sadədir: çünki o vaxt onun yanında olan jurnalistlər E.Abdullayevin professor obrazını formalaşdırır, onu yalançı alim, dövlətçiliyə xidmət edən ziyalı kimi təqdim edirdilər. İndi pul alanlar isə onu dissident kimi təqdim etməyə çalışırlar. Belə olan halda sabiq rektor indiyə kimi əlaqədə olduğu, pul verdiyi bu tipli jurnalistlərin adlarını açıqlamaqda maraqlı görünmür.

Amma onu da vurğulamaq lazımdır ki, hər iki halda sabiq rektordan pul alan jurnalistlər loru dildə desək onu «lox» yerinə qoyublarmış. Deyilənlərə görə E.Abdullayevdən pul sağan jurnalistlərin böyük bir siyahısı var.
Mövzuya qayıdacağıq.
F.Qəhrəmanlı