“Elşad Abdullayev məndən 500 min dollar borc alıb”

“Elşad Abdullayev məndən 500 min dollar borc alıb”

Təfsilat
31 İyul 2013, 15:44 832
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədov şahid qismində ifadə verib. O, ifadəsində Arzu Kazımovu tanımadığını deyib: “Bir gün işdə olarkən zəng elədilər ki, aşağı düş, səninlə işimiz var. Mən də gəldim. Elşad mənə dedi ki, bir nəfərin ona borcu var. Pulun əvəzində torpaq sahəsi verir. Həmin torpağı da mənim adıma sənədləşdirmək istəyir. Bunun üçün də notariusa getdik və sənədləşmə oldu. Bundan başqa heç nədən xəbərim yoxdur”.

Daha sonra dövlət ittihamçısının , Arzu Kazımovun vəkili Ramiz Zeynalovun və hakimin suallarını cavablandıran H. Əhmədov Elşad Abdullayevlə münasibətinin yaxşı olduğunu bildirib: “Mənim Elşadla Arzu arasında olan söhbətlərdən xəbərim olmayıb. Mahirin məsələsi ilə bağlı Elşad Abdullayev məndən beş yüz min dollar borc alıb. Elşad qardaşının məsələsi ilə bağlı gördüyü işlər haqqında mənə heç bir söz deməyib. Lakin gərək vaxtında hər şeyi deyərdi. O zaman Mahirin itkin düşməsi bütün qohumları şoka salmışdı”.

H. Əhmədov ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini də bildirib.

Sonra prosesdə Elşad Abdullayevin sürücüsü işləmiş Şamil Hüseynov ifadə verib. Ş. Hüseynov Elşad Abdullayevlə Arzu Kazımovun tez-tez görüşdüklərini bildirib: “Görüş zamanı Mahirin itkin düşməsindən də danışırdılar. Lakin Elşadın Arzuya pul verdiyini görməmişəm”.

Arzu Kazımovun sürücüsü Ağalar Əliyev də ifadəsində Elşad Abdullayevin bir neçə dəfə Arzu Kazımovla görüşdüyün bildirib. Daha sonra proses iştirakçılarının suallarını cavablandıran A. Əliyev Zahid Dünyamalıyevin də Arzu Kazımovun ofisinə gəldiyinin şahidi olduğunu deyib.

Proses avqustun 7-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.