Elşad Abdullayev hansı jurnalistlərə pul verirdi?

Elşad Abdullayev hansı jurnalistlərə pul verirdi?

Müsahibə
28 Sentyabr 2012, 15:25 2341
Keçmiş Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev «youtube»da yerləşdirdiyi videoların birində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilini adam oğurluğunda ittiham edib. Asif Mərzili «Kaspi»yə müsahibəsində qalmaqalı video məsələsinə və sabiq rektorla münasibətlərinə aydınlıq gətirib.

- Asif müəllim, Təhsil Nazirliyi tərəfindən fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə sizin aranızda nə kimi münasibətlər mövcuddur?
- Mənim rəhbərlik etdiyim “Təzadlar” qəzetində vaxtıilə Elşad Abdullayevlə bağlı bir yazı dərc olunmuşdu. Həmin yazı çıxandan sonra sabiq rektorla bizim qəzet arasında problemlər yaşandı. O bizi məhkəməyə verdi və məhkəmə mənə bir il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsdi. Çox maraqlı idi ki, yazmadığım yazıya görə mən həbs olunurdum. Məni məhkəmə salonundan həbs etdilər və Bayıl həbsxanasına apardılar. Cənab prezident jurnalistin həbsinə çox sərt reaksiya vermişdi. Hüquq tarixində, Azərbaycan mətbuatı tarixində görünməmiş bir hadisə baş verdi. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə əvvəlki məhkəmənin hökmü ləğv olundu və mən 2 gün sonra azad edildim. Nəticə etibarı ilə ədalətsiz hökmü çıxarmış hakimlər cəzalandırıldılar. Bununla yanaşı, mənim barəmdə əsassız şikayət etmiş və həbsimə nail olmuş Elşad Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Universitetində yoxlamalar başladı və 2009-cu ildə Tələbə Qəbulu Komissiyasının qərarı ilə ABU-ya tələbə qəbulu dayandırıldı. Təhsil Nazirliyi yoxlamaların nəticəsində ABU-da korrupsiya hallarını, tələbə qəbulu qanunsuzluqları və sairi əsas götürərək lisenziyasını ləğv etdi. Bir müddət keçəndən sonra Elşad Abdullayev Fransaya getdi.
- Elşad Abdullayevin sizi, eləcə də qəzetinizi məhkəməyə verməsinə səbəb nə idi?
- Biz “Təzadlar” qəzetində gedən bir yazıda Elşad Abdullayevin qardaşı Mahirin nə üçün axtarılmadığını ictimailəşdirmişdik. Biz MTN-in əməkdaşı olan bir adamın birdən-birə yox olmasının səbəblərini araşdırmışdıq. Axı burda, hər hansı pis niyyət yoxdur. Elşad Abdullayev isə bizə dedi ki, “siz arı pətəyinə çöp uzatmısınız”, qardaşımın məsələsini ictimaiyyətin diqqətinə çatdırmısınız. O bizə sual da verirdi ki, siz nəyə görə mənim qardaşımın axtarılmadığını gündəmə gətirmisiniz. Biz də ona cavab olaraq bildirdik ki, siz məlumat verin, biz də yazaq, hansı axtarış gedib, nə kimi məsələlər müəyyənləşdirilib.
- İki gün öncə internetdə sizin, Elşad Abdullayevin və daha iki nəfərin də göründüyü 15 dəqiqəlik bir videorolik yayımlanıb. Həmin çəkiliş aparılan vaxt siz onunla nə məqsədlə görüşmüşdünüz?
- Youtube-da təqdim olunmuş həmin videodan mən bu yaxınlarda xəbər tutdum. O videonun çəkilməsi hardasa, 2010-cu ilin sonları 2011-ci ilin əvvəllərinə təsadüf edir. Elşad Abdullayev mənim həbsdən azad olduğumla barışa bilmirdi. İddiasından əl çəkmədi. Mənim övladım Bakı Dövlət Universitetində oxuyurdu. O da BDU-da bir semestr dərs demişdi. Övladımı imtahandan kəsə bilmirdi, başladı uşağın jurnal balını saxtalaşdırmağa. İstəyirdi ki, Boloniya sistemi ilə oğlumun balı 50-dən yuxarı keçməsin. Mən dəfələrlə bu barədə akademik Abel Məhərrəmova dedim. Sağ olsun, məsələyə səbrlə, ağsaqqalcasına yanaşdı və Elşad Abdullayevə dəfələrlə xəbərdarlıq etdi ki, bura ABU deyil, Bakı Dövlət Universitetidir, burada qayda-qanun hökm sürür. Yəni şəxsi intriqaları bura gətirmək olmaz. O yenə də iddiasından əl çəkmədi. Mən də axırda rəsmi ərizə ilə müraciət etdim ki, həmin jurnal balının yoxlanılması komissiya tərəfindən aşkarlansın. Komissiya yaradıldı, yoxlanıldı və məlum oldu ki, həqiqətən oğlumun 37 balını azaldaraq yekun nəticədə gətirib 17 bal etmişdi. Bununla da uşağın semestr imtahanına buraxılmasının qarşısını almışdı. Komissiyanın qərarının müzakirəsi də oldu. Bakı Dövlət Universitetinin rektor, rəhbərlik heyəti, prorektorlar, kafedra müdirləri və dekanların iştirakı ilə bu məsələ müzakirə olundu. Müzakirədə ABU-da tələbə qəbulunun dayandırılması ilə eyni günə düşmüşdü. O, bu qərarla razılaşmağa məcbur oldu. Məni içəri dəvət etdilər. O, dərsdən iki almış uşaq kimi pərt halda ayaq üstdə dayanmışdı. O çıxıb getdi və mən qaldım. Abel müəllim mənimlə, bir xeyli söhbət etdi dedi ki, indiyə qədər nə olubsa olub, gəlin bu ikinizin arasında qalsın. Dedim ki, Abel müəllim, o adamla oturub-durmağın, barışıq, sülhə gəlməyin bir mənası yoxdur. O zaman Abel müəllim prorektorlar Vüsət Əfəndiyevə, Əyyub Əzizova və Məhəmməd İmanlıya dedi ki, siz hər ikisi ilə yaxınsınız, bunları bir yerdə çay süfrəsinə dəvət edin. Açığı mən imtina etdim. Abel müəllim bir daha təkid etdi. Dedi ki, bir böyük kimi, yoldaş kimi, dost kimi bu məsələyə son qoymanızı istəyirəm. Razılaşdıq. İclas qurtardı. Professorlar Əyyub Əzizov və Məhəmməd İmanlı ilə belə qərara gəldik ki, üçümüz görüşək. Dedim gəlsin Bakı Dövlət Universitetinə, bir yerdə oturaq. Elşad Abdullayevə zəng etdilər. Məlum oldu ki, biz “Gənclik”də bir kafedə oturub beş dəqiqəlik çay içə bilərik. Getdik «Gəncli»yə. Mən arxada öz maşınımda tək gedirdim, professorlar Əyyub Əzizov və Məhəmməd İmanlı da qabaqda. Gördüm ki, bunlar düz keçirlər, Dərnəgül yoluna tərəf. Telefonla zəng etdim, dayandılar. Dedim hara gedirsiniz? Dedilər, ABU-ya. O zaman etiraz etdim və bildirdim ki, mən ora gedə bilmərəm. Çünki onun otağında gizli kameralar var. Dedilər, bilirik, amma biz ora beş dəqiqəlik gedirik, Abel müəllimə də deyib, biz məruzə etməliyik. Onların təkidindən sonra gedəsi oldum. İçəri girəndə o otaqda yox idi. Mən dedim ki, baxın, içəridə iki yerdə kamera var, çəkiliş gedir. Çay süfrəsi düzəltmişdilər, başladıq çay içməyə. Təxminən 1 saat 20 dəqiqə bizim söhbətimiz oldu. Bax o video çəkiliş də həmin gün olub.
- Videorolikdə siz daha çox özünüzü müdafiə edir, sanki nədəsə günahsız olduğunuzu sübut etməyə çalışırsınız. Bilmək olarmı, söhbət nədən gedirdi orda?
- Elşad Abdullayev həmin görüşdə yenə başladı eyni şeyi deməyə ki, sən mənim qardaşımın yerini bilirsən, amma demirsən. Mən oradan acıq edib getdim. Dedim ki, Məhəmməd müəllim bu adam özünə professor desə də, məntiqsiz, hüquqi əsası olmayan söhbətlər, faktlar söyləyir və bununla bizim söhbətimiz baş tuta bilməz, mən çıxıb gedirəm. Gedəndə Məhəmməd İmanlı gəlib məni pilləkəndən qaytardı. Yenidən otaqda söhbət etdik və mən Elşad Abdullayevin bütün suallarını artıqlaması ilə cavablandırdım. Kadrlarda da professor Məhəmməd İmanlı və Əyyub Əzizovdu. Üçümüzün yanında olan söhbətdi. 1 saat 20 dəqiqəlik söhbətdən montaj elətdirərək, yalnız 15 dəqiqəlik hissəni internetdə yerləşdirib. Mən orada bütün detalları ortaya qoymuşam. Və hətta sonda təklif edirəm ki, ay Elşad Abdullayev, demirsən ki, guya mən sənin qardaşının yerini bilirəm, qardaşın MTN əməkdaşı idi, əgər MTN öz əməkdaşının yerini bilmirsə, mən hardan bilə bilərəm? Lazımsız iddialar gərək deyil. Gəl bir yerdə müraciət edək, yoxlasınlar. Ondan sonra mən çıxıb getmişəm. Onlar qalıblar. Sonrasından mənim xəbərim yoxdu. İndi də videonu internetdə yerləşdirib və diqqəti cəlb etmək üçün də yazıb – Asif Mərzili adam oğurluğu ilə məşğul olan cinayətkar dəstənin üzvüdür.
- Nəyə görə Elşad Abdullayev sizin adınızı məhz adam oğurluğu cinayətində hallandırır? Onun sizin haqqınızda belə məlumatlar yaymasına səbəb nədir?
- Məlum videodakı görüntü istisna olmaqla, mənim Elşad Abdullayevlə heç zaman üzbəsurət söhbətim, yaxud da görüşüm olmayıb. Amma bu adam məhkəmə prosesində ifadə verən zaman yalandan deyirdi ki, guya mən dəfələrlə onun yanına gedib görüşmüşəm. Həmçinin kimlərləsə bu adamın qardaşı Mahir Abdullayevin axtarışını aparmışıq və sair. Amma sonda özü dediklərini məhkəmədə də sübut edə bilmirdi. Bu baxımdan son video materialın adı kimi yazdığı “Asif Mərzili adam oğurluğu ilə məşğul olan cinayətkar dəstənin üzvüdür” sözlərini də Elşad Abdullayevin növbəti yalanı, iftirası kimi dəyərləndirirəm. Elşad Abdullayev çox hikkəli, iddialı bir insan idi. Birdən-birə həddən artıq varlanan bu adam özünü fövqəladə imtiyaz sahibi kimi aparırdı. Cangüdənlərini keçib onunla hər hansı təmasda olmaq qeyri-mümkün idi. Belə bir insanın mənimlə intriqa aparmasına da tək səbəb, ictimaiyyətin dəstəyi və dövlət başçısının bilavasitə iradəsini ortaya qoyması nəticəsində mənim həbsdən azad olunmağım idi. O, mənim azadlığa çıxmağımı həzm edə bilmirdi. Ona görə də məni düşmən gözündə görürdü. Təsəvvür edin, cinayətkar dəstənin rəhbəri Hacı Məmmədov həbs olunub içəri salınıb, ancaq Elşad Abdullayev yalan məlumat yayaraq deyirdi ki, guya mən hər ay həmin dəstə başçısından 10 min manat alıb məqalələr dərc edirəm. Yaxud, məni Hacı Məmmədovla şərik tutub birlikdə adam oğurluğu cinayətləri törətdiyimizi söyləyirdi. Təəssüf ki, onun bu yalanlarına vaxtıilə populyar qəzetlərdən biri geniş yer verirdi. Ancaq Elşad Abdullayev Fransaya qaçandan sonra həmin qəzetin redaktoru 50 min manat pul alıb yazı dərc etdirməkdə günahlandırıldı. Ümumiyyətlə, adının qarşısına saxta elmlər doktoru yazdıran Elşad Abdullayevin bir çox jurnalistlərlə ciddi görüşləri olub. İmkanı varsa həmin görüşlərin videomaterialını da internetdə yerləşdirsin. Ancaq, yaxşı olardı ki, o özü də özlüyündə bu günə qədər törətdiyi əməllərə bir hüquqi qiymət verəydi.

Rufik İSMAYILOV