• çərşənbə axşamı, 19 mart, 06:39
  • Baku Bakı 8°C

“ELS” yeni layihəsi çərçivəsində təlimlərə başladı

17.10.18 14:15 475
“ELS” yeni layihəsi çərçivəsində təlimlərə başladı
Oktyabrın 16-da "ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatıi dəstəyilə "Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində təlimlərə start verib.
"Azərbaycanda hasilat sənayesinin inkişafında standartlaşdırmanın rolu” mövzusunda keçirilən treninqlərdə mədən sənayesində işləyən istehsalçılar, həmçinin "Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələr cəlb edilib. Treninqləri standartlaşma sahəsində fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər həyata keçirir.
Təlim iştirakçılarını salamlayan ”ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri və layihənin rəhbəri İradə Yaqubova sözügedən layihənin məqsədi, aktuallığı, tərəfdaşları, layihə çərçivəsində görülən işlər və s. məsələlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, layihə Azərbaycanda hasilat sənayesində texniki tənzimləmə sisteminin yaradılması və standartlaşdırma sisteminin modernləşdirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə, MSŞT prinsiplərinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının genişləndirilməsi məqsədini daşıyır.
Təlimlərdə ekspert qismində iştirak edən Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev Azərbaycanda köklü islahatların başlandığını və bu gün istənilən sahədə standartlardan geniş istifadə olunduğunun vurğuladı. Onun sözlərinə görə, standartların əsasında konsensus prinsipi var ki,bu da kəskin fikir ayrılığı olmadan müəyyən məsələdə ümumi razılığa gəlmək imkanı yaradır. "Bu gün həm dövlət, həm biznes strukturlar, həm də vətəndaş cəmiyyəti keyfiyyətə nəzarət funksiyasını həyata keçirən standartların qəbulunda maraqlıdır”, - deyə, N.Tağıyev bildirdi. Son illər bu sahədə mühüm işlərin görüldüyünü deyən ekspert tezliklə istehsal müəssisələrində qabaqcıl standartların tətbiqi, müəssisələrdə texniki maneələrin aradan qaldırılmasını mümkün hesab edir.
Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma sistemi, standartlaşdırmanın əhəmiyyəti və iqtisadi inkişafa təsiri, milli standartlaşdırma orqanının fəaliyyət istiqamətləri, hüquqi bazası, prinsipləri, Azərbaycanda standartlaşdırmanın aktual problemləri, qarşıya qoyulan əsas hədəflər və inkişafa dair prioritet istiqamətlər barədə məlumat verən ekspert Fəridə Bəşirova bildirdi ki, hazırda qüvvədə olan "Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının dövlət standartları məcburi və tövsiyə olunan tələbləri müəyyən edir. Məhsullara dövlət nəzarəti təhlükəsizlik və keyfiyyət tələblərinə uyğunlaşma baxımından aparılır və əksər məhsulların həmin tələblərə uyğunluğu məcburi sertifikatlaşdırılır.
"Standartlaşdırma haqqında" yeni qanun layihəsinin Milli Məclisdə ilkin oxunuşda bir sıra dəyişikliklərlə qəbil olunduğunu deyən ekspert gözlənilən əsas nəticələr barədə danışdı. Bu, dünya iqtisadiyyatına və beynəlxalq sistemə bərabərhüquqlu tərəfdaş kimi inteqrasiya, sahibkarlıq fəaliyyəti üçün zəruri olan minimum müdaxilənin təmini, istehsala dövlət nəzarətinin bazara dövlət nəzarəti ilə əvəzlənməsi, istehlakçıların aldadılması hallarının qarşısının alınması, standartlaşma sistemində özəl sektorun daha aktiv iştirakı, ölkədə istehsal olunan məhsulların təhlükəsizlik səviyyəsi və keyfiyyətinin yüksəldilməsi ilə ixrac qabiliyyətinin artırılması, texniki tənzimləmə üzrə məcburi tələblərin malların və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşdırılması və keyfiyyətin bazar rəqabəti əsasında tənzimlənməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, Azərbaycanla Aİ arasında uyğunluğun qiymətləndirilməsi nəticələrinin qarşılıqlı tanınması və məhsulların azad dövriyyəsi və s. aktual məsələlərdir.
Ekspertlərin təqdimatından sonra sual-cavab formatında keçən tədbirdə standartlarla bağlı aktual məsələlərə dair fikir mübadiləsi də aparılıb. Təlimlərdə iştirak edən tələbələr Standartlaşdırma İnstitutunda fəaliyyət göstərən laboratoriyalarda müasir avadanlıqlarla tanış olublar.
Qeyd edək ki, Azərbaycan Standartlaşdırma İnstitutunun inzibati binasında təşkil olunan təlimlər davam edir. Növbəti təlim oktyabrın 19-na planlaşdırılıb.
banner

Oxşar Xəbərlər