ELMLƏRİN İNTEQRASİYASI VƏ FOLKLOR
2016-cı ildə "Elm və təhsil” nəşriyyatında çap olunan "Folklorun
funksional strukturu: multidissiplinar kontekst” adlı kitab son dövrlərdə
aktuallıq kəsb edən bir problemə – elmlərin inteqrasiyası məsələsinə həsr
olunmuşdur. Kitabda folklorun funksional strukturu müasir nəzəri-metodoloji
yanaşmalar kontekstində multidissiplinar aspektdə tədqiqata cəlb edilmişdir. 3
hissədən və 496 səhifədən ibarət olan kitabın müəllifləri filologiya üzrə
fəlsəfə doktorları Sərxan Xavəri, Hikmət Quliyev və Səfa Qarayevdir.
"Folklorun funksional strukturunun multidissiplinar analazi” adlanan
I hissədə (müəllif: Sərxan Xavəri) folklorun funksional strukturu
fəlsəfi-kulturoloji prinsiplər üzrə araşdırılır və folklor sosial-mədəni
fenomen olaraq öyrənilir.
Tədqiqatda folklorun mədəni sistem kimi daxili müəyyənlik
keyfiyyətinin aşkarlanması üçün o, "folk”da ifadə olunan sosial və "lore”də
ifadə olunan kultural strukturların vəhdətindən yaranan bütöv metamədəni
funksional sistem olaraq nəzərdən keçirilir. Müəllifə görə, folklorun yaradıcı
subyektini təşkil edən "folk” insanın təbiətdən cəmiyyətə keçidi anından bu
günümüzə qədərki ən müxtəlif kəmiyyət və keyfiyyət kombinasiyalarında təzahür
edən funksional sosiallaşma modelləridir (bir ailənin tərkibində iki nəfərdən
tutmuş, bir planetin tərkibində milyardlarla insana qədər). "Lore” isə
kollektiv insan fəaliyyəti nəticəsində yaranan ümumbəşəri mədəni sistemin
diaxron və sinxron səviyyələr üzrə artefaktlar sistemi (qədim daş alətindən
tutmuş ən müasir sosial idarəçilik modellərinə qədər) kimi modelləşdirilmişdir.
Mədəni sistemdə funksionallıq sosial sistemdəki dinamika anlayışı ilə
bilavasitə bağlıdır. Sosial dinamika özünü elə mədəni funksionallıq vasitəsilə
reallaşdırır. Bu iki sistem arasındakı kommunikativ münasibətlərdən yeni
metasistem – sosial-mədəni sistem yaranır.
Kitabın I hissəsində həm də folklorun funksional strukturunun
beynəlxalq və milli folklorşünaslığımızda öyrənilməsi təcrübəsi nəzərdən
keçirilmişdir. Həm milli, həm də beynəlxalq səviyyədə bu istiqamətdə irəli
sürülən fikir və mülahizələr ümumiləşdirilmişdir. Müəllif belə qənaətə
gəlmişdir ki, milli irs bizə irs statusunda yox, ictimai şüuru nizamlamağa, onu
yönəltməyə, cəmiyyətdə məqsədyönlülüyü təmin etməyə imkan verən modellər
statusunda daha çox lazımdır. Şübhəsiz, ictimai və humanitar elm sahələrinin
tədqiqat obyekti olan mədəniyyət millidir, həmçinin "art” (yəni incəsənət)
məzmunludur. Lakin bu heç də o demək deyil ki, onu tədqiq edən elm milli və
"art” məzmunlu olmalıdır. Elm nəyi tədqiq etməsindən asılı olmayaraq, həmişə
milliliyə münasibətdə universal, "art”a münasibətdə elmi olmalıdır.
İstər dünya, istərsə də milli elmi düşüncəmizdə folklorşünaslığın bir
elm kimi dəyərləndirilməsinin çoxsaylı nümunələri vardır. Bu baxımdan S.Xavəri
Ben Amos, Alan Dundes, Albert Kun, Bayburin, Umberto Eko, Dell Skils,
Qolavanov, Lotman, Qudvin Duranti, Karl Yunq, Özkul Çobanoğlu kimi məşhur
alimlərin tədqiqatlarına istinad etmişdir. Lakin müəllif qeyd edir ki,
folklorşünaslıq elminə verilən təriflər arasında türk folklorşünası Özkul
Çobanoğlunun müəyyənləşdirdiyi tərif öz əhatə dairəsinin genişliyi baxımından
diqqəti cəlb edir: Folklorşünaslıq elm sahəsidir (1), folklorşünaslıq hər hansı
bir dünyagörüşü öyrənir (2), həmin dünyagörüşün əsas spesifikası müəyyən bir
qrupa məxsus olmasıdır (3), bu dünyagörüşə məxsus olan iki mühüm səciyyəvi
xüsusiyyət vardır: ənənəvilik və anonimlik (4), folklorşünaslıq həmin
dünyagörüşün ifadəsi olan formaları öyrənir (5), folklorşünaslığın öyrəndiyi
formalar üç fərqli vasitə ilə reallaşma istiqamətinə malikdirlər: söz, hərəkət
və maddi material (6), folklorşünaslığın tədqiq etdiyi bu formalar hökmən
müəyyən bir məna ifadə etməlidir (7), folklorşünaslıq folklor formalarını
diaxron inkişaf prosesində araşdırır (8), həmin diaxron inkişaf prosesi üç
mərhələdən keçmişdir: təşəkkül, təkamül və sabitləşmə (9), folklorşünaslıq
müəyyən bir qrupa məxsus dünyagörüşü və həmin dünyagörüşün ifadəsi kimi meydan
gələn formaları məhz kommunikativ aspektdən öyrənən bir elm sahəsidir (10).
"Folklorun funksional strukturu mədəniyyətin diaxron inkişafı
kontekstində: monomədəniyyətdən urbanizasiyaya” adlı bölmədə Sərxan müəllim
yazır ki, urbanizasiya – insanların şəhərlərdə məskunlaşması, bununla əlaqədar
olaraq insanlararası kommunikasiyanın, yeni mədəniyyətin meydana gəlməsi
şəraitində zahirən folklorun meydanının daralması hiss olunursa da, əslind?ə
folklor bu mərhələdə yeni forma və qəliblərə transformasiya olunur. Beləliklə,
I hissədən belə nəticə hasil olur ki, "folklor” "folk”da ifadə olunan sosial və
"lore”də ifadə olunan kultural sistemlərin vəhdətindən yaranan funksional
metamədəni sistemdir.
Kitabın II hissəsi "Folklor və internet: sosial-mədəni proseslərin
virtual mühitə transformasiyası problemləri” adlanır (müəllif: Hikmət Quliyev).
Bu hissədə müasir dövrün ən böyük fenomeni olan internetin kommunikasiya
imkanlarının əvvəlki dövrlərlə müqayisədə tamamilə fərqli bir səviyyəyə yüksəlməsindən
və onun ənənəvi xalq mədəniyyətinin təbiətində də dəyişikliklərə, bir sıra yeni
keyfiyyətlərin ortaya çıxmasına səbəb olmasından bəhs olunur. Müəllif folklor
və internet münasibətlərinin araşdırılması üzrə problemə yanaşmada 2 aspektin
müəyyənləşdirildiyini qeyd edir:
1. Problemə evalusion yanaşma – yəni diaxronik inkişaf prosesində
gerçəkliyin və özünüdərkin təzahürünün zaman oxu müstəvisində ardıcıl şəkildə
izlənilməsi;
2. Problemə özünüifadə və özünü reallaşdırma ehtiyacının
təbii-prosessual təzahürü zərurəti müstəvisindən yanaşma.
Müəllif yazır ki, evalusion yanaşma müstəvisində məsələnin qoyuluşu
ənənəvi folklordan virtual folklora, şifahi mədəni mühitdən elektron mədəni
mühitə, üz-üzə ifa modelindən virtual ifa modelinə transformasiyanı, yəni bir
haldan başqa bir hala, bir mərhələdən başqa bir mərhələyə keçidi aktuallaşdırır
ki, bu da iki situasiya arasında müqayisələr aparılmasını zəruri edir. Problemə
ikinci aspektdən yanaşma emosional-psixoloji mahiyyət kəsb edən və kollektiv
reaksiya modelində meydana çıxan folklorun kommunikasiya vasitəsinin (səs,
yazı, poçt, telefon və s.) və ya üsulunun (üz-üzə, distant, virtual)
dəyişməsindən asılı olmadan aktuallaşmasını (ortaya çıxması, ötürülməsi və
yayılmasını) öyrənməyi təklif edir.
Müasir dövrün folklor prosesləri, kənddən şəhərə, şəhərdən virtual
dünyaya "köç” məsələsi də kitabın bu hissəsində təhlil olunur. Virtual folklor
nümunələrinin semantik analizi kontekstində, atalar sözləri və deyimlər parodik
interpretasiya aspektindən incələnmiş, kollektiv reaksiyanın təzahür forması
kimi rəqəmsal simvollaşdırma modelləri aşkarlanmış, nəhayət, azərbaycandilli
virtual məkanda gedən folklor prosesləri və konkret mətn təhlili nümunəsi kimi
"Albert Eynşteyn” obrazı təhlil olunmuşdur. H.Quliyev türk folklorşünası Ahmet
Özgür Güvencə istinadən yazır ki, "atalar sözləri və deyimlərdən istifadə
olunmaqla yaradılmış nəsihətverici və ya yolgöstərici mahiyyətə malik ifadələr e-mail
zənciri vasitəsilə internetdə
yayılmaqdadır. Atalar sözlərinin, xüsusilə tələbə həyatı ilə bağlı mövzulara
müvafiq olaraq dəyişdirilməsi tez-tez rast gəlinən paylaşmalar sırasındadır.
Müəllif buna aid bir neçə nümunə də vermişdir: Məsələn, ənənəvi deyim
formasında "Görünen köy kılavuz istemez”, internet mühitində meydana gələn
alternativ deyim formasında "Görünen kopya kılavuz istemez”, "dost kara günde
belli olur” // "Dost sınav günü belli olur”, "Bana arkadaşını söyle, sana kim
olduğunu söyleyelim” // "Bana hocanı söyle, sana kaç alacağını söyleyelim”,
"Bülbülü altın kafese koymuşlar, ille de vatanım demiş” // "Öğrenciyi altın
sınıfa koymuşlar, ille de teneffüs demiş” və s. II hissədə Azərbaycan
folklorunda mövcud olan klassik folklor nümunələrinin təhrif olunaraq, ironik
hala salınaraq A.Eynşteynin folkloristik obrazı vasitəsilə verilməsi məsələsi
də öz əksini tapmışdır. Virtual məkanda A.Eynşteynin şəkli verilərək "uzaq
qohumdansa, şəkillərimi layk (like) edən dostlarım yaxşıdır”, "Dəvəyə deyiblər
ki, boynun niyə əyridi? Anası cavab verib ki, telefonla oynamaqdan” və s.
nümunələrə rast gəlinir.
Kitabın II hissəsindən belə bir qənaət hasil olur ki, dövrümüzdə
folklor müasir kommunikasiya vasitələri ilə daha sürətli və geniş yayılma
imkanı əldə edir və rəqəmsal mühitə transformasiya olunmaqla yeni mənalar kəsb
edir. Lakin onu da vurğulamaq istərdik ki, bu proses heç də həmişə folklor
nümunələrinin mənasına xələl gətirməmiş olmur. Bəzən bu transformasiya
prosesində xoşagəlməz, bayağı nümunələr ortaya çıxır. Bununla da folklor
nümunələrinin orijinallığı itir. Virtual məkanda bu cür xoşagəlməz yeni
nümunələrin artması heç də təqdirəlayiq hal deyildir.
Kitabın III hissəsi "Koroğlu” dastanında ata-oğul konfliktinin
psixoanalitik semantikası (Edip kompleksi kontekstində)” adlanır (müəllif: Səfa
Qarayev). Bu hissə psixoanalizin nəzəri müddəalarının folklor materialına
tətbiqi əsasında yazılmışdır. Üçüncü hissədə "Koroğlu” dastanı əsasında
folklorun psixoanalitik kontekstdə öyrənilməsi yolları diqqət mərkəzində saxlanılmışdır.
Bu fəsil psixoanalizin nəzəri müddəalarının folklor materialına tətbiqi
əsasında yazılıb. Etnik mədəniyyətdə qəhrəmanlıq impulslarının bütün gücünü
özündə ehtiva edən "Koroğlu” dastanının Edip kompleksi kontekstində, "ata-oğul”
konflikti müstəvisində diqqət mərkəzində saxlanılması epos qəhrəmanının mübariz
ruhunun doğulmasının psixodinamikasını izləməyə imkan verməklə yanaşı, bu
prosesi müşayiət edən mürəkkəb simvolların, mənaların aşkarlanmasına da şərait
yaradır.
Müəllif qeyd edir ki, psixoanalitik metod araşdırdığı mədəni
gerçəkliyi "səbəb və nəticə” əlaqəsi kontekstində diqqət mərkəzində saxlayır.
Psixoanalizin folklor faktlarını tədqiq etmək üçün təqdim etdiyi terminoloji
anlayışlar (Edip kompleksi, Elektra kompleksi, inversiya, proyektiv inversiya
və s.) "mənaları” dinamik proses kimi başlanğıcdan sona kimi izləməyə imkan
verməklə yanaşı, fərd və mədəniyyət əlaqəsini də dərindən aşkarlamağa şərait
yaradır. Tədqiqatda yuxarıda da qeyd etdiyimiz kimi, "Koroğlu” dastanı Edip
kompleksi kontekstində, "ata-oğul” konflikti müstəvisində təhlil olunur.
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün "Koroğlu” dastanının müxtəlif
variantlarında bir sıra faktların psixosemantik mahiyyəti diqqət mərkəzində
saxlanılmışdır: Qəhrəmanın atasının gözünün kor edilməsi və bu faktın
qəhrəmanın yetişməsinə və münasibətlər sisteminə təsirinin psixosemantik
mahiyyəti (1), qəhrəmanın gordan doğuluşunun psixosemantik mahiyyəti (2),
qəhrəmanın övladsızlığının psixosemantik mahiyyəti (3), qəhrəmanın "goroğluluq”
(ana xətti) və "koroğluluq” (ata xətti) semantikası arasındakı psixosemantik
əlaqənin mahiyyəti (4), mətnin alt səviyyəsindəki ata və oğul qarşıdurmasının
mətndə dayı-bacıoğlu münasibətində təzahürünün psixosemantik mahiyyəti (5),
qəhrəmanın atasoyu və anasoyu ilə münasibətinin psixosemantik mahiyyəti (6).
Edip kompleksi oğlanın anasına qarşı duyduğu şüursuz yaxınlığa görə
atasını qısqanması və bununla əlaqədar ruhi pozuntular kompleksinə verilən
addır. Z.Freydin qurucusu olduğu psixoanalitik nəzəriyyəyə görə, bu kompleks
qarşı cinsdən olan valideynlərə sahiblənmə və öz cinsindən olan valideynləri
itələmə mövzusunda uşağın bəslədiyi duyğu, düşüncə, impuls və fantaziyaların
cəmidir.
Qeyd edək ki, tədqiqatda "Koroğlu” dastanının Paris nüsxəsindən
istifadə olunmuşdur. Həmçinin dastanın türkmən, qazax, özbək, uyğur variantları
da təhlilə cəlb edilmişdir.
Müəllif yazır ki, dastanda informasiya təminatında boşluq yaradaraq
atanın cəzalandırılmasına yol açan, başqa sözlə, atanın kor olmasına
rejissorluq edən edipal konfliktin əsas funksioneri olan Rövşəndir. Təsadüfi
deyildir ki, məhz atanın gözlərinin kor edilməsi onun oğlunun mətndə
aktuallaşmasına şərait yaradır. Mətndən görünür ki, atanın kor edilməsindən
sonra Rövşənin qəhrəman kimi yetişdirilməsi prosesi başlayır ki, burada da
edipal konflikt elementlərini görmək mümkündür. Fikrimizcə, dastanın bütövlükdə
psixoanalizin Edip kompleksi kontekstində təhlili o qədər də məqsədəuyğun
deyil. Xalq təfəkkürünün məhsulu olan folklor mətnləri, o cümlədən dastanlar
xalqın istək və arzularını özündə ehtiva etdiyi üçün bu mətnləri bütün hallarda
Z.Freydin psixoanalitik nəzəriyyəsi kontekstində izah etmək olmaz. Çünki Freyd
bu nəzəriyyəni normal insan psixikasının deyil, xəstə insanların psixikasının
tədqiqi əsasında irəli sürmüş, müəyyən qənaətlərə gələ bilmişdir. Qeyd edək ki,
"Edip kompleksi” adı qədim yunan mifindən və antik yunan teatr yazıçılarından
olan Sofoklun "Kral Edip” adlı dramındakı atasını öldürərək anasıyla evlənən
Edip adlı bir gənc qəhramanın hekayəsindən götürülmüşdür. Z.Freydə görə dünya
ədəbiyyatının üç ən güclü əsərində – Sofoklun "Kral Edip”, Şekspirin "Hamlet”
və Dostoyevskinin "Karamazov qardaşları” əsərlərində eyni
mövzunun – ata qatili olmanın əsas olması heç də təsadüfi deyil, bütün bunların
kökündə Edip kompleksi dayanır.
Ümumiyyətlə, "Folklorun funksional strukturu: multidissiplinar
kontekst” kitabını aktual mövzulara həsr olunduğuna və tədqiqat aspektinə görə
çağdaş folklorşünaslığımızda maraql; ‘s’r hesab etmək olar. Bu münasibətlə
müəllifləri təbrik edir və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.
Gülnar Osmanova