• cümə, 29 Mart, 04:45
  • Baku Bakı 7°C

Elmin təməli

06.11.19 09:45 853
Elmin təməli
Bu ziddiyyətdən və onun qələbəsindən qaçmaq mümkün deyil
İnsanın varlığı təbiətdə fərqli və çox şeyləri ifadə edir. Bəzən insan varlığı təbiətlə ziddiyyət təşkil edir. Elə onun fərqi də bundadır. Çünki hər zaman üstünlük fərqdən, fərq isə ziddiyyətdən doğulmuşdur. Kainatda iki cür hərəkət mövcuddur. Bunun biri təbii, digəri isə iradi hərəkətdir. Bütün aləm təbii hərəkətlə dönür, daha doğrusu, yaşayır. Çünki yaşamın qayəsi və göstəricisi hərəkətdir. İnsan da aləmlərin bir üzvü olduğu üçün o da hərəkətin təbiətinə sahibdir. Lakin kainatda olmayan, lakin və yalnız insanda mövcud olan qeyri-təbii, yəni iradi hərəkət insana ikinci bir yaşam, daha dəqiqi, paralel bir həyat bəxş elədi. Bu həyatın adı isə əqli və mənəvi həyatdır. İnsandan başqa heç bir canlı belə bir yaşam tərzinə malik deyil.
Bu paralelliyin ana xəttini isə heç şübhəsiz ki, elm təşkil edir. Əlbəttə, yaranışın qayəsi elmdir. Yəni elm təbiətdə zatən mövcuddur. Lakin onun bilgi halında üzə çıxması təbii yox, iradi hərəkətin məhsuludur.
O zaman belə çıxır ki, elm bilgidir. Əslində isə belə deyil. Çünki təbiət haqqında bilgi başqa canlılarda da mövcuddur. Hətta, bitkilərdə və heyvanlarda təbiət bilgisi insandan daha çox, daha sürətli və daha mexanikdir. Yox, elm sadəcə bilgidən ibarət deyil. Elm bilginin emalıdır, istehsalıdır, inkişafıdır, əlavəsidir, sistemidir, nəzəri əsasıdır... bunlar hamısı doğrudur. Lakin mənim üçün elm ilk növbədə mənəvi hadisədir. Yəni insan yaradıcılığıdır. Mən hər zaman elmi incəsənətin bir parçası hesab etmişəm. Maddi ehtiyacdan öncə elmə qarşı mənəvi ehtiyac duyulur. Alim elmdən zövq alır, onu bir rəsm, simfoniya, poema kimi yaradır. Mənə elə gəlir ki, insanın digər canlılardan fərqi və üstünlüyü də məhz elə bundadır. İnanmıram ki, hər hansı bir elm adamı, ortaya qoymaq istədiyi nəzəri sistemi ən başından bəri məqsədli, hədəfli və planlı şəkildə, yəni gələcəyi düşünərək, istehsalata fayda vermək istəyi ilə ortaya qoysun. Bu zaman alimə lazım olan ən vacib, ən birinci, ən məcburi keyfiyyət olan ilham gəlməz. Alim öz elmi kəşfinə şeir kimi, musiqi kimi başlayır. Elm ilk növbədə təxəyyüldür, imkansızlara doğru açılan romantik cığırdır. Nə Tomas Edisson, nə də Nikola Tesla həvəs və eşq ilə keçirdikləri yuxusuz gecələrdə heç zaman düşünməzdilər ki, bir gün onlar istehsalatda və biznesdə rəqib olacaqlar. Onlar heç bir zaman təsəvvür edə bilməzdilər ki, cəmiyyət elmi biznesə çevirəcək. Zamanda səyahətin mümkünlüyü haqqında düşünən Tesla, bunu hər halda, orta əsr Hindistanına gedib, oradan qızıl küplər gətirmək üçün etmirdi. Elmin doğuluşu bu deyil. Elm belə doğulmur. Sonra nəyə çevrilirsə çevrilsin, onun yaranmasının şərti bu deyil. Hakimiyyət və güc sahibləri başından bəri dünyəvi, maddi düşüncələrlə alimləri laboratoriyalara həbs edə bilərlər və bunu edirlər də. Lakin laboratoriya küncünə həbs etmək üçün öncə bir alim lazımdır. Alimlik isə hakimiyyətdəkilərin düşüncə sistemi ilə əmələ gələn bir şey deyil. Yəni varlığın birinci şərti doğuluşdur ki, dediyimiz kimi, elm biznesdən doğulmur. Əksinə, biznes elmdən doğulur.
Elm klassik və akademik düşüncənin məhsuludur. O, heç bir zaman populyar kültürün bir parçası ola bilməz və olmur da. İncəsənət, obrazlı dillə ifadə etsək, simfoniya kimi doğulub, pop mahnısı kimi həyatına davam edə bilər. Elm isə bunu bacarmır. Hər bir hakimiyyət nümayəndəsi, əgər istəsə, şair, rəssam, bəstəkar ola bilər. Lakin elm istəməklə olmur. Çünki onun təməlində istək yox, təbiətin özü yatır. Elm Tanrının yaradıcılığıdır! Nəticədə, onun daşıyıcısı olan insan da müdhiş bir yaradıcılıq əsəridir.
Lakin elmlə incəsənəti bir araya gətirmək və ya gətirə bilmək çox böyük bir hünərdir. Yəni məsələn, Leonardo Da Vinçi həm alim, həm rəssam deyildi - alim rəssam idi. Rəsm əsərlərini elmlə, çertyojlarını isə fırça ilə çəkirdi. Dediyimiz kimi, həm elə, həm belə olmaq olar. Məsələn, insan, Əbdülqadir Marağayi kimi, elmdən bir anlıq ayrıldığı zaman şeir yaza bilər və yaxud da rəsm çəkə bilər. Lakin elmi şeirlə, musiqini elmlə vermək çox paradoksal və sensasion bir şeydir! Da Vinçi bunu bacardı. Məhz elə buna görə də, onun əldə etdiyi çoxlu sayda elmi nailiyyətlər elə proje və layihə olaraq gündəliklərində qaldı. Çünki o, özü belə istəyirdi. Səbəbi isə çox sadədir. Məsələn, o, döyüş tankının, hətta helikopterin layihəsini cızdıqdan az sonra anladı ki, bu layihələr çox tez bir zamanda güc sahiblərinin əlində biznesə çevriləcək, onların gücünü daha da artıracaq. Ya da, öz gündəliklərində də qeyd etdiyi kimi, dənizlərin dibində saatlarla, hətta günlərlə nəfəs almadan qala bilmənin elmi yollarla mümkünlüyünü icad etdikdən sonra, birdən ağlına gəlir ki, dəniz quldurları gəmilərin altını dəlmək üçün bundan rahatlıqla istifadə edə bilərlər. Elə buna görə də, Leonardo Da Vinçi tarixdə ən məsum, ən zərərsiz alim hesab edilir. İroniya və gülüş doğursa da, bu fikirlər həqiqətdir. Da Vinçinin elmi ilham və incəsənətin bir parçası olaraq qaldı. İstehsalata keçmədi, biznesə çevrilmədi. Nəticədə Leonardo Da Vinçi Albert Eynşteyn kimi, ömürlük peşmanlığa düçar olmadı. Zavallı Albert, hardan biləydi ki, onun atom hissəciklərinin hərəkət trayektoriyasını dəyişmək kəşfi nüvə bombasının ilhamvericisinə çevriləcək?
Bəli, elmin təməli, yaranış səbəbi çox məsum, ilahi və romantikdir. Leonardo Da Vinçi də ömrü boyu bu təməl prinsipi qoruyub saxlamağa çalışdı. Bütün həyatı boyunca biznesmen alim olaraq yox, rəssam alim olaraq qaldı. Təbiətin təbiətinə zidd getmədi.
Lakin əvvəldə qeyd etdiyimiz kimi, elm, yəni yalnızca insan ağılının məhsulu olan bu yaradıcılıq sistemi təbiətdən gəlmir, təbii ehtiyacın gətirdiyi axının bir parçası deyil. Elm iddiadır, ilk növbədə. Elə buna görə də mövcud hərəkətə, yəni dolayısı ilə varlığa ziddir. Ancaq bu ziddiyyətdən və onun qələbəsindən qaçmaq mümkün deyil. Məsələn, elektrik lampalarının kəşfindən sonra axşamların, gecələrin gözəlliyi, ideallığı, hüzuru və sakitliyi ölüb getdi. Biz bunun nostaljisini nə qədər yaşasaq da, o, yenə də bir nostalji olaraq qalacaq. Çünki elm yeganə sərkərdədir ki, heç bir zaman məğlub olmur. Heç elmə qarşı dirənişlər də hər zaman axşamların romantikası kimi məsum deyil. Məsələn, bu dirənişin öncüllərindən olan din, şam işığında mistik ibadəti qorumaq üçün elmə qarşı çıxmır. Onun dərdi Tanrı haqqındakı əfsanələri qoruyub saxlamaqdır. Çünki dinin mövcudluğu buna bağlıdır. Necə ki, məşhur bir romanda deyildiyi kimi, əgər Tanrının varlığı elmlə sübut ediləcəksə, o zaman dinə nə qalır? Lakin yenə də deyirik ki, bütün dirənişlər faydasızdır. Elm nə qədər akademik bir şey olsa da, onun nailiyyətləri çox sürətlə populyarlaşır. Bu faktorun müsbət olduğu qədər də, mənfi tərəfləri vardır. Söhbət, elmin inancı məhv etməsindən getmir. Əgər inanc məhv olacaqsa, bunun səbəbkarı elm olmayacaq, inancın elmdən məhrum qalması olacaq. Əsl məsələ elmin bilərəkdən parçalanaraq, əsas hədəfdən, hər şeyin vahid bir sistemlə hərəkət etdiyinin elmi yollarla dərk olunmasından yayındırılmasındadır. Məsələn, İsveçrədəki CERN laboratoriyasında yarım əsrə yaxındır ki, kuantum parçacıqlarını toqquşdurub, antimateriya əldə etmək istəyirlər. Yəni yaradılış anını, materiyanın necə və nədən doğulduğunu anlamaq istəyirlər və buna ən yaxın zamanda nail olacaqlar. Dediyimiz kimi, elmə qalib gəlmək olmaz. Lakin gəlin düşünək; orada illərdir çalışan dünyanın ən nəhəng fizikləri eyni anda gələcək biznes projeləri haqda necə plan qura bilərlər?! Axı buna onların sadəcə, zamanı yoxdur. Onların beynində belə bir qırış mövcud deyil. Bu, həm də insan təbiətinə ziddir. Lakin indidən Avropanın ən böyük enerji korporasiyaları artıq tələ qurmuş ovçu kimi marıqdadırlar ki, o quş yuvasından nə vaxt uçacaq! Buna baxmayaraq, bir daha qeyd edirik ki, içəridəki alimləri düşündürən şey bu deyil. Alim biznes planları qurarsa, onun beynində elmə yer qalmaz. Çox heyf ki, mütləq üstünlük maddi məmnuniyyətin, canavarlığın, dünyəvi gücün tərəfindədir. Bütün hakimiyyətlər elmdən bir silah kimi istifadə etmişlər. Dəhşətli bir təzad çıxır ortaya - yaradılış anını - böyük partlayışı öz gözləri ilə görmək istəyi hara, həmin kəşfin məhsulunu alıb böyük şəhərlərin enerji ehtiyacını çox ucuz qiymətə ödəyə bilmək hara?! Hansı daha doğrudur? İnsanın maddi rifahına xidmət etmək, yoxsa ümumbəşəri məfkurəni kökündən dəyişib, necə deyərlər, dünyanı cəhalətdən qurtarmaq?! İnsanlığa hansı daha çox lazımdır - elmi düşüncə, yəni bir mənada mənəviyyat, yoxsa material-məişət xoşbəxtliyi?! Lütfən, mən bu suallara cavab tapa bilmirəm - bilənlər yardım etsin!!!
Elmi düşüncə kütləvi düşüncə deyil, kütləvi nəticədir. Fərdlərin ağlı kütlələrin həyatına dönüşür. Ancaq bu həyat doğulduğu kimi deyil. Yəni kütləyə elm yox, onun nəticəsi lazımdır. Nəticə isə aydınlıq, sadəlik və kütləvilik tələb edir. Nəticəsiz qalan elm kütləviləşməyən praktikadır. Bu mənada alimlə aləm arasında heç zaman doldurulmayacaq bir uçurum vardır. Məni alimlərin yox, elmin taleyi düşündürür. Elm doğulduğu kimi yaşaya bilsəydi, yəni öz akademizmini, məsumluğunu və romantikasını olduğu kimi kütlələrə transfer edə bilsəydi, nə olardı?! Heç nə! Utopiyadan başqa heç nə! Mənim utopizmim eynilə buna bənzəyir ki, hər kəs klassik musiqini anlayıb sevsəydi, ruhlar, qəlblər və ağıllar başqa cür olar, bəşəriyyətin gələcəyi olduqca xoşbəxt olardı! Lakin bunu düşünmək belə, çox komikdir. Mənə məhz indi məlum olur ki, niyə Bethovenin son sözləri belə olub: "Komediya bitdi!" Bəli, çünki 9-cu simfoniyanın xoralında istisnasız olaraq bütün insanlığa xitabən "qucaqlaşın, qardaş olun" demək və bütün ömrü boyu bu idealla yaşayıb, o boyda əsərlər yaratmaq həqiqətən də çox komikdir! Ona görə də, öləndə anladı ki, bir utopiya yaşayıb! Onun laboratoriyasında doğulan şey ilə gerçək həyatın tələbləri bir-birinə tərs mütənasibdir. Böyüklərə heykəl qoymaq onlara xəyanətdir! Çünki qəlblərdə, beyinlərdə, ruhlarda Hüseyn Cavid yaşamır. O, sadəcə daş, yəni hərəkətsiz, həyatı olmayan bir heykəldir. Halbuki, xitab etdiyi çoxluq onu düşünsəydi, yəni Cavid əfəndi hədəfinə yetişsəydi, indi biz bambaşqa bir toplum idik!
Füzuli deyirdi ki, elmsiz şeir təməlsiz bina kimidir, tez bir zamanda yıxılacaq. Qəribə paradoksdur - Füzuli yaşayır, ancaq sadəcə özü yaşayır, füzulilər yaşamır. Yəni onun adı qaldı, ağızlarda isə dadı qalmadı. Bəşərin damağında Füzuli tamı qalsaydı, Məcnun kimi sevərdi! İstəklər, xəyallar, utopik komediyalar,... budur bütün dahilərin əldə etdikləri ən böyük nailiyyət! Fəzl qiyamına qarşı Teymur qılıncı! Hansı qələbə çaldı görəsən - Fəzlin elmi, yoxsa Teymurun hakimiyyəti?! Bizcə, bu savaşda bircə qalib var - o da kütləvilik düşüncəsidir. Niyə? Çünki ümumdünya cazibə qanunu belə tələb edir. Hər şey aşağılara doğru çəkilir. Heç bir şey dəniz səviyyəsinə yetişməyənə qədər görünmür, dərk olunmur, qəbul edilmir!
Ancaq biz yenə də öz fikrimizdə israrlıyıq. Belə ki, elmin təməlini təşkil edən 4 ünsürdür: Su, Atəş, Torpaq, Hava. 5-ci element isə incəsənətdir! Yəni incə düşünmək, bu dörd elementi yaradıcı bir şəkildə fərqli boylara gətirmək. Həmin dörd ünsür elmin təməlini təşkil etsə də, elmin özü deyil, sadəcə bilgidir, yəni varlıqdır. Onların əlaqə və ziddiyyətlərini iradi bir hərəkətlə düşünüb kəşf etmək, onlara cürətli bir şəkildə müdaxilə etmək isə elmdir, yəni insandır, insan təfəkkürüdür!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər