Elmin kommersiyalaşdırılması məkanı
AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) elmi-tədqiqat işlərinə investisiyaların
cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin
edilməsi və əlverişli mühitin yaradılması yolu ilə strateji hədəflərə nail
olmaq üçün bilik iqtisadiyyatına öz töhfələrini verəcək.
Elm və texnologiyaların inkişafı
istənilən ölkə və ya cəmiyyətin tərəqqisinin əsasını təşkil edir. Azərbaycan
elminin dünyada baş verən elmi-texnoloji proseslərdə öncül mövqe tutması üçün
yüksək texnologiyalar və innovasiya siyasətinə diqqət yetirilməsi vacib
məsələdir. Prioritet elmi istiqamətlərdə tədqiqatların aparılması üçün AMEA-nın
uzun illik zəngin təcrübəsi, alim və mütəxəssisləri, mühüm elmi nailiyyətləri
vardır. Akademiyada innovasiya fəaliyyətinin effektiv mexanizm və siyasətinin
qurulması istiqamətində dünya təcrübəsi öyrənilmiş, elmi-tədqiqat işlərinin
istehsalata transfer edilməsi üçün müvafiq islahatlar aparılmaqda davam edir.
Prezident İlham Əliyevin 8
noyabr 2016-cı il tarixli Sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının
yaradılması elm ictimaiyyəti üçün çox önəmli bir strateji missiya kimi qəbul
edilir. Yüksək Texnologiyalar Parkı iqtisadiyyatın davamlı inkişafına və
rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə
əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə,
elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə
müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədini
daşıyır. Bunun üçün AMEA Təcrübə-Sənaye
Zavodunun ərazisindəki mövcud imkanlar, elmi-tədqiqat institutlarının çoxsaylı
alim və mütəxəssisləri, 350-yə yaxın müasir laboratoriya və sınaq qurğuları,
proseslərin idarə olunması üçün peşəkar innovasiya heyəti fəaliyyətə cəlb
ediləcək. Yüksək Texnologiyalar Parkının ərazisində xarici və daxili infrastrukturun
yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər
xidmətlərin göstərilməsi təmin ediləcək. İnnovativ layihələrin icrası,
sınaq-ekspertiza və prototiplərin hazırlanması və elmin kommersiyalaşdırılması
fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq və qrant proqramları ilə
əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb edilməsi təşkil
ediləcək.
Azərbaycan istehsalı olan
ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması üçün bütün
ideya və layihə müəlliflərinin cəlb edilməsi və onların hazır məhsullara
çevrilərək istehsalata tətbiq edilməsinə dəstək verəcək mexanizmlər qurulacaq.
Bundan sonra, AMEA özünün dövlət büdcəsindəki xərc yükünü azalda, ölkədən
valyuta axınının qarşısının alınmasında idxal əvəzləyici məhsulların, o
cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində və milli
iqtisadiyyatda elmin payını artırmaqla iqtisadiyyatın diversifikasiya
edilməsində öz rolunu artıra biləcəkdir. Beləliklə, Park ən qısa zaman ərzində
elm və yüksək texnologiyalar mərkəzinə çevriləcək.
AMEA Yüksək Texnologiyalar
Parkı milli iqtisadiyyatın neftdən asılılığını azaltmaq, idxal əvəzləyici
sektorları inkişaf etdirmək, ixrac bazarlarında rəqabət üstünlükləri əldə etmək
və digər strateji hədəflərə nail olmaq üçün kifayət qədər geniş perspektivlərə
malikdir. Belə ki, qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi
ilə resurs asılılığının azaldılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi
istiqamətində Park startaplara və özəl şirkətlərə əlverişli mühit yaradır.
Rəqabətədavamlı bazar subyektlərinin yaradılması və idxal əvəzləyici
sektorların formalaşdırılması, özəl şirkətlərə stimullaşdırıcı şərait
yaratmaqla ixracmeyilli sektorlar üçün rəqabət üstünlüklərinin qazandırılması,
bu istiqamətdə beynəlxalq əməkdaşlıq imkanlarından istifadə üçün AMEA Yüksək
Texnologiyalar Parkında bütün lazımi infrastruktur şəraiti yaradılmaqdadır.
Dəqiq elmlər üzrə 4
bölməsinin 22 elmi-tədqiqat institutu və 350 müasir laboratoriyası olan AMEA-da
elm və sənaye əlaqəsinin qurulması və elmin kommersiyalaşdırılması üçün Rəyasət
Heyəti aparatında İnnovasiya şöbəsi, Təcrübə-Sənaye Zavodu və Elm və
Texnologiya Parkı yaradılmışdır. İnnovasiya siyasəti və strategiyasının
hazırlanması üzrə fəaliyyət göstərən İnnovasiya şöbəsi yalnız AMEA-da deyil,
ümumilikdə ölkədə işlənib hazırlanan və kommersiyalaşdırıla biləcək layihələrin
tətbiqi üzrə işlər həyata keçirir. Müasir infrastrukturu və geniş ərazi
imkanları olan Təcrübə-Sənaye Zavodunda isə sənayeyə qədərki eksperiment və
sınaq işlərinin həyata keçirilməsi, eləcə də kiçikmiqyaslı istehsal üçün
əlverişli şərait yaradılmışdır. Hazırda zavodda 50 çeşiddə rəqabətqabiliyyətli
məhsul istehsal edilir. AMEA İşlər İdarəsinin nəzdində 2016-cı ildə yaradılmış
Elm və Texnologiya Parkı isə elm-sənaye əlaqələrinin qurulmasının ən mühüm
həlqəsi kimi kommersiyalaşdırma və texnologiyaların transferi funksiyasını icra
etməkdədir.
AMEA Yüksək Texnologiyalar
Parkı çox mühüm tapşırıqların icra olunması və elm-istehsalat-dövlət zəncirinin
tam formalaşması üçün əlverişli zəmin yaradır. Sərəncamda nəzərdə tutulduğu
kimi Park elmi, innovativ layihələrin dəstəklənməsi, elmin
kommersiyalaşdırılması funksiyalarını həyata keçirəcək. Parkın milli
iqtisadiyyatda rolu günün tələblərinə cavab verdiyindən burada həm
sahibkarların təklifləri əsasında elmi-tədqiqat, təcrübə-konstruktor və
tədqiqat-inkişaf layihələri icra edilə bilər, həm də ideya müəlliflərinin öz
təklifləri əsasında innovasiya yönümlü layihələr hazırlanaraq istehsalata
transfer edilə bilər. Müasir infrastruktura malik Parkda icra ediləcək
layihələr rəqabətqabiliyyətliliyi, ixrac potensiallı və idxal əvəzləyici
funksiyaları ilə seçiləcək. Əminliklə demək olar ki, AMEA Yüksək Texnologiyalar
Parkı Azərbaycan elminin innovativ yüksək texnologiya məhsullarının
hazırlanmasına əlverişli mühit formalaşdıracaqdır.
Nərgiz Qəhrəmanova,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin
populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü