• cümə, 29 Mart, 16:22
  • Baku Bakı 14°C

Elmin İnkişafı Fondu kosmos üzrə beynəlxalq məktəb keçirir

08.10.18 16:40 575
Elmin İnkişafı Fondu kosmos üzrə beynəlxalq məktəb keçirir
8 oktyabr tarixində Bakı şəhərində "Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” (The International Space Weather Initiative (ISWI) School on Space Weather (SW) and Global Navigation Satellite Systems (GNSS)) üzrə Beynəlxalq Məktəb öz işinə başlayıb. 13 oktyabradək davam edəcək Məktəbin məqsədi kosmos və əlaqəli elmlər sahəsində yerli və xarici kadr hazırlığı, yeni elmi əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, həmçinin Azərbaycanın elmi potensialı və mədəniyyətinin dünyaya tanıdılması işinə töhfə verməkdir.
Azərbaycandan, həmçinin Avropa, Asiya və Afrika ölkələrindən olan gənc alim və doktorantların Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi və təcrübi biliklərinin artırılması məqsədilə keçirilən məktəbin iştirakçıları elmi komitə tərəfindən ciddi müsabiqə yolu ilə seçilib. Azərbaycandan olan dinləyicilər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Milli Aviasiya Akademiyası (MAA), Azərkosmos ASC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini təmsil edirlər.
Tədbirin əsas təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, həm-təşkilatçıları Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyanadakı Kosmik Məsələlər üzrə İdarəsinin (UNOOSA) nəzdində Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitəsi (ICG), Elm üzrə Beynəlxalq Şuranın nəzdində (İCSU) Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitə (SCOSTEP), Beynəlxalq "Kosmik Hava Təşəbbüsü” Proqramı, "Azərkosmos” ASC və Milli Aviasiya Akademiyasıdır. "Azərsun Holdinq” və Tusi-Bohm Planetarium tədbirin yerli sponsorlarındandır.
Tədbirdə NASA, Boston Kolleci, Boulder Atmosfer Tədqiqatları Milli Mərkəzindən, Amerika Katolik Universitetindən, Massaçutes Texnologiya İnstitutunun Haystak Rəsədxanasından (ABŞ), Avstriya, İtaliya, Fransa, Xorvatiya, Rusiya, İngiltərə, Avropa Komissiyasından, həmçinin Azərbaycanın akademik və təhsil qurumlarından (akademik R.Z.Saqdeyev, MAA, AMEA, "AzərKosmos” ASC və b.) tanınmış alim və mütəxəssislər plenar və öyrədici məruzələrlə çıxış edəcək. Mühazirəçi və dinləyicilər sırasında Azərbaycanla yanaşı, dünyanın 22 ölkəsinin nümayəndələri də iştirak edir.
Tədbir üçün Elmin İnkişafı Fondu tərəfindən xüsusi internet səhifəsi də hazırlanıb: http://www.sdf.gov.az/conferences/iswischool2018/.
Bu səviyyəli sonuncu tədbir Azərbaycanda təqribən 10 il bundan qabaq keçirilib.
Tədbir çərçivəsində "Azərkosmos” ASC, AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Milli Aviasiya Akademiyasında elmi-təcrübə sessiyaları da keçiriləcək.
"Pullman Bakı” hotelində başlayan tədbiri Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açaraq beynəlxalq məktəbin məqsəd və vəzifələrindən, beynəlxalq əməkdaşlığın perspektivlərindən danışıb, statistik məlumatları səsləndirib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, ABŞ Merilənd Universitetinin fəxri professoru, MAA və ADA universitetinin professoru, akademik Roald Saqdeyev, NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzinin aparıcı alimi, Elm üzrə Beynəlxalq Şuranın (İCSU) nəzdində Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin (SCOSTEP) prezidenti və Beynəlxalq Kosmik Hava Təşəbbüsü Proqramının icraçı direktoru Nat Qopalsvami də çıxış ediblər.
Elmin İnkişafı Fondunun mətbuat xidməti


banner

Oxşar Xəbərlər