• cümə, 29 Mart, 01:04
  • Baku Bakı 7°C

Elmimizi necə inkişaf etdirək?

14.12.16 13:53 2927
Elmimizi necə inkişaf etdirək?
"Azərbaycanda elmin inkişafının sürətlənməsi üçün sadəcə, tədqiqatçılarda vətənpərvərlik ruhu və bir az da tədqiqata maraq olmalıdır. Çox vaxt bəzi alimlərimiz müəyyən işlərdən çəkinir və fikirləşirlər ki, bunu sona çatdıra bilməzlər. Buna görə daha sadə və dünyada aktuallığını itirən iş görürülər. Aktual mövzular işləmək lazımdır. Alim fikirləşməməlidir ki, götürdüyü çətin işi görməyə şəraiti olmayacaq. Tədqiqat işini aparmaq üçün hər zaman şərait tapmaq mümkündür. Axı biz alimik, öz yolumuzu özümüz cızmalıyıq”.
Bu sözləri bizimlə söhbətində "Uğur hekayəsi” rubrikamızın qonağı Bakı Dövlət Universitetinin müəllimi, 28 yaşlı fəlsəfə doktoru Elvin Məlikov bildirdi.
Qeyd edək ki, Azərbaycanda elmin inkişaf etdiyini nə qədər desək də, görünən odur ki, bu inkişaf tısbağa yerişi ilə gedir. Bu yerişlə isə dünya elminə çatmaq, elmdən pul qazanmaq kimi xəyallarımızı gerçəkləşdirmək mümkün deyil. Bəs nə etməliyik?
"Dövlət prioritet sahələr seçməlidir”
Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyir ki, ölkəmizdə elmin inkişafı üçün xeyli iş görülməlidir: "Dünya elmi institutları ilə əməkdaşlığı genişləndirmək, alimlərimizi dünya elm mərkəzlərinə elmi ezamiyyətlərə göndərmək, bir neçə ölkə ilə müştərək elmi jurnalların çapı, Azərbaycan elminin dünyada təbliğinin təşkili, xarici ölkə institutları ilə əlaqələrin qurulması, elmi işçilərin fəaliyyətinin inkişafına dəstək olaraq onlara maddi və mənəvi dəstəyin gücləndirilməsi, özəl kanallarımızda elmlə bağlı proqramların təşkili, KİV-də elmin təbliği, alimlərin əsərlərinin nəşrinə dəstək və s. məsələlər əhəmiyyətlidir”.
Həmyerlimiz Bəhruz Məmmədov Niderland Krallığında təhsil alandan sonra magistr işini elmi rəhbəri ilə birlikdə elə sözügedən ölkədə şirkətə çevirib və ABŞ-ın "Cottonwood” investisiya şirkətindən 1 milyon avro investisiya alıb. Nanotexnologiyalar sahəsi ilə bağlı iş quran "Eurekite” şirkətinin həmtəsisçisi olan Bəhruz Məmmədov elmi texnologiyanın inkişaf istiqamətini iki hissəyə bölür: "Birincisi, proqramlaşdırma, digər istiqamət isə qeyri-proqramlaşdırma ilə əlaqəli innovasiyalardır: yeni materiallar, yeni cihazlar və s.. Bu sahələri inkişaf etdirmək üçün ilk növbədə universitetlərə üz tutmaq lazımdır. Azərbaycan universitetlərində dünya səviyyəli elmi tədqiqat getməlidir. Hazırkı vəziyyətdə buna bütün sahələr üzrə nail olmaq çətin olduğundan dövlət müəyyən prioritet sahələr seçməlidir. Bundan başqa, qeyd etdiyim tədqiqat sahələrinə dünya standartlarına uyğun və bir az da artıq maliyyə ayrılmalıdır. Lakin bu, işin yarısıdır. Bundan başqa, yeni ideyaların həyata keçməsi üçün maliyyə yardımları olmalıdır. Gənc iş adamları ideyalarını sınaqdan keçirmək və imkanları araşdırmaq üçün maddi yardım almalıdır. Orta və kiçik sahibkarlığın inkişafının marağında ən çox dövlət olduğu üçün, dövlət tərəfindən xüsusi fondlar yaradılmalıdır. Bu fondların işləmə mexanizmi və işləmə prinsipləri Azərbaycandakı Sahibkarlığa Kömək Milli Fondunun prinsiplərindən fərqli olmalıdır. Ümumilikdə bu, dövlət strategiyası və yeni kadrların inkişafını tələb edən uzunmüddətli prosesdir”.
Dövlətçilik maraqlarımıza təhlükə
Sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu cəmiyyətimizdə elmə olan soyuq münasibətin olduqca acınacaqlı və strateji cəhətdən dövlətçilik maraqlarımıza təhlükə olduğunu bildirdi: "Çünki indiki dövr elmi idarəetmə dövrüdür. İstənilən idarəetmə prosesi o zaman daha uğurlu, davamlı ola bilər ki, onun elmi təminatı güclü olsun. Digər tərəfdən, ölkəmizdə bəzi super güclər öz maraqlarını elmin köməyi ilə həyata keçirirsə, baş verənləri dərindən təhlil edə bilən elmi kadrlarımız olmalıdır. Ölkədəki istənilən istehsal sahəsinin, sosial sferanın problemlərini həll etmək üçün bizə müasir elmi düşüncəyə malik yeni nəsil lazımdır. İndi o ölkə daha qabaqcıl ölkə sayılır ki, elmi tutumlu, intellektual mal istehsal edə bilir. Elə bizim ölkədə öz maraqlarını elmi yollarla həyata keçirənlərin bir hədəfi də bizim, elmə münasibətimizi soyutmaqdır”.
Sosioloqlun fikrincə, elmə marağın güclü olması üçün ən əvvəl cəmiyyətdə elmə, elmi təminata tələb artmalıdır: "Yəni bütün nazirliklər, şirkətlər, müxtəlif qurumlar öz fəaliyyətlərini elmi təminat əsasında qurmağa can atmalıdır. Bu isə o zaman olar ki, həmin qurumlarda elmi təminatdan düzgün istifadə etməyi bacaran işçilər və büdcədə bu sahəyə ayırmalar olsun. İkincisi, elmlə məşğul olanların əməyi stimullaşdırılmalıdır. Yaşlı, qabiliyyətli, əsl elmi işçilərin nüfuzu yüksək, həyat tərzləri qənaətbəxş olmalıdır. Bu, yeni nəslin elmə marağının artmasında mühüm rol oynayır. Televiziyalarda tez-tez həqiqi alimlərlə bağlı verilişlər verilməlidir. Ölkəmiz o zaman qabaqcıl ölkələr sırasında ola bilər ki, biz eyni zamanda bazara elmi tutumlu intellektual məhsul çıxara bilək”.
"Radikal dəyişikliklər edilməlidir”
Ə.Qəşəmoğlunun fikrincə, təhsil sistemimizdə də ciddi dəyişikliklər edilməlidir: "Biz indi təhsilin strukturunda yalnız o dəyişiklikləri etməliyik ki, təhsilin, elmin uğurlarına dərhal kömək etsin. Təəssüf ki, təhsil sistemimizdə əzbərçilik prinsipi hələ də çox güclüdür. Bunun nəticəsidir ki, hətta elmi dərəcələri olan mütəxəssislər belə, əzbərdən danışmağa, məqalə yazanda əsasən öz mühakimələrinə yox, icmal tutmağa daha çox can atırlar. İbtidai məktəbdən başlayaraq şagirdlərdə yaradıcılığa, öz potensialını üzə çıxarmağa həvəs yaradılmalıdır. Onlarla bu sahədə peşəkar mütəxəssislər məşğul olmalıdır. Daha yuxarı siniflərdə, orta ixtisas, ali məktəblərdə ixtiraya, kəşfə, ciddi elmi araşdırmalara maraq ciddi şəkildə gücləndirilməlidir. Gənclərimizin bu sahəyə marağını artırmaq üçün stimul sistemi düşünülməlidir. Bu kəşflər ölkənin imicini çox yüksəklərə qaldıra bilər. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının, Elmi Tədqiqat İnstitutlarının, ali məktəblərdəki elmi hissələrin iş prinsiplərində radikal dəyişikliklər edilməli, elm ölkəmizin tərəqqisi üçün ən vacib bir vasitəyə çevirilməlidir”.
"Elmlə bağlı sahələr dövlət büdcəsi hesabına fəaliyyət göstərə bilməz”
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovhesab edir ki, hər hansı ölkədə elmi inkişaf etdirmək üçün vacib olan bir neçə amil var: "Bunlardan birincisi, həmin hökumətin elmin inkişafına yardım edib etməməsidir. Azərbaycanda bu sahədə ortaya siyasi iradə qoyulub və ölkə prezidenti bunu ən yüksək səviyyədə nümayiş etdirir. Digər tərəfdən, elmin inkişafı ilə bağlı hüquqi bazamız da var. Milli Məclis "Elm haqqında qanun”u qəbul edib. Eyni zamanda, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ölkədə elmin inkişafı ilə bağlı milli strategiya imzalayıb. Milli strategiyanın həyata keçirilməsi ilə bağlı dövlət proqramı qəbul edib və bu sənəd 2009-2015-ci illəri əhatə edib. Prezident yanında Elmin İnkişafı Fondu yaradılıb. Yəni Azərbaycanda elmin inkişaf etdirilməsi ilə bağlı lazım olan səviyyədə siyasi iradə, lazımi hüquqi baza mövcuddur. Amma məsələyə reallıq prizmasından baxsaq, Azərbaycan elminin inkişaf etmədiyini etiraf etməliyik. Biz bunu dansaq da, gizlətsək də, həqiqətdir. Azərbaycan elmi dünya elmindən geri qalır və dünya elminin indeksində Azərbaycanın alimlərinin yeri aşağıdadır, aparılan tədqiqatlar azdır. Deməli, burada aidiyyəti qurumların və insanların üzərlərinə düşən vəzifəni yerinə yetirməyi qalır. Bəzən deyirlər ki, Azərbaycanda elmə ayrılan vəsait ümumi büdcənin cüzi bir hissəsini təşkil edir. Amma məsələ bundadır ki, ayrılan vəsaitin nə qədər hissəsi geri qayıdır. Başqa ölkələrdə olduğu kimi, bizdə də elm özü pul qazandırmalı, yeni texnologiyalar, məhsullar yaratmalıdır. Ölkə başçısının məqsədi ondan ibarətdir ki, yeni sənaye müəssisələri yaradılsın, iqtisadiyyatın alternativ sahələri inkişaf etdirilsin. Burada elm öz sözünü deməlidir. Elmlə bağlı sahələr dövlət büdcəsi hesabına fəaliyyət göstərə bilməz. Tutaq ki, Azərbaycanın ədəbiyyatı, irsi, tarixi, ictimai sahələrin bir qrupunu dövlət maliyyələşdirə bilər. Azərbaycan Neft-Kimya İnstitutu niyə dövlət büdcəsindən maliyyələşməlidir? Azərbaycan neft ölkəsidir və nəyə görə bu müəssisə dövlət büdcəsindən maliyyələşməlidir? Hesab edirəm ki, bu sahələrdə mütləq islahatlar aparılmalıdır. Çox təəccüb və təəssüf edirəm ki, adi maşın üçün lampanı yarada bilməyən Milli Elmlər Akademiyasının institutlarında yeni model maşınlarda gəzirlər. Bu, absurddur”.
Azərbaycanda elmi məsələləri həyata keçirilən ali dövlət təşkilatı statusunda Elmlər Akademiyasının iştirak etdiyini deyən müsahibimiz ölkəmizdə elmi və elmi-texniki siyasəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının olması fikrini irəli sürür: "Azərbaycanda Elm, Təhsil və Texnologiyalar Nazirliyinin olması vacibdir. Elm təhsildən başlayır və təhsildə olan bu və ya digər məsələlər, problemlər, eyni zamanda, təhsildə olan neqativlər əlbəttə ki, elmin gələcək inkişafı ilə bağlı ciddi problemlərə gətirib çıxarır. Texnologiyanı ona görə qeyd etmək istəyirəm ki, elmin yekun məhsulu, xüsusilə dəqiq elmlərdə, yeni texnologiyalardır”.
Oxumaqla deyil, gərək adamın bəxti ola?
Psixoloq Orxan Orucun fikrincə, elmin inkişafı üçün insanlara kiçik yaşlarından həvəs yaradılmalıdır: "Uşaqlar ağ lövhə kimidirlər və əsasən ətrafdakı insanların, xüsusilə valideynlərin davranış və reaksiyalarını təqlid etməklə öyrənirlər. Elmə həvəsin yaranması və ya yaranmaması sözsüz ki, elə uşaqlıq dövründən başlayır. Uşaqlıqdan elmi mühit, ailəsində kitab oxuyan adam görməyən çox az sayda insan olar ki, gələcəkdə kitaba sevgisi olsun. Gözünü açıb ailə üzvlərini seriallara baxan, "oxumaqla deyil, gərək adamın bəxti ola” yanlış düşüncəsini eşitməklə böyüyən uşaqların böyük əksəriyyətinin elə bu cür də yaşayıb öz uşaqlarını yetişdirməsi ehtimalı çox yüksəkdir. Ümumiyyətlə, cəmiyyətimizdə elmə qarşı münasibət heç də birmənalı və heç də həmişə pozitiv istiqamətdə deyil. "Filankəsin oxumaqdan başı xarab olub”, "çox oxuyan yox, çox gəzən çox bilər” kimi yanaşmalar elmə münasibətin uşaqlıqdan zəif qurulmasına səbəb olur. Düzdür, cəmiyyətdə hər kəsin elmlə məşğul olması vacib deyil, amma elmə maraqlı insanların sayı nə qədər çox olarsa, uşaqlıqdan elmə sevgi ilə böyüyən cəmiyyət üzvləri nə qədər çox olarsa, elmin inkişafı bir o qədər sürətli və hərtərəfli olar”.
"Alimlərin daha çox qazanmaq şansı var”
Sonda qeyd edək ki, Azərbaycanda alimin pulsuz olması ilə bağlı fikirlər var. Amma müsahibimiz gənc alim Elvin Məlikov bu fikrin stereotip olduğunu düşünür: "Alimlərin daha çox qazanmaq şansı var. Məsələn, Azərbaycanda və Avropa ölkələrində alimlər üçün elan edilən layihələrdə iştirak edib qrant udmaq olur. Mən bu cür qrant layihələrində iştirak edirəm. Məsələn, bir müddət Avropa Komissiyasının 7-ci çərçivə proqramı qrantında iştirak etmişəm. Bundan başqa, BDU-nun 50+50 qrantı və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondundan layihələr udmuşam və onları tədqiqatımda istifadə etmişəm. Yəni müasir texnologiyalardan başı çıxan alimlərin pul qazanması o qədər də çətin deyil”.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər