• şənbə, 27 Aprel, 02:31
  • Baku Bakı 14°C

Elmi müəssisələri fəaliyyətini təkmilləşməyə vadar edəcək addım

05.11.18 18:39 1045
Elmi müəssisələri fəaliyyətini təkmilləşməyə vadar edəcək addım
Azərbaycanda elmin maliyyələşdirilməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrin də cəlb olunmasının stimullaşdırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu, 2019-cu ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Layihədə qeyd edilir ki, mühüm elmi nəticələrin, dünyəvi yeniliklərin, elm tutumlu mütərəqqi texnologiyalar əsasında İnnovasiya Bankının yaradılması və Milli İnnovasiya Proqramının hazırlanması da sənəddə prioritet istiqamət kimi qeyd edilib. Bununla yanaşı, innovasiya potensialının səmərəli istifadəsi və inkişafı üçün müvafiq qanunvericilik bazası yaradılacaq. Elm tutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonalarının yaradılması planlaşdırılır. Elmə digər mənbələrdən maliyyənin cəlb edilməsi təqdirəlayiq haldır. Ancaq etiraf edək ki, bu tendensiya ilə bağlı Azərbaycan elmi böyük təcrübəyə sahib deyil. Elə ona görə də məsələ ilə bağlı mütəxəssislərin mövqeyini öyrəndik.
Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı bildirdi ki, elm elə bir sahədir ki, onun inkişafı digər sahələrin inkişafı ilə bilavasitə bağlıdır: "Bununla yanaşı, elmin inkişafı digər sahələrin inkişafına da öz təsirini göstərir. Elmin yalnız dövlət büdcəsindən asılı olmasını düzgün hesab etmirəm. Düşünürəm ki, elmi-tədqiqat institutları, ayrı-ayrı alimlər digər mənbələrin, xüsusilə qrant layihələrin, sifarişlərin alınması və başqa mənbələrdən maliyyələşməni həyata keçirməlidirlər. Bu, elm sahəsinin daha da inkişaf etdirilməsi, rəqabətin artırılması, alim əməyinin qiymətləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Dövlət başçısının xüsusi diqqəti, bu sahənin yaxın gələcəkdə daha da inkişaf edəcəyindən xəbər verir”.
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı bəzi vacib məqamları qeyd etdi: "2019-cu ilin dövlət büdcəsi zərfinin layihəsində qeyd edilir ki, elm tutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonalarının yaradılması planlaşdırılır. Bundan başqa, layihədə mühüm elmi nəticələrin, dünyəvi yeniliklərin, elm tutumlu mütərəqqi texnologiyalar əsasında İnnovasiya Bankının yaradılması və Milli İnnovasiya Proqramının hazırlanması da prioritet istiqamət kimi qeyd edilib. Respublikamızda elmi kadrların hazırlanmasını tənzimləmək məqsədi ilə təşkilatların və ali məktəblərin təklifləri əsasında elmi kadrların hazırlanmasının vahid planının hazırlanması kimi məsələlər nəzərdə tutulur”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, elmin dövlət büdcəsindən asılılığının aradan qaldırılması və özünü maliyyələşməyə keçməsi əslində gecikmiş addımdır: "Bununla bağlı xeyli müddətdir danışırıq, təkliflər veririk və elmə ayrılan dövlət vəsaitinin hər qəpiyinin hesabatının verilməsinin vacibliyini vurğulayırıq. Azərbaycanda elmə vəsait on dəfə artırılsa, yenə də heç bir effekt əldə olunmayacaq. Çünki, bizim elm müəssisələrimiz hələ də köhnə üsullarla işləyirlər. Elm müəssisənin rəhbəri məsuliyyət hiss edərək, rəhbərlik etdiyi qurumun inkişafı naminə özünü fəda etməlidir, özünü bürokrat məmur kimi aparmamalıdır. Ondan hər il hesab sorulmalıdır ki, dövlət büdcəsindən ayrılmalardan əlavə, sənin rəhbəri olduğun institut nə qədər qazanıb, dövlətə nə verib. Azərbaycanda ali məktəblərin elmi institutları, laboratoriyaların qazandığı vəsait hansı faizlə ifadə olunur? Dünya elmi sürətlə inkişaf edir, yeni elmi istiqamətlər, elm sahələri yaranır, elmi məhsullar istehsal edilir və elm tutumlu ölkələr arasında gedən gərgin rəqabət bu prosesi daha da sürətləndirir”.
İ.Orucov köklü islahatların vacibliyindən söz açdı: "Amerika Birləşmiş Ştatlarında elm xərclərinin təxminən üçdə bir hissəsini dövlət qarşılayır. Qalan üçdə iki hissə vəsaiti elmi müəssisələr özləri qazanırlar. İnkişaf etmiş ölkələrdə elmə ayrılan vəsait ümumdaxili məhsulun 2-4 faizini təşkil edir, amma, elm xərcləri bununla bitmir. Çünki elmi yeniliklər birbaşa iqtisadiyyata yönəlir və iqtisadiyyatın lokomotivini təşkil edir. Bütün inkişaf etmiş dövlətlərdə inkişafın təməlində elm, innovasiya və texnologiyalar dayanır. Hesab edirəm ki, ölkəmizdə elmə ayrılan vəsaitlərə müəyyən güzəştlərin edilməsi, sahibkarlardan, biznes strukturlarından əldə olunan vəsaitlərin stimullaşdırılması məqsədilə həmin vəsaitlərin vergilərə cəlb edilməməsi kimi yumşaldıcı addımlar olduqca zəruridir və 2019-cu ilin dövlət büdcəsində bu kimi nüanslar əksini tapıb. Bu təcrübə ölkəmizdə idman sahəsində özünü müəyyən qədər doğrultdu və təklif olunan yeniliklər elmə əlavə vəsaitlərin cəlb edilməsinə gətirib çıxara bilər. Elmin pul qazanması tamam geniş bir anlayışdır, bu institut binalarının icarəyə verilməsi, bulaq suyunun qablaşdırılması kimi primitiv fəaliyyət demək deyil. Təəssüf ki, biz hələ bu məsuliyyəti dərk edə bilməyərək ucuz şoular dalınca qaçırıq. Azərbaycan elmi ölkə başçımız Cənab İlham Əliyevin həyata keçirdiyi islahatlarla nəinki ayaqlaşa bilmir, xeyli geri qalır. Köklü və ciddi islahatlar aparılmasa, bundan sonra da geri qalacaq və qəbul olunan qərarlar da faydasız olacaq”.
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər