• cümə, 29 Mart, 14:44
  • Baku Bakı 14°C

Elman Rüstəmov bu il üçün AMB-nin əsas hədəflərini açıqlayıb

03.02.18 15:22 586
Elman Rüstəmov bu il üçün AMB-nin əsas hədəflərini açıqlayıb
"Makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi Azərbaycan Mərkəzi Bankının (AMB) qarşısında duran başlıca vəzifədir”.
Mərkəzi Bankdan "APA-Economics”ə verilən məlumata görə, bunu 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasda AMB İdarə Heyətinin sədriElman Rüstəmovdeyib.
E.Rüstəmov bildirib ki, 2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir: " Bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım üçün baza şərti olacaq. Mərkəzi Bank mandatına uyğun olaraq özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcək, bununla əlaqədar bütün istiqamətlərdə zəruri islahatların aparılması diqqətdə saxlanılacaq”.
AMB sədri əlavə edib ki, hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq. "Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Mərkəzi Bank konservativ pul siyasətini davam etdirəcək. Bunun üçün Mərkəzi Bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcək. Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər. Pul təklifinin həcmi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək. Bununla belə ödənişlərin fasiləsizliyini təmin etmək, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək bundan sonra da diqqətdə saxlanacaq, - deyə E.Rüstəmov vurğulayıb.
Onun sözlərinə görə, pul siyasəti hədəflərinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı alətlərdən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək: "Mərkəzi Bank banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaq. Alətlərdən istifadə bank sistemindəki likvidlik vəziyyətindən asılı olacaq. Struktur likvidlik profisiti olduğu təqdirdə Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə portfeli genişlənə bilər. Faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcək. Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək”.
AMB sədri qeyd edib ki, siyasət qərarları pul siyasətinin transmissiyası xüsusiyyətləri də nəzərə alınacaq, qərarlar qabaqlayıcı rejimdə qəbul ediləcək: " Pul bazarının inkişaf səviyyəsindən asılı olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsi davam etdiriləcək. Əməliyyat hədəfinə effektiv şəkildə nail olmaq, alətlər üzrə kəmiyyət parametlərini adekvat müəyyən etməyə imkan verən likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi işləri davam etdiriləcək”.
Bundan başqa, pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək: "Ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair Mərkəzi Bank tərəfindən hazırlanmış dövlət proqramının qəbul edilərək reallaşması yaradılmış müasir ödəniş infrastrukturundan istifadəni əhəmiyyətli yaxşılaşdıra bilər. Mərkəzi Bank son dövrlərdə sürətlə populyarlaşan blokçeyn texnologiyalarının tətbiqi üzrə beynəlxalq prosesləri də izləyir və bu texnologiyalar əsasında maliyyə sektorunda müştəri-bank münasibətlərində rəqəmsal identifikasiya sisteminin yaradılması üzrə pilot layihənin reallaşdırılması nəzərdə tutulur”.
Mərkəzi Bankın vacib funksional fəaliyyət istiqamətlərindən olan nağd pul sferası üzrə 2018-ci ildə tədavüldə nağd pulun strukturunun optimallaşdırılması, pul nişanlarının mühafizə sistemlərinin gücləndirilməsi, yübiley və əlamətdar hadisələrə həsr olunmuş xatirə pul nişanlarının tədavülə buraxılması və bütövlükdə nağd pul idarəedilməsi sistemlərinin effektivliyin artırılması və avtomatlaşma səviyyəsinin daha da yüksəldilməsi diqqət mərkəzində olacaq.
E.Rüstəmov eyni zamanda yeni çağırışlardan, xüsusilə də prezidentİlham Əliyevin son çıxışlarında irəli sürdüyü inkişaf vəzifələrindən, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının qəbul etdiyi Tədbirlər Planından, eləcə də Mərkəzi Bankının 2018-ci il və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatından irəli gələn aidiyyəti vəzifələrin uğurla icrasında Mərkəzi Bankda strateji planlaşmanın, tədqiqat, analitik və proqnozlaşdırma bazasının, yeridilən siyasət və fəaliyyətin kommunikasiyasının, risk idarəetməsinin, insan kapitalının, idarəetmə proseslərinin, hüquqi dəstəyin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirib.
banner

Oxşar Xəbərlər