• cümə, 29 Mart, 04:48
  • Baku Bakı 7°C

Elman Nəsirov: "Trampın prezidentliyində ABŞ-Azərbaycan münasibətlərinin inkişafı üçün yaxşı imkanlar yaranacaq"

10.11.16 10:02 735
Elman Nəsirov: "Trampın prezidentliyində ABŞ-Azərbaycan münasibətlərinin inkişafı üçün yaxşı imkanlar yaranacaq"
"Donald Trampın prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı üçün yaxşı imkanlar yaranacaq". Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, təbii ki, Trampın prezidentliyi dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlərin necə olacağı sualı yaranır:"Hakimiyyətdə olduğu illərdə respublikaçıların Cənubi Qafqazla bağlı siyasəti xeyli fəallığı ilə seçilib. Oğul Buş hakimiyyətdə olduğu illərdə Cənubi Qafqaz regionuna daha böyük maraq var idi”.
E.Nəsirov qeyd edib ki, Trampın verdiyi bəyanatlardan çıxış edərək onun Azərbaycanla bağlı hansı siyasət yeridəcəyini söyləmək mümkündür:"Tramp çıxışlarında dəfələrlə deyib ki, ABŞ-ın kifayət qədər daxili və xarici siyasi problemləri var ki, onların həlli ilə məşğul olmalıdır, başqa dövlətlərin daxili işlərinə qarışmamalıdır, ayrı-ayrı dövlətlərdə siyasi hakimiyyətlərin dəyişdirilməsi xəttindən imtina etməlidir. Demokratların hakimiyyətdə olduğu 8 il ərzində əks tendensiyalar müşahidə olunmuşdu və ABŞ ayrı-ayrı dövlətlərin, eyni zamanda Azərbaycanın daxili işlərinə qarışmaq siyasəti həyata keçirmişdi. ABŞ sponsorluq etdiyi bir sıra beynəlxalq QHT-lər vasitəsilə bunu etmişdi. Nəticədə ABŞ-da demokratların hakimiyyətdə olduğu illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş əldə edilmədi. Dövlət katibi Con Kerrinin son bəyanatları göstərdi ki, ermənipərəst mövqedən çıxış etmiş demokratların bu problemi həll etmək niyyətləri olmayıb. Hillari Klinton dövlət katibi vəzifəsində olarkən Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Türkiyəyə təzyiq göstərdiyinin də şahidi olmuşduq”.
E.Nəsirov hesab edir ki, respublikaçıların hakimiyyətə gəlməsi demokratların buraxdığı səhvlərin təkrarlanmamasına imkan verəcək: "Bunun üçün Trampın kifayət qədər imkanı olacaq. Onun partiyası Konqresin nümayəndələr palatasında, həm də Senatda üstünlük əldə edib. Bu barədə də məlumatlar var. Artıq ali icra hakimiyyəti və ali qanunvericilik orqanının ABŞ siyasətini həyata keçirməsi üçün yaxşı imkanlar yaranır. Ən başlıcası isə Trampın ABŞ-ın ənənəvi demokratiya pərdəsi altında başqa dövlətlərin daxili işlərinə qarışmaq siyasətindən imtina edəcəyi haqqında bəyanatlar səslənib. Məhz elə bu konteksdən yanaşaraq hesab edirəm ki, Trampın prezidentliyi dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar yaranacaq”.
banner

Oxşar Xəbərlər