• cümə axşamı, 25 aprel, 15:24
  • Baku Bakı 23°C

Elman Nəsirov: "Məqsədləri Azərbaycanı xaos və anarxiyaya sürükləmək idi"

11.07.18 14:25 1368
Elman Nəsirov: "Məqsədləri Azərbaycanı xaos və anarxiyaya sürükləmək idi"
Millət vəkiliElman NəsirovAPA-ya açıqlamasında bildirib ki, iyulun 1-də axşam saat 20 radələrində Gəncə İcra Hakimiyyətinin binası qarşısında baş verən iğtişaşlar bir həftə öncə, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşına qarşı həyata keçirilən terror aktı ilə birbaşa bağlıdır və onun davamı kimi qiymətləndirilə bilər: "Hər iki halda hədəf Azərbaycan dövləti və dövlətçiliyi, Azərbaycandakı ictimai-siyasi sabitlik, təhlükəsizlik mühiti götürülüb. Məqsədləri Azərbaycanı xaos və anarxiyaya sürükləmək idi. Hadisələrin ilkin təhlili bu qənaətə gəlməyə əsas verir ki, bu terror aktları əvvəlcədən planlaşdırılıb, məqsədyönlü şəkildə həyata keçirilib. Onların minimum və maksimum planları olub. Bu radikal dini qruplaşmanın minimum planına Gəncədə itaətsizlik mühiti yaratmaq, vətəndaş həmrəyliyinin pozulmasına nail olmaq, ölkənin ikinci böyük şəhərində qanuni hakimiyyəti zorla qəsb etmək, Gəncəni özlərinin paytaxtı elan etmək daxil olub. Bunun ardınca domino effektinə nail olmaq, Azərbaycanın digər şəhər və rayonlarında da anoloji təxribatlar törədərək hakimiyyəti zəbt etmək, sonda isə ölkənin paytaxtında qarışıqlıq yaratmaq, vətəndaş itaətsizliyini təmin etmək, Bakıda terror aktları həyata keçirmək, hakimiyyəti zəbt etmək və beləliklə, ölkənin konstitusion quruluşunu devirərək şəriət əsasında idarə olunan dövləti yarandığını bəyan etmək olub. Bu radikal dini ünsürlər - burada söhbət 150-200 nəfərdən gedir - bu minimum və maksimum planın icraçılarıdır”.
E. Nəsirov qeyd edib ki, hər bir planın icraçıları olduğu kimi, onun təşkilatçıları da var: "Təşkilatçılar isə xaricdə olan ermənipərəst, erməni siyasi mərkəzlərindən idarə olunan qüvvələr, islamofob qüvvələrdir. Onlar heç bir vəchlə həzm edə bilmirlər ki, Azərbaycan sürətlə inkişaf edir, inkişaf etmiş dövlətlər sırasına daxil olmaq istəyir, islam həmrəyliyinin formalaşmasına töhfələr verir. Qəbul edə bilmirlər ki,Azərbaycan müsəlman aləmində bir sabitlik adasına çevrilib və bununla da islamofob qüvvələrin müsəlman dünyası haqqında mənfi imic formalaşdırmasına mane olur. Heç bir vəchlə qəbul edə bilmirlər ki, Azərbaycanda müxtəlif dinlərin, təriqətlərin, etnosların, mədəniyyətlərin daşıyıcıları bir ailə kimi yaşayırlar. Qəbul etmək istəmirlər ki, Azərbaycanda multikulturalizm bir həyat tərzidir, müxtəlif dinlərin bir ailə kimi yaşaması bir dövlət siyasətidir. Onların yuxusuna haram qatılır ki, Azərbaycanda multikulturalizm ictimai sifarişdir, xalqımız belə istəyir. Yuxularına o zaman haram qatılır ki, Azərbaycan prezidenti multikulturalizməbizim zənginliyimiz, Azərbaycanın gələcəyinin təminatçısı kimi baxır. Bütün bunları həzm edə bilməyən qaragüruhçuqüvvələr ilk növbədə Azərbaycanın qədim şəhəri, qədim dövlətçilik ənənələri, Azərbaycan tarixində müstəsna yeri olan və fəxrlə yüz illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncə şəhərində bu iğtişaşları törədərək, ictimai asayişi pozaraq Azərbaycanın digər ərazilərində domino effektinə nail olmaq istəyirdilər. Lakin onların bu niyyətləri gözündə qaldı, ünvanı səhv saldılar. Bəzi müsəlman ölkələrində belə ssenarilər baş tutsa da, Azərbaycanda baş tutması qeyri-mümkündür. Çünki o qüvvələr vaxtilə Azərbaycanı Livana, Bakını Beyruta çevirmək istəyirdilər. İndi həmin qüvvələr Bakını, Gəncəni Dəməşqə, Azərbaycanı Suriyaya çevirmək istəyirlər. Lakin bu, mümkün deyil. Çünki bunun üçün Azərbaycanda heç bir münbit şərait yoxdur. Azərbaycanda xalq-hakimiyyət birliyi var, xalq öz prezidentini birmənalı şəkildə dəstəkləyir. Aprelin 11-də keçirilən prezident seçkilərində bir daha Azərbaycan xalqı birmənalı olaraq prezidentə dəstəyini ifadə etdi. Azərbaycanda şəffaf, demokratik seçkilər nəticəsindəİlham Əliyevyenidən prezident seçildi. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin, dövlətlərin diktəsi ilə deyil, məhz Azərbaycan dövlətinin, xalqının və millətinin mənafeyindən irəli gələn bir siyasət həyata keçirir. Bu siyasət müstəqil siyasətdir və bərabər hüquqa, qarşılıqlı hörmətə, bir-birinin daxili işlərinə qarışmamağa söykənən bir siyasətdir. Bu iğtişaşları törədən qaragüruhçu qüvvələr, dini radikal ünsürlər və onların təşkilatçıları heç birbu halda bu reallığı həzm etmək istəmirdilər və ona görə də bu hadisələri törətməyə cəhd etdilər. Lakin Azərbaycan xalqı bu sınaqdan uğurla çıxdı. Bir daha məlum oldu ki, güclü xalq-hakimiyyət birliyi var. Xalq bu qüvvələrə "yox” dedi, qeyri-qanuni hərəkətlərinə öz etirazını bildirdi. Bu qaragüruhçu qüvvələr xalqın ciddi qınaq obyektinə çevrilib”.
Millət vəkili Azərbaycan polisinin bu günlərdə çox böyük rəşadət göstərdiyini, qəhrəmanlıq səhifəsi yazdığını da vurğulayıb: "Gəncədə iki yüksək rütbəli polis zabiti qətlə yetirildi, onlar şəhidlik zirvəsinə yüksəldilər. Bir daha məlum oldu ki, bu dövlətimizin keşiyində dayanan Azərbaycan xalqı, Azərbaycan polisi, qəhrəman oğullarımız sabitliyimiz, təhlükəsizliyimiz naminə, dövlətçiliyimiz naminə öz canlarından keçməyə hazırdırlar. Bu günlərdə Azərbaycan xalqı bu sınaqdan daha bütöv, daha möhkəm, daha monolit çıxdı. Eyni zamanda, antimilli ünsürlərə, onların ağalarına, sifarişçilərinə çox ciddi ismarıc göndərildi ki, ünvanı səhv salmısınız, Azərbaycanda sizin qara niyyətlərinizi həyata keçirmək üçün heç bir münbit şərait olmayıb. Belə şərait bu gün də olmayıb, gələcəkdə də olmayacaq”.
banner

Oxşar Xəbərlər