• cümə, 19 Aprel, 14:09
  • Baku Bakı 25°C

Elman Nəsirov: Ölkəmizdə təhsilin inkişafına böyük önəm verilir

15.05.19 12:23 455
Elman Nəsirov: Ölkəmizdə təhsilin inkişafına böyük önəm verilir
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müasir Azərbaycanın inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda bütün sahələrdə, o cümlədən iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrində ürəkaçan nailiyyətlər qazanılır. Bütün bunlar həyata keçirilən uğurlu, məqsədyönlü siyasətin, idarəçiliyin nəticəsidir.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr komissiyasının katibi, Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, bu gün Azərbaycanda çox önəmli islahatlar həyata keçirilir, layihələr reallaşdırılır. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı vurğulayıb: "Bu ilin yanvar ayında 2018-ci ilin yekunlarını müzakirə edərkən mən əminlik ifadə etdim ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olacaq”.
Bu ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz artıb. Qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb.
Məcburi köçkünlərə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər, tələbələrin təqaüdləri artıb.
Ölkəmizdə gənclərə, onların təhsilinə xüsusi önəm verildiyini vurğulayan deputat bildirib ki, son illərdə 3200-dən çox məktəb tikilib və təmir edilib. Müasir avadanlıqla təchiz olunmuş məktəblərdə tədris üçün bütün lazımi şərait yaradılıb. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üçün müxtəlif proqram və layihələr reallaşdırılıb. Tələbə və doktorantların təqaüdləri artırılıb. Səhiyyə sahəsində səmərəli tədbirlər həyata keçirilib, 640-dan çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir olunacaq, o cümlədən modul tipli məktəblər qurulacaq.
Xalqımızın rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan deputat Elman Nəsirov deyib ki, respublikamızda yeni sənaye müəssisələrinin yaradılması, iş yerlərinin açılması, əməkhaqlarının, pensiya və müavinətlərin, təqaüdlərin artırılması əhalinin yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına geniş imkanlar yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin əhəmiyyətini vurğulayan deputat xalqımızın parlaq gələcəyinə inamını ifadə edib.
banner

Oxşar Xəbərlər