• cümə, 29 Mart, 16:09
  • Baku Bakı 14°C

Elman Nəsirov: “Əlavə araşdırmalar ilkin məlumatların qeyri-dəqiqliyini ortaya çıxartdı”

10.06.17 13:10 1165
Elman Nəsirov: “Əlavə araşdırmalar ilkin məlumatların qeyri-dəqiqliyini ortaya çıxartdı”
"Bu bir həqiqətdir ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji xarakter kəsb edir və fundamental məsələlərdə hər iki dövlət ortaq mövqeyə malikdir. Başqa bir həqiqət isə ondan ibarətdir ki, müəyyən beynəlxalq siyasi dairələr və xüsusən də QHT-lər müxtəlif yollarla çalışırlar ki, qardaş və dost dövlət olan Gürcüstanla Azərbaycanın münasibətlərinə xələl gətirsinlər”. Bu barədə açıqlamanı Azadinform-a Milli Məclisin deputatı Elman Nəsirov verib.
E.Nəsirov bildirib ki, bu məqsədlə bir çox hallarda "sapı özümüzdən olan balta”lardan istifadə praktikasına mütəmadi olaraq müraciət edirlər: "Məsələyə bu kontekstdə yanaşdıqda Əfqan Muxtarlı ətrafında müəyyən antiazərbaycan və ermənipərəst ünsurlərin fəallaşmasının motivlərini anlamaq elə də çətin deyildir. Xüsusilə bu məsələlərlə bağlı radikal müxalif dairələr Əfqan Muxtarlıdan "qəhrəman” yaratmaq uğrunda sanki əsl yarışa start veriblər. Bu məsələlərlə bağlı mənim mövqeyim ondan ibarətdir ki, birincisi, saxlanılan şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı qərarı məhkəmə verir. İkincisi, Muxtarlının səsləndirdiyi br sıra qərəzli fikir və mülahizələr haqlı olaraq ictimaiyyətin narazılığına səbəb olub. Üçüncüsü, onun Gürcüstan-Azərbaycan xüsusi xidmət orqanlarının birgə səyləri ilə saxlanılması haqqında məndə heç bir təsdiqini tapmış informasiya yoxdur. İlkin olaraq bəzi KİV-lərin bu haqda təsdiqlənməmiş informasiya yayması müəyyən anlaşılmazlığa səbəb olub. Mənim bu informasiyaların dəqiqliyini yoxlamaq üçün apardığım əlavə araşdırmalar ilkin yayılmış məlumatların qeyri-dəqiq olduğunu ortaya çıxartdı. Dördüncüsü, onu da vurğulayım ki, ayrı-ayrı dövlətlər arasında əməkdaşlıq kontekstində cinayətdə şübhəli bilinən şəxslərin birgə əməliyyatlar prosesində saxlanılması praktikasından beynəlxalq aləmdə geniş istifadə edilir. Məsələn, ABŞ-ın qarşılıqlı əməkdaşlıq əsasında bu praktikadan İraqda və digər ölkələrdə istifadə etməsi haqqında məlumatlar vardır. Yəni burada qanunazidd bir hərəkət yoxdur. Konkret olaraq Əfqan Muxarlının saxlanılması ilə bağlı bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan və Gürcüstanın müvafiq qurumlarının bu məsələdə əməkdaşlıq etməsi ilə bağlı ilkin olaraq yayılmış məlumatların qeyri-dəqiq və təsdiqini tapmamış informasiya olması qənaitindəyəm”.
banner

Oxşar Xəbərlər