• cümə, 29 Mart, 09:19
  • Baku Bakı 5°C

Elman Nəsirov: "Dünyada böhranın dərinləşməsinə baxmayaraq Azərbaycanın mövqeləri güclənir"

08.10.16 16:00 1096
Elman Nəsirov:  "Dünyada böhranın dərinləşməsinə baxmayaraq Azərbaycanın mövqeləri güclənir"
"Bu gün dünyada iqtisadi, siyasi və hərbi böhran daha da dərinləşməkdədir. Bu reallıqda Azərbaycanın beynəlxalq aləmdə mövqeləri güclənir və ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır".Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
E.Nəsirov bildirib ki, Prezident İlham Əliyev çıxışı zaman çox mühüm məqamlara toxundu: "Bunlardan biri iki mühüm beynəlxalq təşkilatın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda ölkəmizin mövqeyini müdafiə etməsi ilə bağlı idi. İslam Əməkdaşlıq Təşkilatının son zirvə görüşündə münaqişənin həlli ilə bağlı kontakt qrupu yaradılıb. İslam Əməkdaşlıq Təşkilatı bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenlik prinsipləri çərçivəsində həllini önə çəkdi. Bu, olduqca vacib məqamdır. Digər tərəfdən, Qoşulmama Hərəkatının da son zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik prinsipləri çərçivəsində həlli ilə bağlı mövqe ortaya qoyuldu. Bütün bunlar heç şübhəsiz ki, 2016-cı ildə Azərbaycan diplomatiyasının qazandığı növbəti uğurlardır”.
E.Nəsirov əlavə edib ki, Prezident çıxışında Avropa İttifaqı ilə bağlı məsələyə də toxundu: "Bir il bundan öncə Avropa Parlamentinin Azərbaycana münasibətdə tutduğu qərəzli mövqe ucbatından əlaqələr dondurulmuşdu. Bir il sonra Avropa Parlamentinin böyük nümayəndə heyəti Azərbaycana gəldi və onlar ölkəmizlə münasibətlərin bərpası ilə bağlı cəhdlər etdilər. Azərbaycan bu prosesdə şərtlərini irəli sürdü və ikitərəfli bəyannamə hazırlandı. Bəyannamədə Avropa Parlamenti bundan sonra analoji addım atmayacağını və Azərbaycanla bağlı siyasətində belə səhvlərə yol verməyəcəyini faktiki olaraq qeyd etdi. Bu, olduqca əhəmiyyətli məqamdır”.
Deputat vurğulayıb ki, yuxarıda sadalanan amillər bir daha onu göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu xeyli güclənib: "Azərbaycanla təzyiq dilində danışmaq istəyən müəyyən beynəlxalq qurumlar görünür hesab edirlər ki, belə təzyiqlərlə ölkəmizi tutduğu müstəqil inkişaf yolundan döndərə bilərlər. Azərbaycan dövlətinin siyasəti isə xalqın milli mənafeyinə söykənir və hakimiyyətlə xalq bir yerdə olanda ona qarşı edilən beynəlxalq təzyiqlər heç bir nəticə vermir”.
banner

Oxşar Xəbərlər