• çərşənbə axşamı, 19 mart, 15:06
  • Baku Bakı 8°C

Elman Məmmədov: Gəncə hadisələri kimi təxribatların heç bir səmərəsi olmayacaq

16.07.18 14:00 808
Elman Məmmədov: Gəncə hadisələri kimi təxribatların heç bir səmərəsi olmayacaq
Gəncədə baş verən hadisələr dövlətçiliyə qarşı yönəldilmiş təxribatdır. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
E.Məmmədov qeyd edib ki, bu hadisə yaramaz ünsürlərin hansısa mərkəzlərdən öyrədilərək ortaya atılmasıdır:"Təbii ki, həmin şəxslər layiqli cəzalarını alacaqlar. Burada ümumxalq birliyindən söhbət gedir. Xalq öz birliyini ortaya qoydu. İqtidar-xalq birliyi, səmimi münasibət özünü büruzə verdi. Polisə qarşı zor tətbiq etmək, polisə əl qaldırmaq Azərbaycan qanunlarına və dövlətə əl qaldırmaq deməkdir. Bu, Azərbaycanda sabitliyi pozmaq, insanları itaətsizliyə və terrora çağırmaqdır. Həmin şəxslər ölkədə iğtişaş yaratmağa, terror törətməyə cəhd ediblər".
Millət vəkili hesab edir ki, həmin şəxslərə heç bir güzəşt edilməməlidir, onlar Azərbaycanın qanunları çərçivəsində maksimum cəzalandırılmalıdırlar.
İyulun 13-də Prezident İlham Əliyevin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasa da toxunan E.Məmmədov bildirib: "Dövlətimizin başçısının da bəyan etdiyi kimi, Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Belə təxribatların heç bir səmərəsi olmayacaq. Azərbaycan xalqı bundan sonra da rahat, təhlükəsiz şəraitdə yaşayacaq".
Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
banner

Oxşar Xəbərlər