• çərşənbə axşamı, 23 aprel, 15:39
  • Baku Bakı 24°C

Əllərin qabarı, ömrün qüruru

10.09.16 11:42 3252
Əllərin qabarı, ömrün qüruru
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Həyatına, fədakarlıqla dolu ömür yoluna bələd olduqca xəyalımdan məhz bu fikir keçirdi: əllərinin qabarı onu yüksəldib, ömrünə-gününə şöhrət, əzizlərinin ürəyinə qürur gətirib. Yadımdadır ki, ötən əsrdə biz belə qəhrəmanlardan yazanda mütləq quruluşun diqtəsini nəzərə alaraq onun uşaqlıqdan pambıq tarlasında işləmək arzusunda olduğunu qeyd etməliydik. Amma kənd təsərrüfatının bu sahəsinə bələd olanlar bilirlər ki, pambıqçılıqla məşğul olmaq necə çətin bir işdir. Bu ağır işin qulpundan yapışanlar, pambıq tarlasına üz tutanlar xoşbəxtlikdən, xoş diləklərdən deyil, bir parça çörək qazanmaq üçün məcbur olurdular. Bu tamam başqa söhbətdir ki, onların fədakarlığı, əməyə bağlılığı, cəfakeşliyi və nəhayət işgüzarlıqları ünvanlarına şan-şöhrət gətirirdi. Sovet hökuməti də məhz belə əmək qabaqcıllarını qiymətləndirərək müxtəlif mükafatlarla, orden-medallarla, fəxri adlarla dəyərləndirirdi ki, başqaları da nümunə götürsünlər. Əslində, pis metod deyildi. Necə deyərlər, çalan da qazanırdı, oynayan da. Bəzən də bu fərqlənən insanların arasından elə böyük ürəkli, bacarıqlı, zəkalı, uzaqgörən, millətini, torpağını ürəkdən sevən şəxsiyyətlər çıxırdı ki, onların varlığı elinin-obasının qismətinə qənimət kimi yazılırdı. Elə bizim qəhrəmanımız da belə şəxsiyyətlərdən biridir.
Zeynəb Çərkəz qızı Qənbərova 1916-cı ilin yayında Ağdaş rayonunun Ərəbocağı kəndində dünyaya göz açıb. Bir tikə vaxtından əməyə bağlanmış, yaşca özündən böyük qız-gəlinlərə qoşularaq pambıq tarlalarında işləməyə başlamışdır. Zirəkliyi, yorulmazlığı onu hamıdan fərqləndirirdi. Repressiyaların dolaşdığı illər, sonradan II Dünya müharibəsinin bəlaları hər yerdə olduğu kimi bu kəndin sakinlərinin həyat tərzinə, yaşayışına öz təsirini göstərmişdi. Həm mənəvi, həm də maddi çətinlik insanları sıxırdı... Bu təzadlı zamanda çıxış yolunu ağ örpəkli zəmilərdə axtaran Zeynəb yanılmamışdı. İnad və məhəbbətlə ağır zəhmətə qatlaşmağı sayəsində onu əvvəlcə manqa başçısı, sonra isə briqadir təyin etdilər. Ona göstərilən inam və etibarı doğrultmağı bacaran Zeynəb Qənbərova doğma kənddəki "Şəfəq” kolxozuna sədr seçiləndə 38 yaşı var idi. Elə o vaxtdan da Ərəbocağının qara günlərinə son qoyuldu, desəm yanılmaram. Söyləyəcəyim faktlar özü bu fikri təsdiqləyəcək. Zəhmətə bağlılığı, hünəri, dürüstlüyü, mərdliyi onu hamıya sevdirmişdi. Xoş sorağı bütün respublikamıza yayılmışdı. Ən gənc pambıq ustası idi ki, o dövrün ən yüksək təltifinə - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Bir məsələni də qeyd edək ki, ötən əsrin 40-50-ci illərində belə mükafatların düşər-düşməzi olurdu. Bir iblisin rəyi bəs edərdi ki, səni gedər- gəlməzə göndərsinlər. Yəqin Allahın nəzəri həmişə onun üzərində olub ki, Bağırov zamanında belə sözü eşidilib, şikayətinə qulaq asılıb, təklifləri nəzərə alınıb, nəticədə də Ərəbocağının sakinləri əziyyət çəkdikləri kasıbçılıqdan qurtulublar, bütövlükdə kəndin bəxtinə gün doğub. Hətta başqa rayonlardan repressiyaların caynağına ilişməmək üçün bura öz tutanlar da ömürlərini sonuna kimi rahat yaşaya biliblər.
Məhz onun gərgin əməyinin, çalışmasının, müraciətlərinin sayəsində kəndin siması tamamilə dəyişdi. Kəndarası yollar asfaltlaşdırıldı, fərdi və sosial məqsədlər üçün yeni evlər, binalar tikildi. Kənd sakinlərinin yaşayış tərzi yaxşılaşdırıldı. Hər kəs əməyinin bəhrəsini ürək istəyincə dada bildi. Ərəbocağının mədəni səviyyəsi elə yüksəldi ki, respublikanın hər yerində onun şöhrətindən xəbərdar oldular.
SSRİ, eləcə də beş çağırış Azərbaycan Ali sovetlərinin deputatı olan Zeynəb Qənbərova o dövrün ən yüksək mükafatlarına, orden və medallarına layiq görülmüşdür. Təsəvvür edirsiniz, 3 dəfə "Lenin Ordeni”i ilə təltif edilmişdi. Moskvada, Bakıda keçirilən müxtəlif qurultaylara nümayəndə seçilmişdi. Böyük nüfuz və hörmət sahibi olan bu zəhmətkeş xanımı hər yerdə məhəbbətlə qarşılayır, sözünü eşidirdilər. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçiləndən sonra rayonlara tez-tez gedər, zəhmətkeşlərlə söhbət edərdi. Belə unudulmaz görüşlərdən biri də məhz Ərəbocağı kəndində - Zeynəb Qənbərovanın rəhbərlik etdiyi kolxozda oldu. Pambıq tarlalarını gəzərək, əmək qəhrəmanının iş üslubunu yüksək qiymətləndirən Heydər Əliyev Zeynəb xanımın arzu və istəkləri ilə maraqlanıb. Bəlkə də ulu öndər onun şəxsi ehtiyaclarını eşitmək istəyirmiş. Zeynəb xanım yarımçıq qalmış körpünün tamamlanmasını və kəndə mədəniyyət sarayının tikilməsini arzu etdiyini bildirib. Ulu öndərin göstərişi ilə bu xahişlər yerinə yetirilib. Ərəbocağında 400 nəfərlik mədəniyyət sarayının açılış mərasimində kolxoz sədrinin istəyi ilə özünün adaşı - Zenəb Xanlarova iştirak edib. Kəndin yaşlı sakinləri o günləri indi də məhəbbətlə xatırlayırlar.
Zeynəb Qənbərova 36 il kolxoz sədri kimi fəaliyyət göstərsə də, ona "analar anası” deyirdilər. Özünün əslində bircə övladı var idi. Məhəbbət xanım analı günlərini xatırlayanda həmişə kövrəlir: "Uşaq vaxtı elə bilirdim ki, kəndəki bütün körpələrin anasıdır. Hamı onu çox sevirdi. Nişanda, toyda, vayda elə ürəklə, fəal iştirak edirdi ki, sanki hamı onun doğması, əzizi idi. Bir qəlbdə nə qədər sevgi ola bilərdi ki, hamıya eyni dərəcədə göstərə biləsən. Evimizi həmişə qonaqlı-qaralı görmüşəm. Əslində anam zabitəli, ciddi adam idi, amma işi, diqqəti, insanlarla rəftarı elə yüksək səviyyədə olardı ki... Anamdan çəkinərdilər ,ehtiyatlanardılar, di gəl elə ürəkdən sevərdilər ki... Mən bunu onun xəstə yatdığı günlərdə gördüm. Bütün kənd axışıb gəlirdi, gizlində ağlayırdılar, Allaha yalvarardılar ki, Zeynəb ana bu dərddən tez qurtulsun. Şəkər xəstəliyi isə anamı şam kimi əritdi. İndinin özündə nə vaxt anamın qəbrini ziyarət etsəm, məzarının üstündə kəndimizdəki qızılgüllərdən görərəm. Hələ atam. Mən qarışıq bütün kənd ona İslam baba deyərdi. Atam dünyanı çox erkən tərk etdi. Anamı dərdə salan bir möhnət də bu oldu. Atam Şuşada, Xan nəslinə mənsub bir ailədə dünyaya göz açmışdı. 1930-cu ildə repressiyadan qurtulmaq üçün Ağdaşa gəlmişdi. Tale də valideynlərimi burada rastlaşdırmışdı. Tələbə vaxtı Şuşaya tez-tez gedərdik...”
Yəqin ki, kino tariximizin maraqlı səhifələrindən olan "Görüş” filminə az adam tapılar ki, baxmamış olsun. Rejissor Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi bu film bir-birlərilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluq yarışına həsr edilib. Filmdə əmək insan həyatını zinətləndirən bir məziyyət kimi tərənnüm edilir. Maraqlısı odur ki, aktrisa Münəvvər Kələntərlinin yaratdığı kolxoz sədri Münəvvər Zeynəb Qənbərovanın prototipidir. Elə filmdə də söhbət məhz "Şəfəq” kolxozundan gedir. Məhəbbət xanım söyləyir ki, filmdə hətta Münəvvər xanımın geyindiyi paltarlar-kostyum, yaylıq... anama məxsusdur. Çəkilişlər də Ərəbocağı kəndində aparılıb. Münəvvər Kələntərli saatlarla Zeynəb Qənbərovanın işçiləri ilə necə söhbət etdiyini, iş prosesini diqqətlə izləyərmiş ki, obrazını təbii və inandırıcı yarada bilsin. Zeynəb xanımın iş otağı, evi filmdə çəkiliş meydanı kimi istifadə olunub.
Bu il Sosialist Əməyi Qəhrəmanı Zeynəb Qənbərovanın anadan olmasının 100 ili tamam olur. Hansı quruluşda yaşamağından, peşəsindən, sənətindən asılı olmayaraq xalqına, millətinə xidmət edənlər heç zaman unudulmurlar. Onların xatirəsi həmişə əziz tutulur. Bu münasibətlə biz İctimai Televiziyada yayımlanan "Yadigarlar” verilişinin bir sayını da əmək qəhrəmanımızın qürur dolu həyatına həsr etdik. Doğmalarının xahişi ilə Ağdaş rayonunda, Ərəbocağı kəndində də olduq. Kənd məktəbində keçirilən tədbirdə iştirak etdik. Məktəblilərin bu dəyanətli, hünərli xanım barəsində hazırladığı kompozisiya xoşumuza gəldi. Gənc nəslin öz keçmişlərinə göstərdikləri diqqət, rəğbət təqdirəlayiqdir. Ağdaşda Zeynəb Qənbərovanın adını daşıyan küçə var. Bu küçənin görməli bir yerində "Heç kim unudulmur, heç kim yaddan çıxmır” adlı guşə də yaradılıb. Burada Ağdaşın tanınmış, məşhur şəxsiyyətlərinin barelyefi vurulub.
Bu sırada Zeynəb Qənbərovanın xatırlanması bizi sevindirdi. Amma Ərəbocağı kəndində ondan yadigar qalan mədəniyyət sarayının işləməməsi bizi məyus etdi. Vaxtı ilə bu mədəniyyət ocağında çox möhtəşəm tədbirlər keçirilib. Azərbaycanın görkəmli sənətkarları konsertlər veriblər. "Mədəniyyət sarayı niyə fəaliyyət göstərmir” sualına aldığımız soyuq cavab - "Qəza vəziyyətindədir” laqeyd münasibətin göstəricisidir. İnanmaq istərdik ki, tezliklə bu biganə münasibətin buzu əriyəcək. Boynumuzda haqqı olanların xatirəsini əziz tutmağın bir yolu da onlardan yadigar qalanları qorumaqdır. Zeynəb Qənbərova çətin bir dövrdə yaşadı, amma çətinlikləri dəf etməyi, millətini, torpağını canından artıq sevdiyini öz əməli və zəhməti ilə sübut etdi. Ona elə-belə "Ellər anası” demirdilər ki... Yadımdadır, unudulmaz Habil Əliyev mənə söhbət arası bir tövsiyə etmişdi: "Vaxt tapan da sən bir Zeynəb Qənbərova haqqında məqalə yaz. Bizə nə var ki... sənət adamıyıq, az-çox tanıyırlar, bax o zəhmətkeşləri unutmayın! Çox ağır zamanlarda öz əllərinin qabarı ilə xalqa çörək verdilər...” Uzun müddət bu fikirləri beynimdən çıxara bilmədim. Habil müəllim elə-belə bu sözləri deməzdi. Zeynəb Qənbərovanın həyatını öyrənəndən sonra duydum ki, Habil müəllim necə də haqlı imiş. Həqiqətən əlinin qabarı ilə zirvələrə yüksələnlərin həyatı qürur və nümunədən ibarət olur.
banner

Oxşar Xəbərlər