• cümə axşamı, 28 mart, 15:12
  • Baku Bakı 16°C

Əllə yazaq, yoxsa kompyuterlə?

30.03.15 12:07 1745
Əllə yazaq, yoxsa kompyuterlə?
Məktəblərdə əllə yazının ləğv olunacağı ilə bağlı xəbərlər sosial şəbəkələrdə birmənalı qarşılanmır. Belə ki, əllə yazıdan kompyuter yazısına keçidin tədricən baş verəcəyini bildirənlər və prosesi alqışlayanlarla yanaşı, ümumiyyətlə, belə bir dəyişikliyin mümkün olmayacağı qənaətində olanlar da var. Bir sıra Avropa ölkələrinin əllə yazıdan artıq imtina etdiyi fikrini önə çəkənlər hesab edirlər ki, əgər məktəblərdə kompyuter tədris olunursa, uşaqlar planşetlərdən istifadə edirlərsə, dərsliklər elektron formaya keçilirsə və ən əsası, şagirdlərin əllərinə düşən güc get-gedə azalırsa, bu yükdən biryolluq da yaxa qurtarmaq olar.
Hələ ki daha çox vətəndaş mediası və bəzi xəbər saytlarının hallandırdığı xəbərin rəsmi əsası olmadığından məsələyə təhsil rəsmilərinin reaksiyası da görünmür. Ayrı-ayrı ekspertlər, ziyalılar isə yaxın gələcəkdə baş verə biləcək prosesi kütləvi savadsızlığın başlanğıcı kimi dəyərləndirirlər.
Yazı təkcə əlifba ilə başlamır
“Məktəblərdə yazının ləğvini məqbul hesab etmirəm. Əllə yazının kompyuterlə əvəzlənməsi tamamilə yanlış mövqedir. Yazının əhəmiyyətini bilən insanlar bu fikri dəstəkləyə bilməzlər” - deyən Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev hesab edir ki, sivilizasiyanın başlıca amili yazının meydana çıxması, digər meyarı isə çap işləri ilə bağlıdır. Belə ki, yazının meydana çıxması böyük kəşf və sivilizasiya inqilabı olduğu kimi, təkcə elmi hadisə deyil, həm də insanlara yazı mədəniyyətini aşılamağa xidmət edib: “Yazı yaza bilmək sadəcə hərf köçürmək deyil. O, hərfin estetikasını yaratmaq, ondan zövq almaq, həflərin düzülüşü ilə ahəng yaratmaqdır. Bunun ciddi elmi, mədəni əsasları var. İnsanın əlinin hərəkətinin, beyninin, düşüncəsinin inkişafı da böyük amildir. Yazı yazmaq hərfin şəklini çəkmək deyil. Ona görə də ilkin həflərdən başlayaraq şagirdlərə yazı öyrədilməli və yazı mədəniyyəti aşılanmalıdır”. TŞ sədri hesab edir ki, pedaqoji işi bilməyən, şagird oxu və yazı mədəniyyətindən xəbərsiz iş adamları sürət xətrinə kompyuterdən bütünlüklə istifadəni təklif edirlər: “Ola bilər ki, bu təklifə müsbət yanaşılsın. Texnologiyaların inkişafı ayrı bir mərhələdir. Yazı təkcə əlifba ilə başlamır. Yəni sonrakı mərhələdə insanlara müstəqillik vermək olar ki, kompyuterdən istifadə etsinlər. Ancaq kompyuter texnikadır, o da köhnəlir, sıradan çıxır. Kompyuter texnikasının özündə yazının estetikası, onun ayrı-ayrı fikirlərini məqsədyönlü çatdırmaq üçün əlyazması formasından istifadə olunur”. Ə.Ağayevin sözlərinə görə, bugünkü tələbələrin, magistrlərin yazdıqları yazıları oxumaq mümkün deyil: “Tələbələrin kompyuterlə yazdıqları yazıların böyük əksəriyyəti orfoqrafik səhvlərlə doludur. Çünki yazı zamanı şagirdlərə təkcə hərflər deyil, həmçinin durğu işarələri və bütün orfoqrafik qaydalar öyrədilir. Ona görə də yazı vərdişindən əl çəkmək, onu inkar etmək və bəyənməmək öz tarixini, kökünü və dədə-babasını bəyənməməyə bərabərdir”.
Təxəyyülün və düşüncənin inkişafına kömək
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli normal düşüncəli insanın bu ideyanın nə vaxtsa həyata keçəcəyindən razı qalacağına inanmır. Onun fikrincə, insanın yazı xətti dünyanın ən tarixi faktlarından biridir ki, bu günə qədər qorunub saxlanıb: “Yəqin bəşəriyyət nə qədər mövcud olacaqsa, yazı da o qədər qorunub saxlanacaq. “Qurani-Kərim” də əl yazısı ilə ortaya çıxıb. Ona görə də müqəddəs şeylərə toxunmaq olmaz. Həmçinin hər bir insanın xətti onun xarakterini müəyyən edən amildir. İnsanın əl xətti böyük keyfiyyətdir”. BDU professoru hesab edir ki, əl yazısından uzaq olan, ömrünü yalnız kompyuterə həsr edən insanın təfəkkürü zəif olacaq: “İlk növbədə kağız ağ olduğuna görə insan orada yalan danışa bilmir. Ağ kağıza qara ləkə salmaq olmaz. İnsan əllə yazı yazanda onun təfəkkürü və təxəyyülü daha yaxşı inkişaf edir. Kompyuterlə yazan yazıçı ilə əllə yazan yazıçının fərqini duyuram. Təxəyyül kompyuterdə yazarkən ona görə zəifləyir ki, prosesdə daha çox texnika rol oynayır. Əl yazısında texnika olmadığından insan daha çox öz ideyaları və təxəyyülü ilə məşğuldur. Ona görə də əlyazması insan təxəyyülünün və düşüncəsinin inkişafına kömək edən prosesdir. Mən gələcəkdə əl yazısını unudan bir nəsil təsəvvür edə bilmirəm”.
Halal olmayan sistem
Millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, yalnız normal düşüncəsi olmayan adamlar əl yazısının ləğvi barədə düşünə bilərlər: “Düzdür, bu gün bilgisayar dönəmidir. Ancaq daş və ağac üzərində oyma sənəti ilə məşğul olan insanlar da var. Həmçinin miniatür sənəti ilə məşğul olanlar da çoxdur. Bunların hamısı sənətdir. Əl yazısı insanın vərdişi, mədəniyyətdir”. Xalq şairinin sözlərinə görə, bu gün xətt nümunələrini qoruyub saxlamaq üçün əlyazma kitablar hazırlanır. Bundan əlavə, insanlar yaşa dolandan sonra əsəblərini sakitləşdirmək üçün “Quran”ı əllə köçürürlər. İnsanlar əl yazısı ilə avtoqraf yazıb kitablarını hədiyyə edirlər: “Məktublar əllə yazılır. Əllə yazılan sənədlər daha etibarlı olur. Bütün bunları bir kənara qoyub birdən-birə əllə yazılan yazıdan imtina etmək mümkün deyil. Onsuz da zaman o inkişafa doğru gedir. Bunun qarşısını almaq mümkün deyil”. S.Rüstəmxanlı hesab edir ki, əllə yazının bütünlüklə ləğvini qanunla və ya xüsusi fərmanla həyata keçirmək də olmaz: “Bu gün bilgisayarla elmi iş yazanlar daha çox montajla məşğul olurlar. Müxtəlif mətnlərdən abzaslar götürüb onları bir-birinə calamaq yeni bir sistem olsa da, halal sistem deyil”.
Sosial problem
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, professor Əlövsət Əliyevin fikrincə, müasir dünyada praktikada istifadə olunan, zamanı illərlə qabaqlayan ayrı-ayrı texnologiyalar istifadədədir. Belə ki, həmin texnologiyalar sərgilərdə nümayiş etdirilir. Ehtimal ki, bizim görmədiyimiz, eşitmədiyimiz avadanlıqlar da sərgiyə çıxarılır: “Ancaq bunların hamısı innovativ xarakterli elmi-tədqiqat işləridir. Onlar sənaye istehsalı səviyyəsinə gəlib çatmayıblar. Sənaye istehsalı səviyyəsi elə olmalıdır ki, kommersiya marağı ilə alına bilsin. Təbii ki, yazını yüngülləşdirən texnologiyalar da var. Bununla bağlı yazının ləğv edilməsi gündəlikdə ola bilər”. Professorun fikrincə, əllə yazının yaxın zamanda ləğv olunacağı fikri real görünmür. “Bu, insanların kütləvi savadsızlaşmasına da gətirib çıxara bilər. Mən sosial şəbəkələrdə sözlərin qısa, təhrif olunmuş şəkildə yazılmasının şahidi oluram. O səhvlərin düzəldilməsində insanların heç bir məsuliyyəti də olmur. Bu, böyük sosial problemdir. Məncə, bu sahədə təbliğat işləri aparılmalıdır”.
Sürətlə inkişaf olsa...
Bununla belə, məsələyə inkişaf nöqteyi-nəzərindən yanaşanlar da var. 160 saylı Klassik Gimnaziyanın ana dili və ədəbiyyat müəllimi Məlahət Ələsgərova təhsil sistemində kompyuterləşmənin tam həyata keçirilmədiyi üçün əl yazısından imtinanın yaxın zamanda mümkün olmayacağı qənaətində olsa da, prosesi qəbahət də saymır. “Bu dəyişikliyə kəskin ehtiyac görmürəm”- deyən pedaqoq hesab edir ki, nə zamansa şagirdlər texnologiyalarla təmin olunsalar, məktəblər tam kompyuterləşsə, bu prosesə keçidi normal saymaq olar: “Yeni əsrdir, get-gedə inkişaf gedir. Əllə yazı bir az vaxt tələb edir. Əgər hər yerdə kompyuterləşmə varsa, onda uşaq əllə yox, kompyuterdə yazsın. Mən burada hər hansı qəbahət görmürəm. Məsələn, nazirlik bizə vəd verib ki, yaxın vaxtlarda elektron kitablar buraxılacaq. Hətta dərsə gəlməyən uşaqlar həmin materialı audio şəklində dinləyəcəklər”. M.Ələsgərovanın fikrincə, əl yazısı kompyuterlə tam əvəz olunandan sonra uşaqlar daha sürətli düşünəcəklər: “Sürətlə inkişaf olsa, mənə elə gəlir daha səliqəli iş alınar. Hər şeydən əvvəl vaxta qənaət etmiş olacaqlar. Elə indinin özündə də uşaqlar əllə az yazı yazdıqları üçün xətlərini başa düşmək olmur. Amma kompyuter yazısı olsa, onda yazdıqlarını rahat oxumaq olar”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər