Elizabet Ebert dünyasını dəyişdi
"Kovboy
poeziyasının böyük ledisi” Elizabet Ebert dünyasını dəyişib. Ebertin hələ
2006-cı ildə nəşr olunmuş "Çəmənliyin xanımı” ("Prairie wife”) toplusunda vəfat gününə həsr etdiyi
"Mən dünyadan köçəndə” ("When I leave this life”) şeiri xüsusi diqqət çəkmişdi.
"New-York Times”-ın xəbərinə görə, Amerika
ədəbiyyatına "kovboy poeziyası” janrının ən uğurlu nümunələrinin müəllifi olmuş
xanım Ebertin vəfat xəbərini mətbuata dostu, şair Bakster Blek təsdiqləyib.
Açıqlamasında Elizabet Ebert ilə keçən həmkarlıq illərini xatırlayan şair onun
dövrün poetik mühitindəki nüfuzunu belə təsvir edib: "O, peşəkar şair kimi
poeziya meydanına daxil olanda… Belə təsəvvür edin də, sanki avtomobil
paradındasınız, hamı "Honda” sürür, Eliza isə "Kadillak”da gəldi”.
Həyat yoldaşı Selmer İohanı 2008-ci ildə itirdikdən
sonra dərin depressiya keçirən şair özünü toplaya bilmir. Bir müddət sonra açıq
havada keçirdiyi günlər Ebertə bronxial problemlər olaraq qayıdır. İohandan üç
övladı olan şair sonuncu dəfə "American Cowboy” dərgisinə müsahibəsində bu
sözləri deyib: "Ölümdən qorxmuram. Hamı doğulan gündən bir gün öləcəyini bilir.
İndi bu mənim dərdini çəkdiyim məsələlər sırasında sonuncusu belə deyil. Hətta,
bəzən o qədər yoruluram ki, artıq nə eləsəm, ağzıma dərman dadı verən bu
həyatla yollarımın ayrılmasını istəyirəm”.
Son günlərini anasının yanında keçirən qızı Ceyn:
"O son ana qədər ana idi. Ömrünün sonuna kimi sərt, təmkinli və xeyirxah ana…”.