• cümə axşamı, 25 aprel, 13:22
  • Baku Bakı 23°C

Əliqismət Lalayev: Teatr təkcə asılqandan başlamır

01.11.14 10:05 2609
Əliqismət Lalayev: Teatr təkcə asılqandan başlamır
Bu müsahibənin ilk variantı ötən əsrin 80-ci illərində yazılmışdı. Onda mən necə deyərlər “çiçəyi burnunda” çox cavan bir jurnalist idim və Azərbaycan mətbuatında məhsuldar bir qələm əhli sayılırdım. O zamanın ən populyar qəzet və jurnallarında yazılarımı böyük məmnuniyyətlə çap edirdilər, yenicə işə başladığım AzTv-də daha çox mədəniyyətdən yazırdım. Tez-tez rayonlara, o cümlədən də Naxçıvana ezamiyyətə gedirdim və bu səfərlərdə mütləq yerli teatrların tamaşalarına, bədii özfəaliyyət kollektivlərinin çıxışlarına baxıb süjetlər hazırlayır, qəzetlər üçün məqalələr yazırdım. İlk dəfə Əliqismət Lalayevlə də orada - yəni Naxçıvan Musiqili Dövlət Dram Teatrında tanış olduq. Onda o da çox gənc idi. Amma yaradıcılıq ilhamı ilə dolu, həddindən artıq özünəgüvənli və inamlı bu cavanı həmyaşıdlarından fərqləndirən, həm də onun bir qədər çılğın və iddialı olmasıydı. Əliqismət Lalayevi Naxçıvanın teatr mühitində yaxşı tanıyırdılar, o dahi Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən “Mənim Tanrım gözəlllikdir, sevgidir” tamaşasında baş rolun ifaçısı idi. Bir sıra tamaşalara verdiyi quruluşlar bu teatrın tarixində hadisə sayılırdı. Biz o vaxt Əliqismətlə Azərbaycan teatrının problemləri və perspektivləri barədə bir xeyli söhbət etdik. Bilmədiyim səbəblər üzündən məqalə çapa getmədi və mən o əlyazmaları düz 30 ildən sonra yenidən xatırladım. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əliqismət Lalayevlə görüşlərimizin birində ötən günlərə və o məqalədə qaldırdığımız problemlərə bu günün tələbləri ilə yanaşmağı qərara aldıq.
-Salam, Əliqismət müəllim!
-Salam, xoş gəlmisiniz!
- Sağ olun! Bu gün sizinlə illər öncə başladığımız bir söhbəti davam etdirmək istəyirəm. Yadınızdadırmı, o mübahisəli və çapına icazə verilməyən söhbət?
- Əlbəttə, unutmamışam, o dövr üçün bu cavan yazarlar üçün çox ciddi bir addım idi.
- O vaxt söhbətimiz teatr və tamaşaçı, teatr və repertuar, teatr və həyat problemlərinə həsr olunmuşdu və siz iddia edirdiniz ki, insanın yaşamasını şərtləndirən 3 mənəvi amilin üçünü də özündə etiva edən məhz teatrdır. Teatr bizə İNAM, SEVGİ VƏ ÜMİD aşılayır. Və əsaslandırdınız da qənaətinizi: tamaşaçı səhnədə baş verənlərin yazıçının, dramaturqun, liberetto müəllifinin, bəstəkarın təxəyyülünün məhsulu olduğunu bilsə də, onu real həyat hadisəsi kimi qəbul edərək, səhnədə gördüklərinə İNANIR, oradakı obrazları, qəhrəmanları öz kumiri kimi SEVMƏK istəyir və teatrın o sehirli pərdəsi onu xəyal dünyasından real aləmin gerçəkliyinə qaytaranda belə, o ÜMİDLƏ tamaşa salonunu tərk edir! Əmin olur ki, həyat gözəldir, hələ İNANMAĞA, SEVMƏYƏ və ÜMİDLƏ yaşamağa dəyər!
- Əlbəttə, söhbət teatra, bədii sözə, sənətə qiymət verən insanlardan gedir! Yoxsa illər boyu şəhərin bir teatr, konsert müəssisəsinin yerini belə bilməyən, amma təəssüf ki, teatrlar haqqında fikir söyləyənlər, baxmadığı tamaşaya tənqidi münasibət bildirənlər var! Təbii ki, belələri hər vaxt olub. Amma, mən bu insanlarda günah görmürəm, sadəcə onların zövqü bir qədər başqa cür formala-şır... Son illər televiziya kanallarının sayının artması, peyk vasitəsi ilə ölkəmizdə də yayımlanması mümkün olan yüzlərlə kanalı evindən kənara çıxmadan izləmək imkanı çoxlarını canlı teatrın, aktyorla birbaşa təmasın ləzzətini dərk etmək hissindən məhrum edib. İndi insanların düşünmək imkanını məhdudlaşdıran, tamaşaçını primitiv məişət söhbətləri, dedi-qodu, qeybət qalmaqalları ilə ekran önündə kilidləməyə israrlı olan qruplar var ki, onların dərdi-səri yalnız reytinqdir! Məhz bu reytinq sindromuna yoluxanlar teatr, konsert, sərgi salonlarının tamaşaçıya aşılaya biləcəyi yüksək estetik duyğu və hisslərin yerini ucuz və bayağı şou proqramlarla doldurmağa çalışırlar. Teatra böyük önəm verən görkəmli rus yazıçısı N.Qoqol yazırdi: «Teatr elə bir tribunadır ki, bu tribunadan adamlara çoxlu yaxşılıq etmək olar».
-Razılaşın ki, ötən əsrin 70-80-ci illərinin “teatral Bakı”sı bu gün yoxdur.
- Bunun səbəbini araşdırmalı olsaq kökü yenə ailələrə, məktəblərə, cəmiyyətin aparıcı qüvvəsi sayılan ziyalıların bu məsələyə biganə yanaşmasına, barmaqarası baxmasına gedib çıxır. Özü ildə bir tamaşaya baxmayan valideyn, məncə, övladının bu sahəyə marağını önəmsəməyəcək, həmçinin, məktəblilərin bədii zövqünün formalaşmasını axırıncı plana çəkib məktəblə teatr arasında bir vaxtlar mövcud olan sıx əlaqələrin üstündən bir əmrlə qələm çəkənlər gələcəyin tamaşaçısını yetişdirmək fikrindən çox uzaqdırlar. İndi hər kəs ancaq maddiyyat barədə düşünür - deyəcəksiniz. Lakin gəlin unutmayaq ki, insanın dolğun bir ömür yaşaması, həyatın ləzzətini doya-doya yaşaması üçün mənəvi qida çox vacibdir.
- Bəlkə, biz teatrlarımızda tamaşaya qoyulan hər hansı bir əsəri hadisəyə çevirməyi, onu lazımınca təbliğ və təqdim etməyi bacarmırıq! Məncə, bazar iqtisadiyyatı dövründə hər kəs öz məhsulunu reklam etməyin, necə dəyərlər, ona “müştəri” tapmağın yollarını da günün tələbləri səviyyəsində qurmağa qadir olmalıdır.
-Bizim teatrın tamaşaçı sarıdan korluq çəkmədiyini vurğulayaraq, sizin fikirlərinizlə şərik olduğumu bildirmək istəyirəm! Lakin, teatr haqqında peşəkar söz, fikir deyənlərimiz, insanları teatra cəlb etmək üçün bizimlə birlikdə çalışmalı olan teatr tənqidi də sanki bu gün öz yerini çox böyük səxavətlə jurnalistikaya verib. Yəni, peşəkar tənqiddən çox, jurnalist təqdimatı baş alıb gedir. Bəli, bu gün Azərbaycanda peşəkar və sistemli teatr tənqidi yoxdur! İmzası teatr ictimaiyyətinə yaxşı tanış olan 2-3 nəfər peşəkar teatr tənqidçimiz var, onlar da indi daha çox elmi-pedaqoji fəaliyyətlə məşğuldurlar! Bəziləri də açıq-aşkar deyir ki, bu qəzet bolluğunda bizim qeydlərimizi oxuyan və onlara dəyər verən kimdir? Tamaşa haqqında informasiya xarakterli yazılar yazan qeyri-peşəkar jurnalistlər də çox vaxt əsərin məzmunu özlərinin dərk etdikləri kimi şərh edir və əsas ifaçıların adını çəkməklə missiyalarını yerinə yetirirlər. İnanın, bəzən teatra elə “jurnalistlər” gəlir ki, onların teatr haqında, ümumiyyətlə, anlayışları yoxdur. Ötən mövsümlərin birində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası oynanılacaqdı. Foyedə güllə kimi üstümə şığıyıb özünü hansısa saytın müxbiri kimi təqdim edən birisi mənə nə sual versə yaxşıdır? “Müəllim, əsərin mövzusu nədən bəhs edir (elə beləcə də deyir ha!), ssenarist kimdir, musiqisi kimindir?” İnanın ki, bu həqiqətdir. Baxın, bu qədər bəsit, gülməli və ağlamalı hadisələrlə demək olar ki, vaxtaşırı bütün həmkarlarım üzləşir. Bu da bayaq sadaladığım o problemlərdən qaynaqlanır. Əgər bu gəncin valideynləri gündəlik qayğılardan, çox yox, ayda, iki aydan bir silkinib çıxsaydılar, uşaqlarını teatra gətirsəydilər, baxdıqları tamaşanı müzakirə edib, övladlarının fikri ilə maraqlansaydılar, yaxud da təhsil müəssisələrinin rəhbərləri şagirdlərinin təkcə elmi yox, həm də mənəvi, bədii-estetik tərbiyəsinə önəm versəydilər, rayonlarda qapısı ancaq rəsmi tədbirlərə açılan müasir və yaraşıqlı mədəniyyət sarayları yerli gənclərin maraqlarını təmin edən dərnəklərin bərpası və fəaliyyətini düşünsəydilər, əvvəlki illərdə olduğu kimi paytaxt teatrlarlarının tamaşalarının yerlərdə göstərilməsi ilə ciddi məşğul olan tapılsaydı, sizin dediyiniz “teatral Bakı” nostaljisi heç gündəmə gəlməzdi.
-Bu gün teatr onsuz da əzab çəkir, o kino və televiziya ilə rəqabət aparır - bu da sizin fikrinizdir.
-Üstəlik indi elə kinoya da, televiziyaya da meydan oxuyan nəhəng bir internet şəbəkəsi fəaliyyətdədir və insanlar evində, gəzintidə, istirahətdə, nə bilim, lap göyün yeddinci qatında uçan təyyarədə, okean sularında üzən gəmilərdə, sürət qatarlarında, avtomobildə, metroda, bir sözlə hər yerdə, istədikləri an, bir düyməyə toxunmaqla dünyanın dörd bir yanında çəkilən filmlərə, oynanlan tamaşalara, oxunan mahnılara baxmaq imkanı qazanıblar. Bu həyatın tələbidir, inkişafdır, intibahdır və heç kəsi qınamaq olmaz, heç kəsə “sən belə yaşamalısan!” təlimatını vermək də gülüncdür! Mən özüm də evdə işə, işdən evə gedəndə mütləq internetə qoşuluram. Ölkədə və dünyada baş verən hadisələrdən xəbərdar olmaq istəyirəm, saytlara baxıram, diqqətimi çəkən bəzi yazıları oxuyuram. Ancaq, mən də internetlə ifrat təmasın əleyhinəyəm və əminəm ki, bunların heç biri insanın teatrla canlı təmasını, tamaşa salonunda yaşadığı o hissləri, duyğuları əvəz eləyə bilmir, insana o İnamı, o Sevgini, o Ümidi təlqin etmir.
- Əliqismət müəllim, mən də bəzi ədəbiyyatçılar kimi, bu söhbətimizdə sitatsız danışmaq istəmirəm. Məşhur rus tənqidçisi Belinski yazıb ki: “Teatrda nemət və həqiqətdən başqa, dünyada hər şeydən çox teatrı sevməyi bacaran adamlar işləməlidir!” Sizcə, indi teatrı bu yanğı ilə sevənlər çoxdur, yoxsa, daha çox para qazanmaq və lüks həyat yaşamaq hayında olanlar?
-Əlbəttə, seçdiyi peşədən asılı olmayaraq hər kəs başqalarından daha gözəl yaşamaq arzusundadır. Bu, hər kəsin haqqıdır! Lakin səhnə bir başqa aləm, teatr özgə bir dünyadır! Üzünə bir dəfə qrim dəyən, alqışın dadını, tamaşaçı sevgisinin sehrini yaşayanlar bütün ömürləri boyu bu gözəl duyğuları qəlblərində qoruyub saxlamağa çalışırlar, bəzən bu və ya digər səbəbdən teatrdan uzaqlaşmaq məcburiyyətində qalanlar belə, bu məhəbbəti zaman-zaman hiss edir və etdirirlər, necə deyərlər, “teatrı özündə sevən” bu insanlar bizim ən sadiq tamaşaçılarımıza çevrilirlər...
-Bu fikri də bir vaxt siz söyləmişdiniz: "Bugün özünü ziyalı adlandıranların 90 faizinin yolu nadir hallarda teatra düşür. "Sizcə bunun səbəbi nədir: primitiv rejissor yozumu, zəif tamaşa, mövzusu "müasir tələblərə cavab verməyən" əsərlər, istedadsız aktyor oyunu, solğun səhnə tərtibatı... yoxsa dəyişən, korşalan, öləziyən tamaşaçı zövqü, mənəvi dəyərlərə etinasızlıq vərdişi...
- Mən bütün günahı tamaşaçının üstünə atmaq niyyəti ilə söyləməmişəm o fikri. Bu gün də o qənaətdəyəm ki, ziyalılarımız, tanınmış simalarımız teatrda tamaşaya hazırlanmış hər hansı bir əsəri hadisəyə çevirmək üçün mütləq ona baxmalı, müsbət və ya mənfi, fərq etməz, fikrini söyləməli, iradlarını bildirməlidir. İş olan yerdə səhv də ola bilər, uğur da, uğursuzluq da! Ancaq əsas məsələ bu səhvləri islah etməyi bacarmaq və inamla irəli addımlamaqdır. Yaradıcı insan o vaxt güclü və əzmkar olur ki, əhatəsində olanların dəstəyini, köməyini hər addımda hiss edir. Bu halda həm sənət qazanır, həm də cəmiyyət! Biz istəsək də, istəməsək də mənəvi dünyamızın "aclığını" dəf etmək üçün mütləq konsertə də getməliyik, tamaşaya da, sərgi salonuna da... Qaldi ki, bilavasitə teatrla bağlı dediklərinizə, bu fikirlə qismən razılaşıram. Bəli, son vaxtlar teatr üçün, xüsusilə də musiqili (əvvəllər musiqili komediya) teatr üçün məxsusi olaraq əsər yazan bəstəkar və dramaturq tapmaq müşkül məsələdir. Az-çox üzdə olan bəstəkarlara əməkdaşlıq təklif edəndə də, qarşımıza elə şərt qoyurlar ki...
-Amma bu teatrın beşiyi başında dayananlar, onun ayaq tutub yeriməsi üçün həm varından-dövlətindən, həm əsəbindən, həm canından, sağlamlığından keçən insanlar olub! Onların umacağı ancaq Azərbaycanda teatr yaradıb, millətin mədəni səviyyəsini yüksəltmək olub, onlar gördükləri işə əvəz, qarşılıq istəməyib.
-İndi dövr başqadır. Hər kəs varlı olmaq istəyir, sözdə vətənpərvər olanlar, işə gələndə maskalarını çıxarırlar.
- Əliqismət müəllim, rəhbərlik etdiyiniz teatr tamaşaçı sarıdan korluq çəkmir. Son illər şəxsi müşahidələrim bunu deməyə imkan verir. Siz vaxtaşırı eksperimentlər aparır, kollektivlə işləmək üçün özgə teatrlardan aktyorlar, xarici ölkələrdən rejissor və rəssamlar dəvət edirsiniz, özünüzünküləri təcrübə mübadiləsi aparmaq üçün ölkədən kənara yollayırsınız...
- Bəli, bu yaradıcılıq əməkdaşlığı əslində hər iki tərəf üçün əhəmiyyətlidir. Gürcüstanlı rejissor Qoça Kapanadze "Xanuma" əsərinə quruluş verdi, özü ilə səhnə tərfibatı və geyim eskizləri verən rəssam dostlarını - Ketevan Titişvili, Tamuna Maçaraşvili, Lomqul Murusidzeni də Bakıya gətirdi və deyim ki, çox uğurlu bir tamaşa alındı. Xalq artisti Afaq Bəşirqızının Xanuması ürəkləri fəth etdi. Digər teatrlarda yetərincə ciddi tamaşalar müəllifi kimi tanınan Bəhram Osmanov Qoqolun "Evlənmə" əsərini tamaşaya hazırlayanda Məleykə Əsədova və Şükufə Yusubova kimi dramatik xarakterlər yaradan aktrisaları inamla bu tamaşada oynamağa dəvət etdi və gümanında da yanılmadı. ”Evlənmə” “Zirvə” mükafatına layiq görüldü. Lap bu günlərdə rejissor Cənnət Səlimova "O olmasın, bu olsun" operettasında Məşədi İbad rolunu Gənç Tamaşaçılar Teatrının aktyoru, Şövqü Hüseynova həvalə etdi. Şövqü öz bənzərsiz oyunu ilə həm teatra yeni ab-hava gətirdi, həm də “bu rola filankəs möhür vurmuşdu!” anlayışını alt-üst etdi. İstedadlı aktyor dahi Üzeyir bəyin düşündüyü və səhnədə görmək istədiyi əsl Məşədi İbad obrazı yarada bildi. O bir daha sübut etdi ki, istedadlı, yaradıcı və məsuliyyətli aktyor var!
Ötən mövsümdə bizim teatrımızda Ə.B.Haqverdiyevin “Kimdir müqəssir”əsəri oynanıldı. Bu gənc rejissor İradə Gözəlovanın bizim teatrda ilk işi olsa da çox maraqla qarşılandı. Sonra M.F. Axundov 200 illik yubileyi münasibəti ilə bu dahi klassikin məşhur əsərini “Kimyagər” adı ilə tamaşaya qoymağa müvəffəq olduq. Rejissor Bəhram Osmanovla bəstəkar Səyavuş Kərimlinin yaradıcılıq əməkdaşlığı bizə daha bir “Zirvə” qazandırdı. Bu tamaşada teatr daha bir uğurlu eksperiment etdi. İllər boyu müxtəlif tamaşalarda Kimyagər rolunu kişilər oynamışdı, bizdə isə bu obrazı Afaq Bəşirqızı oynadı və bu sözün əsl mənasında yenilik idi.
-Əliqismət müəllim, bu uğurlara ancaq sevinmək olar. Bütün bu uğurlarlardan sonra yenədəmi sizin üçün tamaşaçı və teatr promlemi qalır?
-Teatr və tamaşaçı problemi, "atalar-oğullar" problemi kimi əbədidir. Nə qədər ki, teatr var, tamaşa var bu məsələ də gündəmdə qalacaq. Çünki hər kəsin fərqli zövqü, fərqli dünyagörüşü, qaldırılan problemə, toxunulan mövzuya özünəməxsus münasibəti var. Bizim xoşumuza gələn hər hansı bir əsər - bu tamaşa da, film də, bədii əsər də, musiqi parçası da, şeir də ola bilər, kimsə bəyənməyə bilər, ya da əksinə, bizim bir teatr bilicisi və tamaşaçi kimi çox primitiv və aktual bilmədiyimizi özgələri "urra" ilə qarşılayar. Bu yaxınlarda Moskvadan Bakıya qastrola gələn çox zəngin ənənələri və şöhrəti olan bir sənət məbədinin tamaşaya qoyduğu və Azərbaycan tamaşaçısına təqdim etdiyi dünyaca məşhur bir əsər onların gözlədiyi və arzu etdiyi alqışlarla qarşılanmadı. Halbuki, illər boyu biz "teatral Bakıda" belə səfərlərə necə böyük marağın olduğuna şahidik. Bu o deməkdir ki, artıq zövqlər, fikirlər, kütləvi bəyənmələr, total zövq formalaşmaları dövrü bitib. İnsanlar bilik səviyyəsinə, savadına, dünyagörüşünə, aldığı tərbiyəyə və maraq dairəsinə görə tamaşa seçir və ona baxmaq istəyir.
-Deyirsiniz yəni tamaşaçılar arasında da təbəqələşmə gedir?
-Mən belə deməzdim. Sadəcə insanlar indi ciddi, düşündürücü mövzulara o qədər maraq göstərmirlər. Bəlkə də bu, vaxt qıtlığı ilə bağlıdır, insanların şəxsi zövqünün cilalanması qayğısından uzaqlaşmağı ilə bağlıdır, bəlkə başqa problemlər mövcuddur, bilmirəm, amma bildiyim odur ki, bəzən “zəifdir!” - deyib repertuardan çıxarmaq istədiyimiz tamaşalar kassaya daha çox qazanc gətirir, anşlaqla qarşılanır, nəiki hazırlanmasına daha çox güc, qüvvə, vəsait xərclədiklərimiz... Deməli, tamaşaçı zövqü deyilən anlayış o qədər mübahisəli və qəliz məsələdir ki, sonda hər iki tərəfin haqlı olduğunu düşünürsən. Çünki, zövq məsələsində mübahisə etməyin özü belə mübahisəlidir!
-Siz hələdəmi belə düşünürsünüz ki, (illər öncəki müsahibəmizdə israrla bu fikri vurğulayırdınız!) teatr canlı orqanizmdir, repertuar onun udduğu hava, rejissor düşünən beyni, aktyorlar onun ürəyinə qan daşıyan damarlar, ürəyinin döyüntüsü tamaşaçı sevgisinə möhtac!!! Bunlardan hər hansı birinin normal işləməməsi teatrın xəstələnməsinə və öz funksiyasını yetərincə yerinə yetirməmə-sinə dəlalət edir!
-İllərin təcrübəsi bu canlı orqanızmin bütün vacib əzalarının hərəkətinə bilavasitə yardımçı olan digər nüansları da üzə çıxarıb. Teatr sözün həqiqi mənasında canlı bir varlıq, sağlamlığı hər kəs üçün vacib, önəmli və dəyərli olan bir orqanizmdir. Bir vaxtlar müəllimlərimiz bizə Stanislavskinin təlimlərini tədris eləyəndə teatrla bağlı belə bir məşhur ifadəni tez-tez işlədirdilər: "Teatr asılqandan başlayır!" Bunu hərə bir cür yoza bilər, amma ömrünü-gününü teatrda keçirən və onu bəzən evindən, ailəsindən, hətta şəxsi həyatından belə çox sevən fədailər üçün bunun tamam başqa bir anlamı var. Teatrda çalışan hər kəs onun qayğıları ilə yaşamalıdır, direktordan tutmuş ta qapıçya, baş dirijordan və rejissordan ta nəzarətçiyədək.
-Ancaq, son məqamda tamaşaçı teatra mənəvi ehtiyaclarını ödəmək, əsəblərini rahatlatmaq, bəzən illər boyu onu narahat edən hər hansı suala cavab tapmaq, ya da ki, sadəcə əylənmək üçün gəlir! Onu teatrın pərdəarxası qayğıları heç maraqlandırmır da! O sadəcə yaxşı tamaşaya baxmaq, 2-3 saatliq vaxtını səmərəli keçirmək, necə deyərlər, "dünyanın dərd-sərini" unutmaq istəyir. Bayaq qeyd etdiniz ki, bu gün teatrlar dramaturq sarıdan, bədii material sarıdan əziyyət çəkir. Mən Musiqili Teatrın 100 illik yubileyi münasibəti ilə bir neçə məqalə yazdım və o ərəfədə sizin teatrın arxiv sənədlərini araşdırdım. Məlum oldu ki, ölkənin ən çətin vaxtlarında, bəlkə də teatr və kinoya indiki qədər diqqət yetirilmədiyi, qayğı göstərilmədiyi (hər şey mərkəzin - Moskvanın mərhəmətinə bağlı idi onda. T.P.) dönəmlərdə dramaturqlar, bəstəkarlar əsərlərinin məhz bu teatrın səhnəsində tamaşaya qoyulması üçün bəzən illərlə növbə gözləyirdilər. Özü də bu şəxslər o vaxt Sovetlər birliyində yetərincə ad-san qazanmış görkəmli sənət xadimləri idi. Bəs indi nə dəyişib? Daha dəqiqi, bu qədər çalıb-çağıranı, oxuyub-oynayanı, təzə və müasir teatr binaları olan müstəqil ölkədə niyə yaradıcılıq potensialı bu qədər zəifləyib?
- Bu əslində çox vacib məqamdır. Mən azdan-çoxdan teatrı bilən bir peşəkar kimi deyə bilərəm ki….
P.S. 30 il bundan əvvəlki müsahibənin davamını oxumaq istəyirsinizsə, qəzetimizin gələn şənbə sayını gözləyin.
Telli PƏNAHQIZI
banner

Oxşar Xəbərlər