AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əliqismət Lalayev: Koronavirusa qarşı mübarizədə hər bir vətəndaş səfərbər olmalıdır

Əliqismət Lalayev: Koronavirusa qarşı mübarizədə hər bir vətəndaş səfərbər olmalıdır

Mədəniyyət
02 Aprel 2020, 10:30 1273
Bu virusa qarşı mübarizədə hər bir vətəndaş səfərbər olmalıdır.
Bunu Trend-ə Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev koronavirus təhlükəsindən qorunmaq üçün vətəndaşlara müraciətində deyib.
Ə.Lalayev bildirib ki, əzizlərinizi, doğmalarınızı, yaxınlarınızı və ən əsası özünüzü qorumaq üçün evdə qalın:
"Sizin həyatınız hər şeydən önəmlidir. Xalqımız üçün sizin hər biriniz dəyərlisiniz. Bu səbəbdən hər kəs evdə qalmalıdır. Əlbəttə, hamımız darıxırıq, mən də darıxıram, işimiz üçün, səhnə, teatr üçün. Amma buna baxmayaraq, evdə qalmağımız çox vacibdir. Aktyorlar müxtəlif layihələrlə, sosial şəbəkə vasitəsilə sizin görüşünüzə gəlir, rollarını virtual olaraq sizə təqdim edirlər. Biz bilirik ki, yaxın vaxtlarda bu xəstəliyə son qoyulacaq, hər birimiz yenidən iş yerlərimizə qayıdacağıq. Yenə sizi yeni tamaşalarla teatra dəvət edəcəyik. Amma bu gün üçün yalnız bir tələb var, evdə qalın!".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.
Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.