• cümə, 29 Mart, 19:23
  • Baku Bakı 14°C

“Əlimin dəymədiyi çox az insan var”

23.06.16 12:27 5072
“Əlimin dəymədiyi çox az insan var”
Türk mətbuatının yazdığına görə, Türkiyənin sözün əsl mənasında ilk və tək meneceri Erkan Özermandır. Tanınmış menecer uzun illərdən sonra türk mətbuatına müsahibə verib. Deyib ki, ondan başqa heç kim menecerliyi sevməyib. Çünki menecerlik işi çox məşəqqətli və çətindir. Əgər qarşındakı insanı övladın kimi görərsənsə, yalnız o zaman bu işdə uğur qazana bilərsən. Erkan Özerman onu da əlavə edib ki, müğənni tayfasının çantasını daşıyanlara menecer deyilməməlidir.

- Erkan bəy, neçə ildir bu sənətdəsiniz?

- 58 il. Bu 58 ildə 55 artistlə işləmişəm. Türkiyə sənət dünyasına 140 model tanıtmışam. Haradan baxsanız, bu, bir dünya rekordudur. Fransızların kraliçası Silvie Vartan bir dəfə mənə dedi ki, mən sənət dünyasının Şaxta babasıyam.

- Siz Qalatasaray məktəbinin məzunusunuz. Ankarada hüquq, Fransada siyasət bölümünü bitirmisiniz. Niyə məhz şou-biznesi seçdiniz?
- Ailə üzvləri məni diplomat kimi görmək istəyirdi. Ancaq mənim istəyimi görəndən sonra xəyal qırıqlığına uğradılar. Atam dünyasını dəyişməmişdən qabaq qohumlarımıza: "Sənət dünyasının tanınmış meneceri Erkan Özerman mənim oğlumdur” deməsəydi, bəlkə də ömrüm boyu vicdan əzabı ilə yaşayardım.

- Yaxşı, bəs istedad kəşfinə nə zamandan başladınız?

- 20 yaşımda Türkiyə radioları üzrə əyləncə yayımları müdiri vəzifəsində çalışdım. Həmin illərdə Ankarada Bulvar Palas adlı tanınmayan və uzun müddətdir ki, işləməyən bir gecə klubu vardı. Oranın rəhbəri ilə danışdım və sənətə yeni gələn gənclərə bir şans vermələri üçün müraciət etdim. Mənim təklifim qəbul olundu. Orada Esin Afşar, Modern Folk üçlüyü, Şenay Yüzbaşıoğlu işləməyə başladılar. Radioda praktikaya gələn stajorum Emel Sayın da həmin məkanda oxumağa başladı.

- Siz üç nəsillə çalışmısınız.

- Əlimin dəymədiyi çox az insan var. Rəhmətlik Yıldırım Gursəs, Gönül Akkor, Ayla Gurses mənimlə işlədi. İkinci nəsil Dario Moreno, Ajda Pekan, Zerrin Özer, Sezen Aksu ilə işləməyə başladıq. 1979-cu ildə Eyfel qülləsində "Min bir gecə” adlı bir şou təşkil etdim. O gündən etibarən qiyamətlər qopdu. Həmin proqramı Ayla Algan aparırdı. Onu da qeyd edim ki, Aylanı mən müğənni etmişəm. Oraya gedərkən seçdiyim sənətçilərdən biri mənə dedi: "Nə üçün Ajda Pekan, Nüket Duru kimi ulduzlar durduğu halda siz məni seçdiniz?” Dedim ki: "Bunların hamısı gözəl maşın kimidirlər. Amma onlar benzinsiz işləmirlər. Sənin maşınının içərisində benzin var. Gün gələcək sən Türkiyənin ən böyüyü olacaqsan”.

- O, kim idi?

- Sezen Aksu. Həmin proqrama apardığım ifaçılardan biri də Zerrin Özer idi. Mən bu uşaqları doğrudan da çox sevdim. Güngör Bayrakın da menecerliyini etdim. O, Türkiyə səhnəsində gəlmiş və keçmiş ən gözəl, cazibəli, ən vəfalı qadın idi.

- Son nəsildən kimlərlə işləyirsiniz?

- Gündəmdə olan bütün səviyyəli müğənnilərin hamısı ilə.

- Çalışdığınız bu üç nəsil arasında hansı fərqlər var?

- Hamısı sanki başqa bir bölgədən gəliblər. Zeki Müreni tədbirlərə çağırırdılar. O da kazino sisteminə alışdığı üçün getmirdi. Bülent Ersoyu da kazinolarda tapa bilməzsiniz.

- Deyirlər Bülent Ersoyun kazinolara getməyi qadağan olunub.

- Elədir. Yeri gəlmişkən deyim ki, Bülent Ersoyun səhnəyə çıxmasını əməliyyat olunduğu üçün əsgərlər əngəlləmədi. Bu, böyük bir yalandır. Bunu İstanbul Polis İdarəsi rəisi əngəllədi. Polis İdarəsi rəisi ilə gecə klublarının rəhbərləri sözləşdilər. Bülent Ərsoy Osman Karvanın gecə klubunda səhnəyə çıxdı. Ancaq Maksimin gecə klubunda oxumadığı üçün polis rəisi ona qadağalar qoydu.

- İnsana baxanda onun ulduz olub-olmayacağını necə təyin edirsiniz?

- Misal üçün, az əvvəl bir televiziyaya getdim. Qapıda dayanan mühafizəçiyə dedim ki, növbəti il "The Best Model” müsabiqəsinə qatılsın. Onu hər hansı bir seriala gətirsəm, 6 ayda türklərin sevərək izlədiyi bir ulduz olar. Ulduzlar yetişdirən "The Best Model” gözəllik müsabiqəsi üçün 29 il əziyyət çəkdim. Həmin müsabiqədən 140 tanınmış model üzərində işlədim. Onlardan 10-15-i indi hazırda ən məşhur ulduzlardandır. Digərləri isə dünyanın müxtəlif ölkələrində öz sənətlərini inkişaf etdirirlər.

- Bəs uşaqlarınıza güzəşt edirsinizmi?

- Güzəşt etsəydim, onlar indi məşhur olmazdılar. Bir çox modellərin sevgililəri onlara sponsor olmaq istədilər ki, onlar ulduza çevrilsinlər. Ancaq elə ilk mərhələdən onları ələdim.

- Yaxşı, bəs kimlər vəfalıdır?

- Vəfa deyilən bir şey yoxdur. Bütün övladlarımı sevirəm. Misal üçün, tələbəm Kıvanç Tatlıtuğ ilə məhkəmə prosesində mənə onu biabır etməyimi məsləhət gördülər. Onlara dedim ki, əgər bir insan övladını gözdən salaraq ona bir söz deyərsə, o özü gözdən düşər.

- Ulduza çevirdiyiniz insanlar sizinlə əlaqə saxlayırmı?
- Nə ad günümdə, nə bayramlarda, nə də adi günlərdə. Yalnız viza problemi yaşayarkən, əsgərliyə getmə anları yaxınlaşarkən. Bir sözlə, nə vaxt mənə işləri düşürsə, o zaman zəng edirlər.

- Bəlkə sizdə problem var?

- Mustafa Oğuz deyib ki, məşhur insanlar tanındıqdan sonra şöhrətli olmadıqları illərdən əvvəlki hallarını bilən insanlardan canlarını qurtarmaq istəyirlər. Mən onun fikri ilə tamamilə razıyam.

- Ahmet San demişdi ki, Türkiyədən dünya ulduzu çıxmaz. Çünki türk ailələri övladlarının işlərinə çox qarışırlar.

- Doğrudur. Ailələr bizə dəhşətli dərəcədə problemlər yaradır. Ailələrin düşündükləri tək şey var – məşhurluq və pul. Ancaq onlardan yeganə istisnalıq təşkil edən Güngör Bayrak oldu. Çünki o da yetim idi. Konyanın ucqar bir kəndində dünyaya gəlmiş, çox istedadlı bir qadındır. İndiyə kimi onun qalxdığı zirvəyə heç kim qalxa bilməyib.

- Düşünmürük ki, buna tək səbəb ailələr olsun.

- Təkcə Türkiyədə oturaraq dünyaca məşhur olmaq mümkün deyil. Bizim gənclərimizdə dil problemi var.

- Vicdanınız rahatdırmı? Başınızı yastığa rahat qoyub, rahat yata bilirsinizmi?

- Rahat olmasam sənətimi bu günə qədər davam etdirə bilərəmmi? Mən bu dünyadan zəngin gedirəm. Heç kimə bir qəpik borcum yoxdur. Düşünə bilirsinizmi, Çağatay Ulusoy, Tolga Sayışman, Birkan Sokullu, Burak Özçivit, Erkan Meriç, Furkan Palalı, Berk Atan, Burak Çelik, Yılmaz Kunt… davam etsəm, çox uzun çəkər. Təsəvvür edin ki, 58 il sonra mənim kəşf etdiyim, sənət aləminə gətirdiyim uşaqlar bu ölkənin ən tanınmış insanları olacaqlar. İnsan Tanrıdan başqa nə istəyə bilər ki… Bir də onu deyim ki, mənim cənazəmin məsciddən götürülməsini istəmirəm. Çünki elə olanda kokteyl salonuna bənzəyir. Heç kim üzüntü yaşamır. Hər kəs televiziyalara müsahibə vermək üçün, mediada adının hallanması üçün məscidə axışıb gəlir. Ona görə də istəmirəm ki, mənim cənazəmə tanınmış insanlar gəlsin.

- Kavanç Tatlıtuğ və Kenan İmirzalıoğlu evləndi. Bu hal onların karyeralarına təsir edərmi?

- Çox yaxşı etdilər. "Gənc qızlar subay oğlanları sevir və məhz buna görə də onlar evlənməməlidirlər” - deyə bir düşüncə yoxdur. Ayıbdır vallah. Bu oğlanlar yuyucu toz markalarıdırlarmı ki, evlənməsinlər? Əlbəttə ki, ailə quracaqlar.

- Bəs sizi toylarına dəvət etdilərmi?

- Xeyr.

- Küsdünüzmü?

- Xeyr. Onsuz da həmin vaxt mən xəstəxanada yatırdım. Ancaq Kənanla danışdıq. Onun anası deyib ki, bu necə bir toydur, insan toyuna atasını çağırmazmı? Mənə dedi ki, gəlinini sənin əlini öpməyə gətirəcəyəm. Mən onsuz da o toya getməyəcəkdim. Çünki orada görmək istəmədiyim insanlar var idi. Hansı ki, o insanlar Kənana çox pisliklər etmişdilər. Mənim məşhur etdiyim insanı "Film aləmində böyük artist edəcəyəm” deyə yox etməyə çalışdılar. Az qala oğlumun adı kino sahəsindən silinirdi. Hər kəs o insanın adını yaxşı bilir.

- Bəs Tarkanın evliliyini necə qarşıladınız?

- Tarkanın evlilik zamanı etdiyi hərəkətləri çox sevdim. O, Almaniyaya gedib, doğulduğu torpaqdan, yəni öz kəndlərindən olan, məşhur insan düşkünü olmayan bir ailə qızını aldı. Ailəsini başına yığıb toyunu etdi. Tarkana hörmətim daha da artdı. "İnsanlar mənim haqqımda danışsınlar” - deyə bir düşüncə sahibi olmadı. Sən demə Tarkan ağlı başında olan bir uşaq imiş.

- Kıvançla mübahisəniz məhkəməyə qədər gedib çıxdı. Nəticədə necə oldu?

- Mən qazandım, qalib gəldim. Hakim xanım mənə 10 min dollar verməyini tələb etdi. Onun mənə qarşı qaldırdığı bütün iddialar rədd edildi.

- Məhkəmə çəkişməsindən sonra görüşdünüzmü?
- Xeyr, ancaq telefonla danışdıq. Mən çox xəstələnmişdim. O, mənə zəng edib başsağlığı dilədi və mənim üçün darıxdığını dedi. Məni gəlib görmək istədi. Mən də bildirdim ki, onun üçün darıxsam da, media nümayəndələri gəlib xəstəxananın qarşısında onu çəkərlər və mənim rahatçılığım qaçar. Onların hamısı mənim övladımdır. Təsəvvür edin ki, gənc həyata dair heç bir anlayışı olmayan birini götürürsünüz, o insan isə yoxsulluqdan, cahillikdən gəlib. Həmin gənci özünüzlə bərabər Parisə aparırsınız. Orada oturuş, duruş, çəngəl-bıçaq tutmağı öyrədirsiniz. Ona incəliyi, dünyanı tanıdırsınız. Həmin insanın üzərində uzun müddət işləyirsiniz. Ona necə qıyarsınız? İnsan öz yetişdirdiyi çiçəyi qurudarmı?

- Bir kitab yazsanız, yer yerindən oynayar.

- Həqiqətləri yazmadıqdan sonra kitab yazmağın heç bir mənası yoxdur. Bildiklərim mənimlə məzara gedəcək. Əgər bildiklərimi yazsam, çox insan ortalıqda belə rahat gəzə bilərmi?



Tərcümə etdi: Xəyalə Rəis

banner

Oxşar Xəbərlər