• şənbə, 20 Aprel, 01:02
  • Baku Bakı 15°C

Əlilliyimlə bağlı heç bir kompleksim yoxdur - Fotolar

09.01.18 10:45 2683
Əlilliyimlə bağlı heç bir kompleksim yoxdur - Fotolar
"Bu yaxınlarda bir xanım intihara cəhd etmişdi. Elə oldu ki, onu mənimlə söhbət etməyə gətirdilər. Xanım həyatdan küsmüşdü, çünki həyata əks cinsə olan sevgi nöqtəsindən baxırdı. Baxmayaraq ki, yaxşı işi, gözəl ailəsi var idi, maddi problem yaşamırdı. Sadəcə, özünü sevgiyə kökləmişdi, bu da onu uçuruma aparırdı. Xanım mənimlə iki saat söhbət etdikdən sonra intiharı seçməklə çox səhv etdiyini bildirdi. Artıq o, işinin başındadır və bir nəfəri intihar fikrindən yayındırmağım mənim bəlkə də, ən böyük uğurumdur. Düzdür, hər şey Allahın əlindədir, amma mən də bir vasitəsçi oldum”. Bu sözləri bizimlə söhbətində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASANKönüllüləri” gənclərtəşkilatının nəzdində yaradılan Sağlamlıq imkanları məhdud gənclərlə iş departamentinin rəhbəri Sənan Ələsgərov dedi.Əslində söhbətimizin mövzusu yuxarıda söhbət açdığımız xanım yox, onun haqqında danışan S.Ələsgərovdur. Uşaqlıdan serebral iflic xəstəliyindən əziyyət çəkən Sənan həyat dolu, pozitiv biridir. Başqalarının onda məhdudiyyət kimi gördüklərini maneə kimi görmür, əksinə, hədəflərinə çatacaq dərəcədə özünü güclü və bacarıqlı hesab edir. Müsahibimiz onunla eyni problem yaşayan bir çox gənclərə nümunə olmaqla kifayətlənmir, həm də sağlamlıq imkanları məhdud gənclərin də könüllü olması, cəmiyyətə inteqrasiyası üçün əlindən gələni etdiyini və edəcəyini deyir.

- İlk olaraq özünüz haqda məlumat verin, sizi tanıyaq…
- 1998-ci ildə Gəncə şəhərində anadan olmuşam. Orta məktəbi orda bitirdikdən sonra Bakı şəhərinə köçmüşük. Bakıya gələndən sonra üzgüçülüklə məşğul olmuşam. Dünyada ilk dəfə Azərbaycanda keçirilən uşaq paralimpiya oyunlarının qalibiyəm. Üzgüçülük üzrə orda qalib olmuşdum. Hazırda Moskva Dövlət İqtisad Universitetində idarəetmə üzrə qiyabi təhsil alıram. Birinci kursdayam. "ASANKönüllüləri” gənclər təşkilatının nəzdində yaradılan Sağlamlıq imkanları məhdud gənclərlə iş departamentinin rəhbəri, İnsan resursları və təlim şöbəsinin isə əməkdaşıyam.

- ASAN-da artıq əlillər də könüllü ola bilir. Bu ideya sizin olub…
- Mən işə İnsan resursları və təlim şöbəsinin əməkdaşı kimi burda başlamışdım. Pilot layihə kimi ASAN-da nitq və eşitmə məhdudiyyətli gənclərin könüllü kimi fəaliyyəti artıq vardı. Rəhbərliyə təklif etdim ki, bunu pilot layihə kimi yox, daimi əsaslarla və bütün kateqoriyada olan əlillərlə bağlı edək. Rəhbərliyimiz sağ olsun, təklifimi qəbul etdi, yeni bir departament yaradıldı və məni ora rəhbər təyin etdilər. Artıq işlərimizi görməyə başlamışıq, hazırda 13 könüllümüz fəaliyyətdədir. Yanvar ayı ərzində daha çox könüllü cəlb etməyi planlaşdırırıq. Biz yüzlərlə əlilliyi olan şəxsi öz aramızda könüllü kimi görmək istəyirik. Onların cəmiyyətə inteqrasiyasında bir vasitə olmaq üçün əlimizdən gələni edəcəyik.

- Bildiyim qədəri ilə bizdə əlillər indiyə qədər könüllü olmayıb. Çox güman ki, buna çətin, bəlkə də mümkünsüz bir iş kimi baxılıb. Çətin deyil ki?
- Mənə görə çətin heç bir şey yoxdur, sadəcə olaraq bacarmaq və bacarmamaq məsələsi var. Bu, insanın özündən asılı olan bir şeydir. Allah insana şüur verib. Hansısa fiziki məhdudiyyəti ola bilər, amma insanı idarə edən beyindir. Hədəf olanda çətinliklərə qalib gəlmək mümkündür. Şəxsən mənim də çətin anlarım olub, amma mübarizə aparmaq və qalib gəlmək həmişə önəmli olub. Artıq ASAN Xidmətdə fiziki məhdudiyyəti olan gənclər üçün bu şans yaradılır. Gəlin, yoxlayın və bir şəxsiyyət olaraq cəmiyyətdə yetişin. Heç bir çətinlik hələ ki olmayıb.

- Çətin günləriniz olduğunu dediniz. Nəyi nəzərdə tuturdunuz?
- Cəmiyyətin qəbul edib-etmədiyi məsələlər var. Hamı eyni fikrə malik deyil. Tək mənim deyil, bütün məhdudiyyətli insanların bir problemi var: cəmiyyətin onlara baxışı. İstər iş sferasında, istər digər yerlərdə, yolda gedərkən əlillərə qeyri-adi baxan insanlar var. Bu, danılmaz faktdır. Çətinlik budur. Əslində, məndə bu kompleks yoxdur, heç vaxt da olmayıb. Amma nəzərə almaq lazımdır ki, hamı mənim kimi deyil. Elə fiziki məhdudiyyətli adamlar var ki, cəmiyyətdəki bir qrup adamlara görə evdən çölə çıxmırlar. Əslinə çıxsalar, nəsə edə bilərlər, amma cəmiyyətin onlara baxışından utanıb çölə çıxmırlar. Bu gün dövlətimiz fiziki məhdudiyyətli insanların özlərini inkişaf etdirmələri, cəmiyyətə inteqrasiyaları üçün kifayət qədər şərait yaradıb. İstənilən kateqoriyadan olan məhdudiyyətli uşaqlar evdə də təhsil ala bilərlər, məktəbdə də. Bu iki seçim onlara verilir. Amma mən valideynlərə səslənirəm ki, övladlarının mümkün qədər məktəbdə təhsil almasına kömək etsinlər.

- Siz məktəbə getmisiniz?
- Bəli.

- Bəs necə oxuyurdunuz?
- Məndə oxumaq həvəsi bir az gec başlayıb. Birinci sinifdə valideynlərim mənə "oxu-oxu” desələr də, oynamaq, əylənmək istəyirdim. Oxumağın vacibliyini müəyyən bir yaşdan sonra dərk etdim. Bildim ki, oxumasan, heç nə əldə etmək mümkün deyil və başladım oxumağa. Əlaçı şagird olduğumu deyə bilmərəm, amma oxuyurdum.

- Hərəkət məhdudiyyətiniz olub?
- 3 yaşıma qədər yeriməmişəm, amma ondan sonra artıq özümü idarə edə bilmişəm.

- Serebral iflic elədir ki, burda müalicələrlə yanaşı, insanın özünün də mübarizə əzmi olmalı, təslim olmamalı və xırda hərəkət irəliləyişini belə böyük nailiyyət kimi qəbul etməlidir ki, güclü olub davam edə bilsin. Sizdə necə oldu bu proses?
- Əsas valideynlərim mənə dəstək olublar, heç vaxt cəmiyyətdən gizlətməyiblər. Ona görə cəmiyyət içində böyümüşəm və "nəyisə edə bilmərəm” kompleksim də olmayıb. Sadəcə olaraq nə etmək istəyirəmsə, onun uğrunda çalışıram və əvvəl-axır edirəm. İstədiyim hər şeyi edə bilirəm. Şükürlər ki, bu günə qədər bir çox hədəfimə çatmışam.

- Hədəfə çatmaq çətin olmur?
- Çox çətin olur (Gülür).

- Hədəflərinizə çatmaq üçün məsələn hansı çətinlikləri aşmısınız?
- İdmanla məşğul olmağı qarşıma hədəf kimi qoymuşdum. Bu yöndə nəsə əldə etmək istəyirdim. Təsəvvür edin bir il davamlı olaraq hər gün "Xalqlar dostluğu” metro stansiyasından Sumqayıt şəhərinə məşqə gedib-gəldim. Özü də metro ilə. Çünki bizim milli komanda orda məşq edirdi.

- Evdən tək çıxmaq probleminiz olmayıb?
- 5-6 yaşımdan valideynlərim demək olar ki, məni tək buraxıblar. Evdə saxlamayıblar. Həyətdə futbol belə oynamışam. Bir də dostlarımdan danışmaq istəyirəm. Bugünkü dostlarımın çoxu uşaqlıdan dostluq etdiyim adamlardır. Uşaqlıq dostlarım heç vaxt özümdə nəsə kompleks yaratmağıma imkan verməyiblər. Onlar hansı oyunu oynasalar, məni kənarda qoymayıblar, çalışıblar ki, mən də yanlarında olum, onlara qoşulum. Uşaqlıqda bu cür ətrafım olub. Ona görə əlilliyimlə bağlı məndə heç bir kompleks yoxdur. Bu məhdudiyyət sadəcə, görünüşdür. Normal insandan fərqimiz nə ola bilər? Normal insan ağaca çıxa bilir, amma əlil arabasında olan insan çıxa bilmir. Amma ağaca çıxmaq o qədər vacib bir şey deyil, çıxmasaq da olar. Əsas odur ki, insan əqli cəhətdən sağlamdır.

- Pozitiv, həyat enerjisi bol olan birisiniz. Əlilliyi olan şəxslər arasında bu cür insanlar var, amma o qədər də çox deyil. Sizə bu enerjini ötürən, pozitiv olmağa kömək edən nədir?
- İlk olaraq ailəmi deyərdim. Hər şey ailədən başlayır. Sonda dostlarım, ətrafımdakı insanlardır. Hər şeyə pozitiv baxmağı mənə ailəm öyrədib. İnsanın ilk məktəbi ailədir. Valideynlərimlə yanaşı, mənim bütün doğmalarım yanımda olub. Bir babam var idi. İndi rəhmətə gedib. O insanın həyatda mənim üçün nələr etdiyini sözlə ifadə edə bilmirəm. Müalicəm üçün əlindən gələnin artığını edib. Bu gün mən fiziki baxımdan hərəkət edirəm, bir nöqtədən digər nöqtəyə tam sərbəst gedirəmsə, bu ilk öncə Allahın köməyi nəticəsindədir, amma sonra da babamın əziyyətini deyərdim. Onun üstümdə əməyi böyük olub. Anam, atam, əmilərim, dayılarım, ümumiyyətlə, biz böyük ailəyik. Ailədə olanda heç vaxt hiss etməmişəm ki, nəsə məhdudiyyətim var.

- Hazırda ASAN-da əlilliyi olan 13 şəxsin könüllü olduğunu dediniz. Onlar indiyə qədər cəmiyyətə çıxan şəxslərdir?
- Onların içində 20 ildir evdən çıxmayan insanlar var. Amma biz onları yavaş-yavaş cəmiyyətə inteqrasiya edəcəyik. Biz birdən-birə onlardan çox şey tələb edə bilmərik.

- Seçim aparılır, yoxsa əlilliyi olan bütün gənclər sizə qoşula bilər?
- Müsabiqə tipli bir seçim olur, ordan keçənlər könüllü kimi fəaliyyətə başlaya bilərlər.

- Hansı işlərə cəlb olunurlar?
- Onların qabiliyyətlərindən asılıdır. Biri ərizə doldura bilir, o biri kompyuterdə daha yaxı işləyir. Onu da deyim ki, artıq bölgələrimizdə də könüllüllərimiz fəaliyyətə başlayıblar. Gəncədə iki könüllümüz var. Digər yerlərdə də olacaq.

- "Uğurlarımız” İctimai Birliyinin də rəhbərisiniz. Birliyin fəaliyyəti nədən ibarətdir?
- 2 il yarımdır birliyi yaratmışıq. Uşaq Serebral İflici Mərkəzi ilə iş birliyimiz var. Birliyimiz əlilliyi olan insanların təhsil alması, uğur qazanmaları istiqamətində motivasiya etmək üçün işlər görür. Mən orda valideynlərə və uşaqlara təlimlər keçirəm, öz nümunəmi onlara təqdim edirəm. Qeyd etdiyim kimi, hər şey ailədən başlayır, ona görə valideynlərlə xüsusilə işləyirik. Böyüklərlə yox, uşaqlarla ona görə işləyirik ki, o vaxtda daha çox ehtiyac olur. Uğurun sirrini onlara açıqlayırıq.

- Uğurun sirri nədir ki?
- Həyatda məqsədinin olması. İnsan məqsədsizdirsə, həyatda heç nə qazana bilməz. Misal üçün, mən bu gün ali təhsil alıram, işləyirəm, müəyyən hədəflərimə nail olmuşam, amma bunlarla kifayətlənmirəm. "Bəsdir” demirəm, əksinə, mənim daha böyük hədəflərim var. İnanıram ki onlara çatdıqdan sonra da başqa hədəflərim yaranacaq.

- Yenə peşəkar olaraq idmanla məşğul olursunuz?
- Vaxt məhdudiyyətindən artıq peşəkar idmana vaxt ayıra bilmirəm. Ancaq sağlamlıq üçün idman edirəm.

- Sevdiyiniz xanım varmı?
- Hələ ki düzü, o məsələlərə vaxt yoxdur. Həm də mən bunu qismətə bağlayıram. Ailə qurmaq üçün yaşım hələ azdır, ona görə əsas fikrimi karyeraya vermişəm, nələrisə əldə etməli, irəli getməliyəm. Təlimlərdə də deyirəm ki, o istiqamətə çox köklənməsinlər. Birinci növbədə karyera haqqında düşünmək lazımdır. Karyeranı qurduqdan sonra ailəni idarə etməklə bağlı gələcəkdə problem olmaz. Ailə quracağım xanımın fiziki məhdudiyyətli olub-olmaması mənim üçün önəm daşımır. Niyə də əlilliyi olan bir şəxslə evlənməyim ki? Qətiyyən, fərq qoymaram. Ailə, ev işlərinin görülməsi cəhətdən də hər hansı çətinlik olacağını düşünmürəm. Çünki insan istəsə, hər şeyin öhdəsindən gələr.

- Sonda demək istədiyiniz nəsə vamı?
- Mənə göstərilən etimada görə ASAN xidmət rəhbərliyinə təşəkkür edirəm. ASAN-da işləmək çox xoşdur. Bu gün evdən çıxıb işə gedəndə, özümü bir evimdən çıxıb digərinə getmiş kimi hiss edirəm. İlk vaxtlar işə qəbul olanda tərəddüdüm vardı ki, görəsən, necə olacaq? Amma bu kollektivi və rəhbərliyi görəndən sonra çox sevindim. Belə bir kollektivdə çalışdığım üçün sevinirəm.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər