Əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası - Fotolar
Müasir dövrdə əlilliyi olan şəxslərin
cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə idmandır. Odur ki, idman aləmini
paralimpiya dəyərləri olmadan təsəvvür etmək mümkün deyil. Neyrocərrah Lüdviq
Quttman tərəfindən irəli sürülən, 1960-cı ildən bu yana ali səviyyədə əksini
tapan paralimpiya maraqları ötən dövr ərzində böyük hərəkata səbəb olub,
günümüzdə dünyanın hər bir tərəfindən milyonlarla insanı ətrafına
toplamaqdadır. Bu dəyərlər respublikamızda da yüksək səviyyədə qorunaraq,
təbliğ edilir. Respublikamızın nümayəndələri cəmi altı Yay Paralimpiya oyunlarında
iştirak etsələr də, az qala bir əsrlik fəaliyyəti ifadə edən uğurlara imza
atıblar. Eyni zamanda, idmançılarımız ayrı-ayrı növlərdə Avropa, dünya
rekordlarına, hər iki miqyas üzrə unikal hesab edilən nəticələrə sahibdirlər.
Vətənə xidmətini tatamidə davam etdirən qəhrəman
Paralimpiya hərəkatı dedikdə, ilk
yada düşən azərbaycanlı odur.İkiqat paralimpiya, ikiqat dünya, yeddiqat Avropa
çempionu, "Bakı-2015" I Avropa Oyunlarının,Dünya Kubokunun qalibi və
7-ci dan qara kəmər sahibi olan İlham
Zəkiyev, öz heyrətamiz həyat hekayəsi ilə yeddidən yetmiş yeddiyə hamı üçün
əsl örnəkdir. Azərbaycan cəmiyyətində əlilliyi olan insanlara qarşı stiqmanın
əhəmiyyətli dərəcədə azalmasında onun müstəsna xidmətləri olduğunu desək,
yanılmarıq. Vaxtilə "o bacardısa, niyə mən də bacarmayım" deyib,
mübarizə meydanına atılan fiziki məhdudiyyətli vətəndaşlarımızın uğur sorağı bu
gün dünya və Avropa çempionatlarından gəlir.
İlham döyüş tapşırığını yerinə yetirərkən aldığı güllə yarası nəticəsində görmə
qabiliyyətini tamam itirsə də, həyat eşqini zərrə qədər də itirmədi. Vətənə
xidmətini idman arenasında davam etdirib, tezliklə ən ali zirvəyə ucaldı. Cəmi
bir il on aylıq hazırlıqla Afina Yay Paralimpiya Oyunlarının çempionu olan
Zəkiyev, dörd il sonra Pekində baş tutan fiziki məhdudiyyətli idmançıların
növbəti zirvə yarışında da üçrəngli bayrağımızı ən yüksəyə qaldırdı. Bu və
digər uğurları ilə o, sadəcə paralimpiya aləmində məşhurluq qazanmayıb, dünya
cüdo ictimaiyyətinin də sayılıb-seçilən nümayəndələrindən hesab olunur. Belə
ki, Qarabağ qazimiz adı dünya cüdosunun şərəf zalına daxil edilən yeganə
paracüdoçudur.
Bir çoxları İlhamın rəqiblərinin də
tam görmə məhdudiyyətli olduğunu düşünür. Lakin bu, yanlış qənaətdir. Onun ilk gündən
bu yana üz-üzə gəldiyi idmançıların əksəriyyəti müəyyən civarda görmə
imkanlarına malik olub. Təsadüfi deyil ki, cüdo üzrə dördqat paralimpiya
çempionu, braziliyalı Antonio Tenorio ilə yanaşı, Zəkiyevi də bütün dünyada
"görməyən əfsanə" adlandırırlar.
- Bəs görəsən, belə mükəmməl mübarizə həvəsinin arxasında nə
dayanır?
- Hadisədən əvvəl "görmədən
yaşaya bilərsənmi" sualını versəydilər, "yox, bu əsla mümkün
deyil" deyərdim. Sən demə, insan hər bir vəziyyətə uyğunlaşa, istənilən
halda xoşbəxtliyini tapa bilərmiş...
2002-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin (indiki Gənclər və İdman
Nazirliyi) xətti ilə müalicə üçün Rusiyaya getdim. Mənə dedilər ki, hazırda
sənin gözünü açmaq mümkün deyil. Fikirləşdim ki, oturub gözləməklə ömür keçməz,
yaxşısı budur, bir məşğuliyyət tapım. Hərbi xidmətədək sambo və cüdo üzrə
respublika əhəmiyyətli turnirlərdə qalib olduğumdan, nəzərimdə elə idmanı
tutmuşdum. Yenidən nazirliyə getdim, orada Təşkilati-Hüquq İdarəsinin rəisi
Tağı Tağıyevlə görüşdüm. Əlilliyimə uyğun güləşə yaxın idman növünün
olub-olmaması ilə maraqlandım. Tağı müəllim Azərbaycan Milli Paralimpiya
Komitəsinə zəng edib öyrəndi ki, görmə məhdudiyyətlilər üçün cüdo növü var.
Koordinatları aldı və mənə dedi ki, İlham, get, sabahdan məşqlərə başla, sənin
alnına dünya və olimpiya çempionluğu yazılıb. O gündən artıq 17 ilə yaxın vaxt
keçib. Bu illər ərzində idman mənim ümid yerim, həyat tərzim, bir sözlə,
xoşbəxtliyim oldu. Əsl kor - həqiqəti görməyəndir. Mən bu dünyanı bir sınaq,
mübarizə meydanı kimi dərk eləmişəm".
Oluxan zirvəsi
Oluxan Musayev yerimə məhdudiyyətlidir. Diz
qapaqları olmadan dünyaya gəlib, ayaqları inkişafını tamamlamayıb. Bununla
belə, o, uşaqlıqdan bu yana, heç bir işdə sağlamlardan geri qalmayıb. Qeyri-adi
fiziki gücü ilə seçilən Oluxan ailəsinə yük olmamaq üçün müxtəlif ağır işlərdə
çalışıb. Yük maşınına daş yığıb, qohum-qonşuda odun yarıb. Hətta sağlamlar arasında
keçirilən qol güləşi üzrə respublika çempionatlarında da dəfələrlə qalib gəlib
və mükafatçılar sırasında yer alıb. 2004-cü ildən paralimpiya hərəkatına
qoşulan qəhrəmanımız əvvəlcə pauerliftinq (ağırlıqqaldırma) üzrə yarışlara
qatılıb, sonradan məcburiyyət qarşısında qalaraq, nüvə itələməyə keçib. Olduqca
qısamüddətli - cəmi iki il hazırlıqdan sonra o, nəinki Pekində keçirilən
dördilliyin ən möhtəşəm yarışına lisenziya qazanıb, burada çempion olub, hələ
üstəlik, əlçatmaz dünya rekordu müəyyənləşdirib.
Ayrı-ayrı vaxtlarda dünya və Avropa
çempionatlarının, o cümlədən "Bakı-2017" IV İslam Həmrəyliyi
Oyunlarının da qalibi olan Musayev deyir ki, idman onun bütün uşaqlıq
arzularını gerçəkləşdirib: "Uşaqlıqda ən böyük arzum idmançı olmaq idi. Həyətdə
idman qurğuları düzəldib, ağır alətlərlə məşq edirdim. Anam deyirdi ki, ay
bala, əsgərliyə də getməyəcəksən, niyə özünə bu qədər əziyyət verirsən? Düzü,
paralimpiya haqqında heç bir məlumatım da yox idi. Amma içimdə bir hiss vardı
ki, nə vaxtsa bu məşqlərin bəhrəsini görəcəyəm. Paralimpiya hərəkatına
qoşulanadək də maddi cəhətdən özümü təmin edə bilirdim, lakin idman həyatımı
kökündən dəyişdi. Ən əsası, daimi işim oldu. Paralimpiya çempionu olduqdan
sonra isə dövlətin hərtərəfli qayğısı ilə əhatə edildim. Bundan sonra üzərimə
düşən vəzifə sadəcə məşq eləmək, nəticə qazanmaq oldu. Ötən 12 ildə qarşıma
çıxan haqsızlıqlar səbəbindən paralimpiya medalı qazanmasam da, ölkəmizin
himnini onlarla beynəlxalq yarışda səsləndirmək şərəfinə nail olmuşam. İndi də
lövhə atma üzrə "Tokio-2020"-yə hazırlaşıram. Mayevskiyə çatıb,
karyeramı bitirməyi düşünürəm (red: nüvə itələmə üzrə ikiqat olimpiya çempionu,
əfsanəvi polşalı atlet Tomaş Mayekvskini nəzərdə tutur).
Əlilliyi üstünlüyə çevirən xanımlar
Sirr deyil ki, əlilliyi olan qadınlar
kişilərlə müqayisədə daha böyük çətinliklər yaşayırlar. Ətrafın inamsız
münasibəti, təhsildə, iş tapmaqda qarşılarına çıxan əngəllər onlarda həyata
qarşı çarəsizlik hissi yaradır. Lakin ölkəmizdə durmadan inkişaf edən
paralimpiya hərəkatının yaratdığı imkanlar sayəsində artıq bu stereotip də
qırılmaq üzrədir. Xeyli sayda xanımlarımız var ki, idman vasitəsi ilə
cəmiyyətdə özlərinə mühüm yer tutublar.
"Yaxşı ki, belə doğulmuşam.
Yoxsa mən indiki mən olmazdım" - deyir, Aynur Məmmədova.
O, para-taekvondo üzrə ikiqat dünya,
üçqat Avropa çempionu, Dünya Oyunlarının qalibidir. Taekvondonun tarixdə ilk
dəfə proqrama salındığı "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında
ölkəmizi təmsil etməyə əsas namizəddir. Bu uğurla kifayətlənməyərək, Əlilliyi
Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası adlı qurum təsis edib. Qeyri-hökumət
təşkilatları arasında yeni olmasına baxmayaraq, qurum gördüyü diqqətçəkən
işlərlə artıq özünü doğrultmağı bacarıb. Təşkilatın adı idmanla bağlı olsa da,
Aynur fiziki məhdudiyyətli uşaq və gənclərin bütün qayğıları ilə maraqlanır,
problemlərinin həllində əlindən gələni əsirgəmir. Paralimpiyaçı xanım gördüyü
işlər haqqında danışarkən əlavə edir ki, vaxtilə özünün üzləşdiyi çətinlikləri
indiki nəsil əlilliyi olan gənclərin də yaşamasını istəmir: "Əlilliyi olan
uşaqların nə istədiyini valideynlərindən də yaxşı mən başa düşürəm. Bir
baxışlarından anlayıram ki, onların nəyə ehtiyacı var. Əslində, onların hamısı
daha çox mənəvi dəstəyə ehtiyac duyur. Əlimdən gələn qədər onlara həm mənəvi,
həm də maddi cəhətdən dəstək olmağa çalışıram. Ən əsası, həm özlərini, həm də
valideynlərini inandırmaq istəyirəm ki, əlillik qüsur deyil, bu, arzulara
çatmağa əngəl ola bilməz".
Aynurun daha gənc komanda yoldaşı Röyalə Fətəliyeva da məhdudiyyətini
üstünlük olaraq qəbul edir. 28 yaşlı dünya çempionumuz deyir ki, paralimpiya
hərəkatına qoşulanadək evdən çıxmağa belə cəsarət etmirmiş: "Sağlam
doğulsaydım, yəqin ki, indi sıradan, ev işləri ilə gününü keçirən bir qız
olardım. Əlilliyimə görə bəzi şeylərdən məhrum olsam da, idmanın yaratdığı
imkanlar sayəsində onlardan qat-qat artığını qazanmışam. Halbuki əvvəllər evdən
çölə tək çıxmağa, adicə marketə getməyə də çəkinirdim. Qorxurdum ki, kimsə məni
görüb qulağını çəkər, bir söz deyər, ürəyim qırılar. Paralimpiya hərəkatına
qoşulandan sonra bütün komplekslərim itdi. Özümə inamım birə-yüz artdı. Hiss
edirəm ki, enerjim ətrafa da yansıyır. Özünə qarşı inamlı olanda heç kim
səndəki əlilliyi görmür, sənə yazıq kimi baxmır. Amma deyim ki, əvvəl mənə çox
çətin idi. Hətta başladığım heç bir həftə deyildi, qaçıb canımı qurtarmaq
istəyirdim. Bir az düşündüm və qərara gəldim ki, mənə inanmayanları,
"Röyalədir də, heç 10 gün çəkməz, atar bu işi" deyənləri haqlı
çıxarmayım. Çünki uşaqlıqdan ən nifrət etdiyim söz "bacarmazsan" olub.
Bütün çətinliklərə qatlanıb, elə ilk yarışımdaca üçüncü yeri tutdum. İki il
sonra isə dünya çempionu oldum. İndi də Tokio Yay Paralimpiya Oyunlarına
lisenziya uğrunda mübarizə aparıram. Çox çətin vəzifə olsa da, öhdəsindən
gələcəyimə inamım sonsuzdur".
Dünyada ilk olan Uşaq Paralimpiya Komitəsi
1996-cı ildə, ulu öndər Heydər
Əliyevin xeyir-duası ilə cəmi iki idman növü (pauerliftinq və güllə atıcılığı)
üzrə fəaliyyətə başlayan Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi
(ARMPK) hazırda 14 növ üzrə idmançı hazırlayır. Komitənin sıralarında 1000-dən
çox fiziki məhdudiyyətli idmançı var ki, onların 240-dan çoxu beynəlxalq yarış
təcrübəsinə malikdir. Qabaqcıl milli paralimpiya qurumlarından sayılan
ARMPK-nin son illər gördüyü işlər arasında dünyada ilk olan Uşaq Paralimpiya
Komitəsinin (UPK) yaradılması xüsusi diqqət çəkir. Qeyd edək ki, əlilliyi olan
uşaqların idman vasitəsilə cəmiyyətə inteqrasiya və beləliklə, ehtiyat qüvvənin
hazırlanması məqsədi güdən UPK-nın təşkilatçılığı ilə 2015-ci ildən etibarən
mütəmadi olaraq Uşaq Paralimpiya Oyunları keçirilir. Bu günə qədər dörd belə
yarış baş tutub ki, onlardan sonuncusunda yerli uşaqlarla yanaşı, qonşu
Gürcüstan təmsilçiləri də mübarizə aparıb.
Sözügedən komitənin gələcək planları
barədə "Kaspi"yə danışan ARMPK prezidenti İlqar Rəhimov bildirib ki,
qarşıya qoyulan əsas məqsəd Uşaq Paralimpiya Oyunlarının yaxın zamanda
beynəlxalq status almasıdır: "İlk vaxtlar böyük çətinliklərlə üzləşdik.
Valideynlər uşaqlarını sıralarımıza qoşmaq istəmirdi. Əməkdaşlarımız ölkənin
bütün bölgələrini gəzib, valideynlərlə söhbətlər apardılar, onları öz
uşaqlarını evə qapatmamağa çağırdılar. Əminliklə deyə bilərəm ki, ötən illər
ərzində bu sahədə böyük inkişafa nail olmuşuq. İlk oyunlarda 20-30 nəfər
iştirakçı vardısa, son yarışa təxminən 150-yə yaxın uşaq qatılmışdı. Artıq bir
çox milli paralimpiya qurumları da bizim təcrübəmizdən yararlanır. Yaxın
illərdə daha çox sayda ölkənin oyunlara qatılması gözlənilir".
Aygün Əhmədova
Yazı Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Azərbaycan
Mətbuat Şurası ilə birgə keçirdiyi müsabiqəyə təqdim edilir