Əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası - Fotolar

Əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası - Fotolar

İdman
07 İyul 2019, 09:00 2075
Müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə idmandır. Odur ki, idman aləmini paralimpiya dəyərləri olmadan təsəvvür etmək mümkün deyil. Neyrocərrah Lüdviq Quttman tərəfindən irəli sürülən, 1960-cı ildən bu yana ali səviyyədə əksini tapan paralimpiya maraqları ötən dövr ərzində böyük hərəkata səbəb olub, günümüzdə dünyanın hər bir tərəfindən milyonlarla insanı ətrafına toplamaqdadır. Bu dəyərlər respublikamızda da yüksək səviyyədə qorunaraq, təbliğ edilir. Respublikamızın nümayəndələri cəmi altı Yay Paralimpiya oyunlarında iştirak etsələr də, az qala bir əsrlik fəaliyyəti ifadə edən uğurlara imza atıblar. Eyni zamanda, idmançılarımız ayrı-ayrı növlərdə Avropa, dünya rekordlarına, hər iki miqyas üzrə unikal hesab edilən nəticələrə sahibdirlər.
 

 
Vətənə xidmətini tatamidə davam etdirən qəhrəman
 
Paralimpiya hərəkatı dedikdə, ilk yada düşən azərbaycanlı odur. İkiqat paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, "Bakı-2015" I Avropa Oyunlarının, Dünya Kubokunun qalibi və 7-ci dan qara kəmər sahibi olan İlham Zəkiyev, öz heyrətamiz həyat hekayəsi ilə yeddidən yetmiş yeddiyə hamı üçün əsl örnəkdir. Azərbaycan cəmiyyətində əlilliyi olan insanlara qarşı stiqmanın əhəmiyyətli dərəcədə azalmasında onun müstəsna xidmətləri olduğunu desək, yanılmarıq. Vaxtilə "o bacardısa, niyə mən də bacarmayım" deyib, mübarizə meydanına atılan fiziki məhdudiyyətli vətəndaşlarımızın uğur sorağı bu gün dünya və Avropa çempionatlarından gəlir.

İlham döyüş tapşırığını yerinə yetirərkən aldığı güllə yarası nəticəsində görmə qabiliyyətini tamam itirsə də, həyat eşqini zərrə qədər də itirmədi. Vətənə xidmətini idman arenasında davam etdirib, tezliklə ən ali zirvəyə ucaldı. Cəmi bir il on aylıq hazırlıqla Afina Yay Paralimpiya Oyunlarının çempionu olan Zəkiyev, dörd il sonra Pekində baş tutan fiziki məhdudiyyətli idmançıların növbəti zirvə yarışında da üçrəngli bayrağımızı ən yüksəyə qaldırdı. Bu və digər uğurları ilə o, sadəcə paralimpiya aləmində məşhurluq qazanmayıb, dünya cüdo ictimaiyyətinin də sayılıb-seçilən nümayəndələrindən hesab olunur. Belə ki, Qarabağ qazimiz adı dünya cüdosunun şərəf zalına daxil edilən yeganə paracüdoçudur.
 
Bir çoxları İlhamın rəqiblərinin də tam görmə məhdudiyyətli olduğunu düşünür. Lakin bu, yanlış qənaətdir. Onun ilk gündən bu yana üz-üzə gəldiyi idmançıların əksəriyyəti müəyyən civarda görmə imkanlarına malik olub. Təsadüfi deyil ki, cüdo üzrə dördqat paralimpiya çempionu, braziliyalı Antonio Tenorio ilə yanaşı, Zəkiyevi də bütün dünyada "görməyən əfsanə" adlandırırlar.
 
- Bəs görəsən, belə mükəmməl mübarizə həvəsinin arxasında nə dayanır? 

- Hadisədən əvvəl "görmədən yaşaya bilərsənmi" sualını versəydilər, "yox, bu əsla mümkün deyil" deyərdim. Sən demə, insan hər bir vəziyyətə uyğunlaşa, istənilən halda xoşbəxtliyini tapa bilərmiş...

2002-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin (indiki Gənclər və İdman Nazirliyi) xətti ilə müalicə üçün Rusiyaya getdim. Mənə dedilər ki, hazırda sənin gözünü açmaq mümkün deyil. Fikirləşdim ki, oturub gözləməklə ömür keçməz, yaxşısı budur, bir məşğuliyyət tapım. Hərbi xidmətədək sambo və cüdo üzrə respublika əhəmiyyətli turnirlərdə qalib olduğumdan, nəzərimdə elə idmanı tutmuşdum. Yenidən nazirliyə getdim, orada Təşkilati-Hüquq İdarəsinin rəisi Tağı Tağıyevlə görüşdüm. Əlilliyimə uyğun güləşə yaxın idman növünün olub-olmaması ilə maraqlandım. Tağı müəllim Azərbaycan Milli Paralimpiya Komitəsinə zəng edib öyrəndi ki, görmə məhdudiyyətlilər üçün cüdo növü var. Koordinatları aldı və mənə dedi ki, İlham, get, sabahdan məşqlərə başla, sənin alnına dünya və olimpiya çempionluğu yazılıb. O gündən artıq 17 ilə yaxın vaxt keçib. Bu illər ərzində idman mənim ümid yerim, həyat tərzim, bir sözlə, xoşbəxtliyim oldu. Əsl kor - həqiqəti görməyəndir. Mən bu dünyanı bir sınaq, mübarizə meydanı kimi dərk eləmişəm".
 

 
Oluxan zirvəsi
 
Oluxan Musayev yerimə məhdudiyyətlidir. Diz qapaqları olmadan dünyaya gəlib, ayaqları inkişafını tamamlamayıb. Bununla belə, o, uşaqlıqdan bu yana, heç bir işdə sağlamlardan geri qalmayıb. Qeyri-adi fiziki gücü ilə seçilən Oluxan ailəsinə yük olmamaq üçün müxtəlif ağır işlərdə çalışıb. Yük maşınına daş yığıb, qohum-qonşuda odun yarıb. Hətta sağlamlar arasında keçirilən qol güləşi üzrə respublika çempionatlarında da dəfələrlə qalib gəlib və mükafatçılar sırasında yer alıb. 2004-cü ildən paralimpiya hərəkatına qoşulan qəhrəmanımız əvvəlcə pauerliftinq (ağırlıqqaldırma) üzrə yarışlara qatılıb, sonradan məcburiyyət qarşısında qalaraq, nüvə itələməyə keçib. Olduqca qısamüddətli - cəmi iki il hazırlıqdan sonra o, nəinki Pekində keçirilən dördilliyin ən möhtəşəm yarışına lisenziya qazanıb, burada çempion olub, hələ üstəlik, əlçatmaz dünya rekordu müəyyənləşdirib.
 
Ayrı-ayrı vaxtlarda dünya və Avropa çempionatlarının, o cümlədən "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olan Musayev deyir ki, idman onun bütün uşaqlıq arzularını gerçəkləşdirib: "Uşaqlıqda ən böyük arzum idmançı olmaq idi. Həyətdə idman qurğuları düzəldib, ağır alətlərlə məşq edirdim. Anam deyirdi ki, ay bala, əsgərliyə də getməyəcəksən, niyə özünə bu qədər əziyyət verirsən? Düzü, paralimpiya haqqında heç bir məlumatım da yox idi. Amma içimdə bir hiss vardı ki, nə vaxtsa bu məşqlərin bəhrəsini görəcəyəm. Paralimpiya hərəkatına qoşulanadək də maddi cəhətdən özümü təmin edə bilirdim, lakin idman həyatımı kökündən dəyişdi. Ən əsası, daimi işim oldu. Paralimpiya çempionu olduqdan sonra isə dövlətin hərtərəfli qayğısı ilə əhatə edildim. Bundan sonra üzərimə düşən vəzifə sadəcə məşq eləmək, nəticə qazanmaq oldu. Ötən 12 ildə qarşıma çıxan haqsızlıqlar səbəbindən paralimpiya medalı qazanmasam da, ölkəmizin himnini onlarla beynəlxalq yarışda səsləndirmək şərəfinə nail olmuşam. İndi də lövhə atma üzrə "Tokio-2020"-yə hazırlaşıram. Mayevskiyə çatıb, karyeramı bitirməyi düşünürəm (red: nüvə itələmə üzrə ikiqat olimpiya çempionu, əfsanəvi polşalı atlet Tomaş Mayekvskini nəzərdə tutur).
 
 
 
Əlilliyi üstünlüyə çevirən xanımlar
 
Sirr deyil ki, əlilliyi olan qadınlar kişilərlə müqayisədə daha böyük çətinliklər yaşayırlar. Ətrafın inamsız münasibəti, təhsildə, iş tapmaqda qarşılarına çıxan əngəllər onlarda həyata qarşı çarəsizlik hissi yaradır. Lakin ölkəmizdə durmadan inkişaf edən paralimpiya hərəkatının yaratdığı imkanlar sayəsində artıq bu stereotip də qırılmaq üzrədir. Xeyli sayda xanımlarımız var ki, idman vasitəsi ilə cəmiyyətdə özlərinə mühüm yer tutublar.

"Yaxşı ki, belə doğulmuşam. Yoxsa mən indiki mən olmazdım" - deyir, Aynur Məmmədova.

O, para-taekvondo üzrə ikiqat dünya, üçqat Avropa çempionu, Dünya Oyunlarının qalibidir. Taekvondonun tarixdə ilk dəfə proqrama salındığı "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil etməyə əsas namizəddir. Bu uğurla kifayətlənməyərək, Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası adlı qurum təsis edib. Qeyri-hökumət təşkilatları arasında yeni olmasına baxmayaraq, qurum gördüyü diqqətçəkən işlərlə artıq özünü doğrultmağı bacarıb. Təşkilatın adı idmanla bağlı olsa da, Aynur fiziki məhdudiyyətli uşaq və gənclərin bütün qayğıları ilə maraqlanır, problemlərinin həllində əlindən gələni əsirgəmir. Paralimpiyaçı xanım gördüyü işlər haqqında danışarkən əlavə edir ki, vaxtilə özünün üzləşdiyi çətinlikləri indiki nəsil əlilliyi olan gənclərin də yaşamasını istəmir: "Əlilliyi olan uşaqların nə istədiyini valideynlərindən də yaxşı mən başa düşürəm. Bir baxışlarından anlayıram ki, onların nəyə ehtiyacı var. Əslində, onların hamısı daha çox mənəvi dəstəyə ehtiyac duyur. Əlimdən gələn qədər onlara həm mənəvi, həm də maddi cəhətdən dəstək olmağa çalışıram. Ən əsası, həm özlərini, həm də valideynlərini inandırmaq istəyirəm ki, əlillik qüsur deyil, bu, arzulara çatmağa əngəl ola bilməz".
 

 
Aynurun daha gənc komanda yoldaşı Röyalə Fətəliyeva da məhdudiyyətini üstünlük olaraq qəbul edir. 28 yaşlı dünya çempionumuz deyir ki, paralimpiya hərəkatına qoşulanadək evdən çıxmağa belə cəsarət etmirmiş: "Sağlam doğulsaydım, yəqin ki, indi sıradan, ev işləri ilə gününü keçirən bir qız olardım. Əlilliyimə görə bəzi şeylərdən məhrum olsam da, idmanın yaratdığı imkanlar sayəsində onlardan qat-qat artığını qazanmışam. Halbuki əvvəllər evdən çölə tək çıxmağa, adicə marketə getməyə də çəkinirdim. Qorxurdum ki, kimsə məni görüb qulağını çəkər, bir söz deyər, ürəyim qırılar. Paralimpiya hərəkatına qoşulandan sonra bütün komplekslərim itdi. Özümə inamım birə-yüz artdı. Hiss edirəm ki, enerjim ətrafa da yansıyır. Özünə qarşı inamlı olanda heç kim səndəki əlilliyi görmür, sənə yazıq kimi baxmır. Amma deyim ki, əvvəl mənə çox çətin idi. Hətta başladığım heç bir həftə deyildi, qaçıb canımı qurtarmaq istəyirdim. Bir az düşündüm və qərara gəldim ki, mənə inanmayanları, "Röyalədir də, heç 10 gün çəkməz, atar bu işi" deyənləri haqlı çıxarmayım. Çünki uşaqlıqdan ən nifrət etdiyim söz "bacarmazsan" olub. Bütün çətinliklərə qatlanıb, elə ilk yarışımdaca üçüncü yeri tutdum. İki il sonra isə dünya çempionu oldum. İndi də Tokio Yay Paralimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparıram. Çox çətin vəzifə olsa da, öhdəsindən gələcəyimə inamım sonsuzdur".
 

 
Dünyada ilk olan Uşaq Paralimpiya Komitəsi
 
1996-cı ildə, ulu öndər Heydər Əliyevin xeyir-duası ilə cəmi iki idman növü (pauerliftinq və güllə atıcılığı) üzrə fəaliyyətə başlayan Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK) hazırda 14 növ üzrə idmançı hazırlayır. Komitənin sıralarında 1000-dən çox fiziki məhdudiyyətli idmançı var ki, onların 240-dan çoxu beynəlxalq yarış təcrübəsinə malikdir. Qabaqcıl milli paralimpiya qurumlarından sayılan ARMPK-nin son illər gördüyü işlər arasında dünyada ilk olan Uşaq Paralimpiya Komitəsinin (UPK) yaradılması xüsusi diqqət çəkir. Qeyd edək ki, əlilliyi olan uşaqların idman vasitəsilə cəmiyyətə inteqrasiya və beləliklə, ehtiyat qüvvənin hazırlanması məqsədi güdən UPK-nın təşkilatçılığı ilə 2015-ci ildən etibarən mütəmadi olaraq Uşaq Paralimpiya Oyunları keçirilir. Bu günə qədər dörd belə yarış baş tutub ki, onlardan sonuncusunda yerli uşaqlarla yanaşı, qonşu Gürcüstan təmsilçiləri də mübarizə aparıb. 

Sözügedən komitənin gələcək planları barədə "Kaspi"yə danışan ARMPK prezidenti İlqar Rəhimov bildirib ki, qarşıya qoyulan əsas məqsəd Uşaq Paralimpiya Oyunlarının yaxın zamanda beynəlxalq status almasıdır: "İlk vaxtlar böyük çətinliklərlə üzləşdik. Valideynlər uşaqlarını sıralarımıza qoşmaq istəmirdi. Əməkdaşlarımız ölkənin bütün bölgələrini gəzib, valideynlərlə söhbətlər apardılar, onları öz uşaqlarını evə qapatmamağa çağırdılar. Əminliklə deyə bilərəm ki, ötən illər ərzində bu sahədə böyük inkişafa nail olmuşuq. İlk oyunlarda 20-30 nəfər iştirakçı vardısa, son yarışa təxminən 150-yə yaxın uşaq qatılmışdı. Artıq bir çox milli paralimpiya qurumları da bizim təcrübəmizdən yararlanır. Yaxın illərdə daha çox sayda ölkənin oyunlara qatılması gözlənilir".
 
Aygün Əhmədova
 
Yazı Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi müsabiqəyə təqdim edilir