• cümə, 26 Aprel, 06:49
  • Baku Bakı 12°C

Əlilliyi olan şəxslərin hüquqlarına dair seminar keçirilib - Fotolar

28.10.19 20:19 1841
Əlilliyi olan şəxslərin hüquqlarına dair seminar keçirilib - Fotolar
Finlandiyanın Xarici İşlər Nazirliyinin, ABİLİS Fondunun və Azərbaycan Əlil Təşkilatları İttifaqının dəstəyi ilə əlilliyi olan şəxslərin hüquqlarına həsr olunmuş "İnklüziv təhsil, peşə reabilitasiyası və müyəssərlik” mövzusunda seminar təşkil edilib.
Seminarı giriş sözü ilə Finlandiyanın Azərbaycandakı səfiri Arja Makkonen açaraq, əlilliyi olan şəxslərin hüquqları üzrə çalışan şəxsləri belə bir tədbirdə görməkdən məmnunluq duyduğunu dilə gətirib. O, Finlandiyanın Avropa Şurası Nazirlər Komitəsinə 6 aylıq sədrlik edəcəyini xatırladaraq qeyd edib ki, Avropa İttifaqında bütün müstəvilərdə bu səviyyədə təşkil ediləcək tədbirlərə ölkəsi rəhbərlik edəcək, prioritetlər nümayiş olunacaq. Səfirin sözlərinə görə, bu sahədə bir çox prioritetlər Avropa İttifaqının gündəliyində olduğu məsələlərlə həmahənglik təşkil edəcək: "Özümüzün proqramımız var. Birinci prioritet məsələ ümumi dəyərlər və qanunun aliliyidir. İkincisi, Avropa İttifaqının daha rəqabətqabiliyyətli və inklüziv edilməsidir. Üçüncüsü, Avropa İttifaqının iqlim dəyişiklikləri ilə bağlı tədbirlərdə rəhbər vəzifəsinin təsdiq olunması, həmçinin vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır. Finlandiya dünyada qanunun aliliyini və çoxtərəfliliyi təşviq edir. Bugünkü seminarın mövzusu isə əməkdaşlığı ehtiva edir. Biz dünyanın bütün məkanlarında əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsinə çalışırıq. Müxtəlif davranışlar, yanaşmalar, əlilliyi olan şəxslərin hüquqlarına bələd olmamaq bir sıra fəsadlara səbəb ola bilər. Bu mənada Finlandiya əlilliyi olan şəxslərin hüquqlarını təşviq edir. Çalışır ki, beynəlxalq və milli səviyyədə bu haqlara riayət olunsun”.

Səfir A.Makkonen deyib ki, Finlandiya əlilliyi olan şəxslərin hüquqlarının təminatı sahəsində ən böyük maliyyə donoru sayılır: "Finlandiya uzun illərdir əlilliyə insan haqlarının pozulması prizmasından baxır. 1980-ci illərdən əlilliyə xeyriyyəçilik və digər məsələlər nöqteyi-nəzərindən yanaşır. Finlandiya bu istiqamətdə sistematik dəyişikliklərin baş verməsini arzulayır, dövlət və ictimai xidmətlərə çıxışı, müyəssərliyi əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması kimi qəbul edir. Bu, bizim dayanıqlı məsələlərə imza atmağımız üçün keçdiyimiz yoldur. Bu nəticələr əlilliyi olan şəxslərin və onların nümayəndələrinin müvafiq iştirakçılığı olmadan mümkün deyil. Bizsiz, onlarsız heç bir qərar verilməməlidir. Bu, Finlandiya yanaşmasının əsas məğzini təşkil edən məsələdir. Biz əlilliyi olan şəxslərin bu proseslərdə iştirakını dəyərləndiririk. Finlandiyanın maliyyələşdirdiyi əlillik proqramı hazırda əlilliyi olan şəxslərə dair təşkilatlar tərəfindən icra olunur. Əlilliyi olan şəxslərin hərəkətlərindən biz də bəhrələnirik. Finlandiyanın sosial siyasətində və təcrübəsində bu, özünü biruzə verir. Finlandiya əlilliyi olan şəxslərin müstəqil həyatını qurması, öz müqəddəratını təmin edə bilməsi istiqamətində də çalışır. Finlandiyada yeni formalaşan hökumətin qəbul etdiyi proqram qanunvericiliyin dəyişikliyi ilə bağlı müəyyən tələbləri nəzərdə tutur. Təhsildə jest dilinin əks olunması istiqamətində iş aparılır. Dövlət təsisatları, habelə sosial işlə əlaqədar sıx əməkdaşlıq illərdir Finlandiyada nümayiş olunur. Bu kimi təcrübənin paylaşılması bizim üçün xoşdur”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov əlilliyinin müəyyən edilməsinin yeni meyarlarının qəbul olunacağını xatırladıb. Bildirib ki, bu istiqamətdə əlilliyi olan şəxslərlə, həmçinin onların təmsil olunduğu təşkilatlarla əməkdaşlığa həssas yanaşılır. Nazir müavini bildirib ki, Azərbaycan BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasını birinci imzalayan dövlətlərdəndir. Onun sözlərinə görə, bu Konvensiyadan irəli gələrək ölkəmizdə bir sıra qanunlar, o cümlədən ötən il Əlilliyi olan şəxslərin hüquqları haqqında yeni qanun qəbul olunub. Nazir müavini əlilliyin müəyyən olunması qaydaları, şəffaflıq və obyektivlik amilinin üstün tutulması, sosial xidmətlərin elektronlaşması, əl çatan olması, müasir infrastrukturun, reabilitasiya və bərpa mərkəzlərinin fəaliyyəti istiqamətində görülən işlərdən, həmçinin hazırda üzərində iş aparılan bəzi sənədlərdən, işarət dilinin istifadəsinin genişlənməsinə dair görülən zəruri tədbirlərdən ətraflı söhbət açıb.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Finlandiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən seminarın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, sosial müdafiə istiqamətində hər hansı iş görülməsi üçün ilk növbədə hüquqi baza yaradılmalıdır. Millət vəkilinin fikrincə, indiyə qədər bu istiqamətdə bir sıra işlər görülüb: "Azərbaycan əlilliyi olan şəxslərin hüquqları ilə bağlı beynəlxalq Konvensiyaya qoşulub, ölkə daxilində bir sıra qanunlar qəbul olunub. Belə qanunlarda müyəssərliyin təmin olunması, əlilliyi olan şəxslərin inteqrasiyası, məşğulluğa, əmək fəaliyyətinə, məşğulluğa cəlb olunması, qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan kvotalara riayət olunması və sair başlıca yer tutur. Atılan hər bir addım əlilliyi olan şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. Əlilliyi olan şəxslərə verilən müavinətlərin həcmi də artırılıb. Əlilliyi olan şəxslərin təhsilə cəlb olunması da prioritetdir. Hazırda bu kateqoriyadan olan vətəndaşların ödənişli təhsil müəssisələrində təhsil haqqı dövlət tərəfindən ödənilir. Ümumilikdə indiyə qədər atılan addımlar və gələcəkdə bu istiqamətdə görüləcək bütün işlər əlilliyi olan şəxslərin hüquqlarının təmin olunmasına, onların digər vətəndaşlarla birlikdə sosial rifah halının daha da yaxşılaşmasına yönəlib”.

Seminarda BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini İrina Qoryunova müyəssərlik və həssas qrupların sosial inteqrasiyası mövzusunda öz fikirlərini çatdırıb.

Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud RəhimliFinlandiyanın Abilis Fondunun vəkillik koordinatoru Tuomas Tuure "Təhsil qurumlarında və iş yerlərində müyəssərlik” mövzusunda çıxış ediblər.
D.Rəhimli deyib ki,Azərbaycanda əlilliyi olan şəxslərin hüquqi və sosial təminatları istiqamətində mühüm işlər görülür. Onun fikrincə, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulduqdan sonra qanunvericilik bazası təkminləşdirilməyə başlanıb, sahəvi qanunlarda əlavə və dəyişikliklər olunub, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun qəbul edilib: "2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı, "İnfrastruktur obyektlərinin və yaşayış binalarınınlayihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət Qaydası”nın təsdiqedilməsi haqqında Nazirlər Kabinetinin qərarı qəbul olunub.İcra sahəsində irəliləyişlərin olmasına baxmayaraq müyəssərlik sahəsində problemlər qalmaqda davam edir. Müyəssərlik sahəsində Heydər Əliyev Fondunun, Bakı Nəqliyyat Agentliyinin, Azərbaycan Diplomatik Akademiyasının müsbət işini xüsusi qeyd etmək lazımdır.Qanunvericilik sahəsində mühüm addımların atılmasına baxmayaraq müyəssərlik sahəsində ciddi problemlər hələ də var. Müyəssərliyin olmaması səbəbindən cəmi 60-a yaxın əlilliyi olan şəxs inkluziv təhsilə, 10 faiz əlilliyi olan şəxs məşğulluğa cəlb olunub. Əhalinin aztəminatlı kateqoriyasının məşğulluğunun təmin olunmasına dəstək kimi kvotanın olmasına baxmayaraq, onun icrası və kvotaya nəzarət çox aşağı səviyyədədir. Bunları nəzərə alaraq ciddi addımların atılmasına ehtiyac vardır. Bu eyni zamanda əlilliyi olan şəxslərin asıllığının azalmasına da ciddi təsir göstərərdi".
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Müqalib Mahmudov"Peşə reabilitasiya xidmətləri” mövzusu üzrə çıxış edərək Ombudsman Elmira Süleymanovanın ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, xüsusilə də BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasında və Beynəlxalq Əmək Təşkilatının "Əlilliyi olan şəxslərin peşə reabilitasiyası və mәşğulluğu haqqında” Konvensiyasında təsbit olunmuş əmək və məşğulluq hüququnun müdafiəsi sahəsində fəaliyyəti barədə məlumat verib.Müvəkkilin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirlərdə, o cümlədən Biznes və insan hüquqları üzrə İşçi qrupunun iclaslarında əlilliyi olan şəxslərin məşğulluğu və iş yerlərində əmək hüquqlarının təmin edilməsi məsələlərinin müzakirə edildiyi, bu sahədə bir sıra əhəmiyyətli təkliflərin irəli sürüldüyü bildirilib.Əlilliyi olan şəxslərin məşğulluq probleminin həlli məqsədi ilə peşə-sosial reabilitasiya xidmətləri göstərən mərkəzlərin yaradılması, ümumi əmək bazarında onlar üçün heç bir ayrı-seçkiliyə yol verilmədən bərabər imkanların mövcud olduğu müyəssər iş yerlərinin açılması, qanunvericiliklə nəzərdə tutulmuş qaydada kvota üzrə iş yerlərinin müəyyən edilməsinə diqqətin artırılması, bu kvotanın yerinə yetirilməsində fəallıq göstərən işəgötürənlərin həvəsləndirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi, kvotanı təmin etməyən və ya onları işə qəbul etməkdən imtina edən müəssisə, idarə və təşkilatlara qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyət növlərinin tətbiq edilməsinə nəzarətin gücləndirilməsi, korporativ sosial məsuliyyətin təbliği və sahibkarların diqqətini sosial sahəyə yönəltməklə xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək göstərilməsi, əlilliyi olan şəxsləri münasib işlə təmin edən işəgötürənlərə real vergi güzəştlərinin və güzəştli kreditlərin verilməsinin hüquqi əsaslarının müəyyən edilməsi istiqamətində təkliflərin məhz bu qəbildən olduğu diqqətə çatdırılıb.
Seminar çərçivəsində inklüziv təhsil və digər bu kimi mövzularda çıxışlar olub, müzakirələr təşkil olunub.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər