Əlilliyi olan 45 nəfər müalicə müəssisələrinə yola salınıb
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən 45 nəfər əlilliyi olan şəxs Heydər Əliyev
adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı müalicə müəssisələrinə
yola salınıb.
Bildirilib ki,
fiziki məhdudiyyətli insanlarla bağlı nazirlik tərəfindən aparılan işlərin bir
istiqaməti də həmin insanların sağlamlıqlarının bərpasına yönəlib. Hazırda 45 nəfərin
10 gün müddətinə Naxçıvan MR-dəki müalicə müəssisələrinə yola salınması da bu məqsədlə
görülən işlərdən biridir. Göndərilən şəxslərin xəstəliklərinə uyğun olaraq 19 nəfəri "Duzdağ” Fizioterapiya mərkəzində, 16 nəfəri
Darıdağ Arsenli Su Müalicəxanasında müalicə kursu keçəcək. Qalan 10 nəfər isə
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müayinə olunaraq müalicə kursu keçəcəklər.
Yola salınan əlilliyi
olan şəxslər onların tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpası üçün görülən işlərdən
razı qaldıqlarını, səmərəli müalicə kursu keçmələri üçün yaradılan şəraitə görə
minnətdarlıqlarını ifadə ediblər.