• cümə, 29 Mart, 00:15
  • Baku Bakı 7°C

Əlilliklə bağlı şəffaflığın təminatına töhfə

20.04.16 13:04 3248
Əlilliklə bağlı şəffaflığın təminatına töhfə
Azərbaycanda "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları" təsdiq edilib. Bu barədə Trend Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən məlumat yayıb. Məlumata əsasən, Qaydalar əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə təsdiq edilib.
Yeni Qaydalara əsasən, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması; əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğu (bundan sonra - əlillik) müddətinin bitməsi; peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklərlə bağlı əlillik müddətinin başa çatma vaxtından əvvəl müayinəsi; əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması; xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi. Qaydalara əsasən, göndəriş verilməsi üçün müraciət edən (yazılı və ya elektron formada) şəxslərin müraciət etdikdən sonra 7 (yeddi) iş günündən gec olmayaraq, səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparılır, xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir.
Bəs yeni Qaydalar özündə hansı müsbət dəyişiklikləri ehtiva edir? Köhnə Qaydalarla yeni Qaydalar arasındakı fərq nədən ibarətdir? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev mövzu ilə bağlı “Kaspi”yə verdiyi açıqlamada bildirdi ki, təsdiq edilmiş yeni Qaydalar tibbi-sosial ekspertiza sahəsində məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azalmasına və şəffaflığın təminatına xidmət edir: “Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində həyata keçirilən islahat tədbirlərinin bir istiqaməti də tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin müasir yanaşmalar əsasında qurulması, əlilliyin müəyyən edilməsi sistemində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təmin olunmasına yönəlib. Prezident İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) qurulub. TSERAS əlillik müayinələrinin aparılması üçün səhiyyə müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) arasında elektron məlumat mübadiləsinə, əlilliyin müəyyən olunmasında şəffaflığın təmin olunmasına, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılmasına şərait yaradıb. Əlilliyin qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı yaradılmaqla, bu məqsədlə edilmiş müraciətlər, keçirilmiş müayinələr, qəbul olunmuş qərarlar barədə məlumatlar elektron formada real vaxt rejimində TSERAS-a ötürülür. Əlillik müayinəsi aparılmış vətəndaşların, işəgötürənlərin və müvafiq məlumatdan istifadə edən dövlət orqanlarının da “Elektron hökumət” portalı vasitəsilə sistemə çıxışı təmin olunub”.
E.Babayev həmçinin bildirdi ki, dövlət başçısının 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də dəyişikliklər aparılıb. Nazirlər Kabinetinin 06 yanvar 2016-cı il tarixli 413 nömrəli qərarı ilə təsdiqlənən yeni Əsasnaməyə görə, həmin Əsasnamə təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılıb: “Əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi isə müddətsiz müəyyən olunub. Eləcə də Əsasnamənin 3.1.1 - 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, yeni Əsasnamənin təsdiq edildiyi günədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla üç il müddətinə uzadılıb. Beləliklə də, tibbi-sosial ekspertiza sahəsində məmur-vətəndaş təmaslarının dəfələrlə azaldılması təmin edilib. Bu sahədə islahatların davamı kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na əsasən, dövlət səhiyyə müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsinin elektron qaydada həyata keçirilməsi təmin ediləcək. Belə ki, Qaydalara əsasən, göndəriş səhiyyə müəssisəsi rəhbərinin səlahiyyət verdiyi şəxslər tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında iki iş günü ərzində “Elektron hökumət” portalındakı “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil ediləcək. Göndəriş Reyestrə daxil edilən gün tibbi-sosial ekspertiza müayinəsi aparılacaq şəxsə bu barədə məlumat veriləcək. Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyd olunan Reyestrə, habelə “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə çıxışı təmin ediləcək. Göründüyü kimi, artıq həmin göndərişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birbaşa “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”ndən elektron qaydada əldə olunacaq ki, bu da göndərişlərin verilməsində kağız daşıyıcılardan istifadənin aradan qalxmasına, tibbi-sosial ekspertiza sahəsində məmur-vətəndaş ünsiyyətinin əhəmiyyətli şəkildə azalmasına və şəffaflığın təminatına yönəlib. Bununla yanaşı, yeni Qaydalarda göndərişlərin qüvvədə olma müddəti dəqiq şəkildə müəyyən edilib. Belə ki, sənəddə göndərişin qüvvədə olma müddətinin onun Reyestrə daxil edildiyi gündən etibarən 30 (otuz) iş günü təşkil etdiyi əksini tapıb. Həmçinin Qaydalarda göndəriş verilməsi üçün yazılı və ya elektron formada müraciət edən şəxsin müraciət etdikdən sonrakı 7 iş günündən gec olmayaraq, səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün müvafiq müayinələrin aparılması, xəstəlik tarixindən çıxarışların (epikrizlər) toplanılması, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxsin əlavə ambulator və ya stasionar müayinəyə göndərilməsi nəzərdə tutulur”.
Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov qəzetimizə verdiyi açıqlamada bildirdi ki, yeni Qaydalar əlilliyin təyin olunması prosesini sürətləndirəcək: “Burada söhbət əlilliyi olan insanlara əlilliyin təyin olunması qaydalarının sadələşdirilməsindən gedir. Köhnə Qaydalara əsasən, əlilliyi olan şəxsin özü ümumi xəstəxanada, daha sonra Tibbi Sosial Ekspert Komissiyasından aldığı sənədləri aidiyyəti orqanlara təqdim etməklə onlara əlillik təyin olunurdu. Onlara təqaüd və sosial müavinətlərin verilməsi və miqdarı uzun proseslərdən sonra bəlli olurdu. Bildiyimiz kimi, Azərbaycanda elektron hökumət portalı mövcuddur və əksər nazirliklər, təşkilatlar bu portala qoşulublar. Yeni Qaydaların mahiyyəti əsasən əlilliyi olan şəxs və ona əlilliyi təyin edəcək şəxslərlə təmasların minimuma endirilməsindən ibarətdir. Bundan başqa, Qaydalar bu prosesin sürətlə getməsini asanlaşdırmağa da kömək edəcək”.
D.Rəhimov bildirdi ki, yeni Qaydalar şəffaflığın təmin olunmasında xüsusi rol oynayacaq: “Məlum olduğu kimi, Nazirlər Kabinetinin “Əlilliyin təyin olunmasının meyarları haqqında” Əsasnaməsi var və hazırda həmin sənədə əsasən bu şəxslərə əlillik təyin olunur. Lakin yeni Qaydalar ilk növbədə imkan verəcək ki, əlilliyi olan şəxslərlə Tibbi-Sosial Ekspert Komissiyasının mütəxəssisləri arasında münasibətlər minimuma endirilsin. Çünki artıq yeni Qaydalara əsasən, bu kimi hallara ehtiyac yoxdur. Əvvəllər bu proseslərin gedişi zamanı bəzi neqativ hallar müşahidə olunurdu. Lakin bundan sonra bu və ya digər şəxs məsələyə müdaxilə etmək iqtidarında deyil. Digər bir tərəfdən isə əlilliyi olan şəxs müvafiq elektron üsulla öz şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə əlilliyinin təyin olunmasına birbaşa özü şahid olur. Nəticələr isə şəxsə elektron üsulla dərhal göndərilir. Bu baxımdan yeni Qaydalar imkan verəcək ki, proseslər sürətləndirilsin və bəzi neqativ hallar aradan qaldırılsın. İnsanlar artıq elektron üsulla özləri əlilliyin təyin olunmasını müşahidə edəcəklər. Bundan başqa, qeyd etmək istərdim ki, şəxsin əlilliyinin səbəbləri bu Qaydalara aid deyil. İstər Qarabağ, istər Çernobıl, istərsə də yol qəzası nəticəsində əlil olan şəxslər bu Qaydalardan eyni dərəcədə yararlana bilər. Bu Qaydalar sadəcə olaraq əlilliyin təyin olunması prosesini asanlaşdırır. Şəxsin hansı şəraitdə əlil olması məsələsi isə sonradan təqaüd və müavinətlər verilən zaman öz təsirini göstərir. Burada əsas şəxsə hansı qrup çərçivəsində əlilliyin təyin olunması götürülür”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər