• şənbə, 20 Aprel, 03:10
  • Baku Bakı 15°C

Əlil uşağı necə oxutmalı?

22.05.13 10:23 8103
Əlil uşağı necə oxutmalı?
Bu gün ölkəmizdə fiziki qüsurlu uşaqların təhsil məsələsi problem olaraq qalmaqdadır. Hər kəsə məlumdur ki, hər bir fiziki qüsurlu uşaq qüsursuz uşaqlarla eyni hüquqlara, həmçinin təhsil almaq hüququna malikdir. “Təhsil haqqında” qanunda da qeyd olunub ki, cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların bərabər təhsil alma hüquqları var. Lakin ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların sağlam uşaqlar kimi təhsildən yararlanması problemli məsələlərdəndir.
Statistika
Rəsmi statistikalara görə, Azərbaycanda 60 minə yaxın əlilliyi olan uşaq var. Onun 12 minə yaxını təhsilə cəlb olunur və böyük əksəriyyət təhsildən kənarda qalır. Statistikaya görə əlilliyi olan uşaqların böyük bir hissəsinin yaş həddi məktəbəqədər yaş dövrünü əhatə edir. Lakin ölkəmizdə fiziki qüsurlu uşaqların əksəriyyəti həmyaşıdları ilə birlikdə təhsildən yararlana bilmir və bu da onların savadlanmasının, elmə, biliyə yiyələnməsinin qarşısını alır. Məktəbəqədər təhsildən yararlana bilməmələri onların ümumi məktəb həyatına da əngəl törədir və cəmiyyətə inteqrasiyasını çətinləşdirir. Çünki məktəbəqədər təhsil hər bir uşağın həyatında önəmli mərhələdir. Araşdırmalara görə, uşaqların bağçaya getməsi onların sonrakı həyatına və təhsil fəaliyyətinə müsbət təsir göstərir. Məktəbdən əvvəl bağçada təhsil almış uşaqlar oxumağı, yazmağı digərlərinə nisbətən daha tez qavrayırlar. Xüsusilə əlilliyi olan uşaqların məktəbəqədər təhsil formasından yararlanmadıqda ümumi təhsilə keçmələri onların qavramalarında müəyyən çətinliklər törədir. Bəs Azərbaycanda fiziki qüsurlu uşaqların məktəbəqədər təhsilə cəlb olunması hansı səviyyədədir? Onlar təhsilin bu növündən kifayət qədər yararlana bilirlərmi?
Əlil uşaqlar bağçaya göndərilmir
Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin reabilitasiyası ilə məşğul olan "Göy qurşağı" yardım mərkəzinin direktoru Yeganə Məmmədəliyeva bizimlə söhbətində bildirdi ki, ölkəmizdə əlilliyi olan uşaqların məktəbəqədər təhsil səviyyəsi yox dərəcəsindədir: “Azərbaycanda əlilliyi olan uşaqların məktəbəqədər təhsildən yararlanmaları üçün xüsusi uşaq bağçaları yox səviyyəsindədir. Biz Təhsil Nazirliyi və UNİSEF-in xətti ilə normal uşaqların oxuduğu bağçalarda bir neçə qrup yaratdıq. Amma onların kütləvi şəkildə təhsil almaları üçün bu qruplar kifayət etmir. İnkluziv təhsil proqramını tətbiq etdikdə isə valideynlərin münasibəti birmənalı olmur. Düzgün inkişaf etmiş uşaqların valideynləri övladlarının əlil uşaqlarla birlikdə təhsil almalarına qarşı çıxırlar. Bunun əsas səbəbi isə onların bu istiqamətdə düzgün yönləndirilməmələridir. Buna görə də bu mövzuda valideynlər arasında maarifləndirilmə işlərinin aparılmasına böyük ehtiyac var. Çünki əgər tərbiyəçilər, ümumi qrup hazırdırsa, əlilliyi olan uşaqları ora cəlb etmişiksə, lakin normal uşaqların valideynləri bunu qəbul etmirsə, biz bunu tətbiq edə bilmərik”.
Xatırladaq ki, inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil müəssisələrində sağlam uşaqlarla birgə təhsil almasıdır. Proqrama görə, əgər bir qrupda 20 nəfər uşaq varsa, bunların ikisi və ya üçü fiziki qüsurlu uşaqlar olmalıdır.
Qüsurlu uşaq təhsil ala bilməz?
Fiziki qüsurlu uşaqların təhsilə cəlb edilməsində əsas problemlər haqqında məlumat verən Y.Məmmədəliyeva təhsildən kənar qalan əlillərin insanlarla ünsiyyətdə çətinlik çəkdiyini bildirdi: “Əlilliyi olan uşaqların təhsilə cəlb edilməsində əsas problemlərdən birincisi valideynlərin uşaqların hüquqlarını bilməməsindən irəli gəlir. Onlar elə hesab edirlər ki, əgər uşaqları qüsurludursa təhsil ala bilməz. Bir çox hallarda valideynlər belə düşünür. Ona görə də uşaqları təhsildən kənarda qalır və cəmiyyətə inteqrasiyası zəif olur”.
Xarici təcrübə
Xarici təcrübə haqqında məlumat verən Y.Məmmədəliyeva bu təcrübənin Azərbaycanda da tətbiq edilməsinin gərəkli olduğunu bildirdi: “Dünyada hər bir ölkədə fiziki qüsurlu uşaqlara qarşı yanaşma müxtəlifdir. Amma bu da həqiqətdir ki, bizim ölkə bu baxımdan inkişaf etmiş ölkələrdən geri qalır. Çünki Avropada əlilliyi olan uşaq anadan olubsa, artıq doğum evindən müvafiq qurumlara məlumat verilir. Orada 0-dan 3 yaşına qədər ailələrə sosial işçilər cəlb olunur. Onlar uşağın valideynləri ilə söhbət aparır, onlarla nə etmək, necə işləmək, övladlarının hansı bacarıqlarını inkişaf etdirmək lazım olduğu haqqında məlumat verir. Üç yaşına qədər uşağın tədrisi ev şəraitində aparılır. 3 yaşından 6 yaşına qədər olanlar uşaq bağçalarına göndərilir, 6 yaşından 18 yaşına qədər olanlar məktəblərə göndərilir, sonra ali təhsil, daha sonra iş yerlərinə ezam edilir. Əgər uşağın təhsili qavrama səviyyəsi aşağıdırsa, bu zaman o, hansısa texniki peşəyə yiyələnir. Düşünürəm ki, fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün bunları Azərbaycanda da tətbiq etmək mümkündür və lazımdır”.
“Qanunvericilikdə boşluq var”
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri Nazir Quliyev bizimlə söhbətində bildirdi ki, bununla bağlı qanunvericilikdə boşluq var. Bu səbəbdən fiziki qüsurlu uşaqların təhsilə cəlb olunması və inkluzivliyi təmin olunmur: “Araşdırmalar göstərir ki, təhsilə cəlb olunan əlil uşaqların böyük əksəriyyəti evlərində təhsil alırlar. Lakin evdə təhsil almaq üsulu müasir dövrdə səmərəli deyil. Burada əsas məsələ onların cəmiyyətə inteqrasiya olunmasıdır, bunun üçün də əlil uşaqlar öz həmyaşıdları birlikdə təhsil almalı və ünsiyyətə girməlidirlər. Bundan əlavə, qanunvericilikdə boşluqlar olduğu üçün fiziki qüsurlu insanların infrastruktur baxımından problemləri var. Onların hərəkəti üçün lazımi şərait yaradılmır və nəqliyyatdan rahat istifadə edə bilmirlər. Burada kompleks təminetmə olmalıdır. Həm infrastruktur, həm də qanunvericilik düzgün qurulmalıdır. Onların cəmiyyətə inteqrasiyası üçün əsas məsələlərdən biri isə valideynlərin maarifləndirilməsidir. Təcrübədə göstərilir ki, əlilliyi olan uşaqların valideynləri uşaqların cəmiyyətə qaynayıb-qarışmasında, təhsil almasında və gələcəyinin düzgün təməl üzərində qurulmasında böyük rol oynayır”.
N.Quliyevin sözlərinə görə, əlil uşaqların təhsil almaması onların gələcək həyatında böyük fəsadlar yaradır: “Əlil övladı olan hər bir ailə bilməlidir ki, uşaqların kiçik yaşlarından təhsil almaları olduqca vacib məsələlərdəndir. Çünki, uşaq təhsil ala bilməyərək cəmiyyətdən kənarda qalır və gələcəkdə ailənin üzərinə yük olur, özünü cəmiyyətə yarasız insan kimi hiss edir. Ailənin gəlir gətirən üzvü isə məcbur olur ki, əmək fəaliyyətini saxlayıb uşağa baxsın. Bundan əlavə, əlillərin əmək fəaliyyəti ilə məşğul olmamaları cəmiyyətdə sosial yükün ağırlaşmasına gətirib çıxarır. Amma onlar peşə təhsili alsalar, lap kiçik yaşlarından əmək fəaliyyətinə cəlb olunsalar, cəmiyyətə faydalı insan olarlar və yükə çevrilmirlər. Təcrübələr də göstərir ki, təhsili olan fiziki qüsurlu insanın digər insanlardan heç bir fərqi yoxdur, sadəcə, onlara uşaqlıqdan qayğı göstərərək düzgün yönləndirmək lazımdır”.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər