AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əli Mirəliyev də Əkrəm Əylislidən danışdı Müsahibə

Əli Mirəliyev də Əkrəm Əylislidən danışdı Müsahibə

Mədəniyyət
07 Fevral 2013, 15:52 2755
Qalmaqallı açıqlamaları ilə tanınan Əli Mirəliyev bu gün şou-biznesdə fəallığı ilə seçilən gənc ifaçıları ittiham etməkdən yorulmur. Müğənni qəzetimizə müsahibəsində musiqi meydanının təsadüfi adamların əlində qalmasından şikayətləndi.

Onların heç biri müğənni deyil

- Son zamanlar mahnılarınızı demək olar ki, efirlərdə eşitmirik…

- Məni televiziyalarda oxumağa imkan vermirlər, ancaq danışmağa dəvət edirlər. Ona görə də sanballı, rəngarəng repertuarımdan olan mahnılarım qıraqda qalıb. Zamanında kifayət qədər xalq mahnıları ifa etmişəm, əgər o mahnılar olmasaydı, bu gün mən Əli Mirəliyev olmazdım. “Yaraşaydım”, “Həkim qız”, “Oynadı qızlar”, “Ay işığında”, “Sevgilim” kimi mahnılarım tamaşaçılar tərəfində sevilib. “Hardasan gəncliyim” mahnımı özümə həsr etmişəm. Hərdənbir radiolarda da səslənir. İndi yerdən çıxma müğənnilər çoxalıb deyə, ancaq onları oxumağa dəvət edirlər, onların da ki səsi yoxdur. Mən onlarla təkbaşına mübarizə aparıram. Sanki musiqimizi özbaşına buraxıblar. Musiqilərimizi yerli televiziyalarımız yayımlamır, ona görə öz musiqilərimizin təbliği çox zəifdir. Sanki nə Şövkət Ələkbərovamız, nə Gülağa Məmmədovumuz olub. Televiziyalarda bu gün onların heç birinin adları hallanmır. Azərbaycan musiqisi bu gün təhrif olunur. Əgər televiziyalar həmin ifaçıları göstərsələr, onda təzə çıxan “müğənnilər”in bazarı öləcək.

Bu da bir siyasətdir. Alıcı mağazaya gələndə satıcı yaxşı malı ona göstərməz, əgər göstərərsə, pis mal onun əlində qalar. Musiqi aləmində də belədir. Əgər Əli Mirəliyevin mahnılarını efirə versələr, xalq deyəcək ki, səsi olmayan ifaçıların mahnılarını niyə efirə verirsiniz? Bu işdə professionallıq lazımdır. İfaçı bilməlidir ki, şair bu mahnıda nə demək istəyir. O qədər özlərindən razıdırlar ki, gözəl xəzlər geyinirlər əyinlərinə, bunu reklam edirlər. İndi uşaqlarımız da efirə baxıb deyirlər ki, “ata, o xəz geyinən qız var ha, onu gətir mənim toyuma”. Daha demir ki, gözəl mahnılar ifa edən müğənni filankəsi dəvət et. Deyirsən oxuya bilmir axı, deyir yaxşı oxumasaydı televizora buraxmazdılar onu...

- Son illər gündəmdə olan gənc müğənnilərə qarşı sərt ittihamlar səsləndirirsiniz. Bu nədən qaynaqlanır?

- Onların heç biri müğənni deyil, olmayacaqlar da. Müğənni qalmaqalla deyil, səsi ilə gündəmi gəlməyə çalışmalıdır. Gənc müğənnilərin əksəriyyəti zəifdirlər, onlar uşaqlıqdan müğənni doğulmayıblar. Dərd odur ki, gələn nəsil də bizi qəbul etmir. Çünki göz açıb bunları görüblər. Qalmaqalları, xəzləri, brilyantları, sırğalı, burunlarını kəsdirən, saçlarını qaraldan kişiləri, nə bilim nələri ilə gəlirlər musiqi gündəminə. Vallah biabırçılıqdır. Bizim xalqımız istedadlı xalqdır, hamısının yaxşı səsi var. Amma bu o demək deyil ki, bütün millət oxumalıdır, müğənni olmalıdır, və ya yazıçı, icra başçısı olmalıdır. Bunların ürəklərindən çox şey keçir, demokratiyadır deyə hər şeyi edirlər, ancaq başa düşmürlər ki, bu, demokratiyanın içində anarxiya deməkdir. Bu vəziyyəti də onlara özümüz yaratmışıq, ona görə də özümüz günahkarıq. Bu işdə məsuliyyət daşıyan Mədəniyyət və Turizm Nazirliyi də günahkardır ki, meydanı boş buraxıb, səsi olmayanlar da bu meydandan məharətlə istifadə edirlər. Artıq bir neçə ildir deyirəm ki, bu bizim musiqilərimiz deyil, bizim musiqimiz dəyişilib. Musiqimizlə bərabər dilimiz, yazı tərzimiz də dəyişilib.

Televiziyada aparıcılarımız heç özləri də bilmirlər ki, efirdə hansı ləhcədə danışırlar. Danışarkən sözləri səlis ifadə edə bilmirlər. Bəs bunların müğənniləri, əməkdar artistləri nə gündə olacaq? Niyə sovet vaxtı bizim azərbaycanlılar oxuyanda ermənilər demirdilər ki, bu bizim musiqimizdir? Ermənilər nəzərə alırdılar, ehtiyat edirdilər ki, bunlar gözəl müğənnilərdir. Yəni Rübabə Muradova, Şövkət Ələkbərova, Akif İslamzadə, Oqtay Ağayev, Mirzə Babayev, Gülağa Məmmədov, Xan əmi, Arif Babayev, İslam Rzayevə nə deyə bilərdilər? Bu müğənnilər öz işlərinin öhdəsindən professionallıqla gəlirdilər.

- Deyirsiniz ki, xalq mahnılarına özümüz xələl gətiririk?

- Bəli. Bu gün bəzi müğənnilər, xüsusən də Sevda Ələkbərzadə xalq mahnımız olan “Sarı gəlin”i pis vəziyyətə salıb. Erməni də deyir ki, “bu bizimdir, əslində bunu belə deyil, belə oxumaq lazımdır”. Niyə Akif İslamzadə oxuyanda erməni demədi bu mahnı bizimdir? Akif İslamzadə bu mahnını 30 il bundan qabaq oxuyub. Onda erməni susdu, amma Sevda Ələkbərzadə oxuyan kimi erməni dedi ki, bizimdir. Brilliant Dadaşova ağzı ilə “Vokaliz” adlı gülünc vəziyyətdə mahnı oxumağa başladı. Guya ağzında sözsüz musiqi ifa edir. Klarnet çala bilirsən, get klarnet çal. Daha o nə deməkdir, “dabada-dubada” qışqırmaqla camaatı ələ salırsan? Hələ o, şükürlüdür. Başqa mahnısında “Ax dedi, ox dedi”... Bu nədir? Bizim zamanımızda Hüseynağa Hadıyev “Bu gecə” mahnısını oxumuşdu. Bədii Şura onu efirə vermədi. Dedilər ki, orada erotik sözlər var, ayıbdır. Halbuki heç nə yox idi:

Bircə sən yoxsan, əzizim,
Bilir aləm bu gecə.
Neyçün olmadın sən ey yar,
Mənə həmdəm bu gecə.


Bu gün birdən rəhmətlik Cahangir Cahangirov, Hacıxan Məmmədov, Üzeyir Hacıbəyov dirilsə, siz neyləmisiniz deyəcək bizə. Azərbaycan musiqisinin rəhbərlərini topa tutacaqlar. Siz bizim qoyduğumuz yolla deyil, niyə başqa yolla gedirsiniz? Bizim musiqiləri bu günə qoymağa kim icazə verib bunlara?

Musiqi hecalara bölünməlidir. Şeir, mətn bilinməlidir. Mətn musiqi ilə həmqafiyə olmalıdır. İndi oxuyan gənc müğənnilərin oxuduqlarının nə demək olduqlarını anlamaq olmur. Oxumağı bacarmırsansa, xeyir ola, gedib studiyalarda səsini yazdırırsan? Orada da mahnıya əlavə səslər verirlər, çünki müğənninin səsi yoxdur. Guya orda klarnet çalır, guya xor gəlir. Bunlar camaatı aldatmaq, yayındırmaq üçün bir vasitədir.

Toy tutmaq biznesi

- Əli müəllim, Azərbaycan musiqisini yaxşı təmsil edə bilən hansı müğənnilərin adlarını çəkə bilərsiniz?


- Gözəl ifaçılarımız da var, mən demirəm ki, hamısı pis ifaçılardır. Alim Qasımov, Ağaxan Abdullayev, Arif Babayev, Əlibaba Məmmədov, Elmira Rəhimova, İlhamə Quliyeva, Flora Kərimova, Nisə Qasımova, Azər Zeynalov, Teymur Əmrah, Abbas, Elton, Nurlan Növrəsli, Aygün Bəylər və s. Bunlar 10-15 nəfərdir. Estrada janrında isə Röya pis oxumur.

- Konkret olaraq kimlərdir efirdə görmək istəmədiyiniz müğənnilər?

- Adlarını qeyd etmədiklərim Azərbaycan musiqisinə gərəkli deyillər. Xüsusən də son zamanlar bir neçə qrup yaranıb. Oğlanları ayrı, qızları da ayrı yığıb, özlərinə guya estrada qrupu yaradırlar. Bunlar toya getmək üçün bir biznesdir, toy tutmaq biznesi. Səsləri demək olar ki, yox səviyyəsindədir, aydın, səlis oxuya bilmirlər. Ayrı-ayrılıqda bunları solist kimi oxutdursalar, heç biri oxuya bilməyəcək.

- Toy biznesi olmadıqda da müğənninin gəlir yeri olmur. Bəs o zaman müğənni gəlirini necə əldə etsin?

- Bilirsiniz, bizim əvvəl zavod, fabriklərimiz, müəyyən sexlərimiz var idi. İnsanlar birtəhər dolanırdılar. Yəni hamı oxumağa qaçmırdı. Bu gün bizdə çoxlu iş olmadığına görə hamı polis, həkim, bir də ki müğənni olmaq istəyir. Bu gün peşəkarlar qalıb qıraqda, qeyri-peşəkarlar meydanda “at oynadır”. Dünən bu peşəyə gələnlər peşəkarlara dərs keçməyə çalışırlar. İşsiz, amma peşəkar, öz işinin bilicisi həkimlərimiz var. Ancaq bir də görürsən elə insanlar baş həkimliyə layiq görülüb ki, xəstələrə ziyan verir. Hərə öz sahəsində çalışsa, daha yaxşı olar. İndi yeni çıxan müğənnilər özlərini reklam etməklə məşğuldurlar. Televiziyanı açırsan, müğənnilər xəz reklam edir, mebel belə gəldi, kolbasa belə getdi. Ayıb deyilmi? Televiziyalarımız al-ver məkanına çevrilib. Musiqi qalıb qıraqda, bunlar məişət əşyalarını reklam edirlər. ATV-nin verilişində Arif Quliyev ölür, bunlar xamanı reklam edir. Utanmırsınız, fikirləşmirsiniz ki, camaat sizə baxır?

Onların uşaqları da gələcəkdə başıaşağı gəzəcəklər

- Xaricdə də dünya şöhrətli müğənnilər reklama çəkilirlər. Bu, normal haldır...


- Xaricdəki müğənni toya görə oxumur, sevilir, səsi var. Bu sənəti sevir deyə oxuyur. Bizim musiqidə nə qədər bədii şura yoxdursa, özbaşınalıq anarxiyaya gətirib çıxaracaq. Bu saat elə vəziyyətdir ki, bütün dünya ölkələri Azərbaycanı sıxır. Görürsünüz ki, erməniləri dəstəkləyən yazıçılarımız da çıxdı. O yazıçımız deputat olub, xalq yazıçısı olub, prezident təqaüdçüsü olub, amma ermənipərəstdir. Hələ də ermənilərə işləyən insanlar var, bunları təmizləmək lazımdır. Bizim müğənnilərə ad vermək lazım deyil. Öz mahnıları ilə tanınmalıdırlar. Məsələn, filan mahnını Akif İslamzadə oxuyur. O qalacaq tarixdə, amma özlərinə gündə bir ləqəb qoyanlar tarixdə qalacaqmı? Onların uşaqları da gələcəkdə başıaşağı gəzəcəklər.

- Toylara gedirsinizmi və sirr deyilsə, hansı məbləğin müqabilində?

- Toylara bəzi hallarda gedirəm. Toya gedərkən pul danışmıram. Kimin nəyə gücü çatır, onu da verir. İmkanı yoxdursa, gücü buna çatırsa, mən nə deyə bilərəm. Mən alverçiyəm ki, bazarda mal satam? Dilim tutular, infarkt vurar məni. Bir dəfə arzulayıb uşağına toy edir, mən də çox pul istəyib onun arzusuna əngəl ola bilmərəm. Mən bunu eləməmişəm, heç vaxt etmərəm də.

- Türkiyə şou-biznesinə qatılanlara münasibətiniz necədir?

- Türkiyə onları qəbul etməyəcək. Müğənnilərimiz gündə televiziyaya çıxıb deyirlər ki, məni belə dəvət etdilər, mən orda belə elədim. Bunlar hamısı boş sözlərdir. Türklər bir azərbaycanlı müğənni tanıyırlar, o da Zeynəb Xanlarovadır. Onlar heç məni də tanımırlar. Onlar bizim müğənniləri tanımırlar, tanımaq da istəmirlər.

Xəyalə Rəis