• cümə, 26 Aprel, 21:59
  • Baku Bakı 22°C

Əli Məsimli: Videokonfransda qaldırılan məsələlər böyük əhəmiyyət kəsb edir

18.06.20 10:00 488
Əli Məsimli: Videokonfransda qaldırılan məsələlər böyük əhəmiyyət kəsb edir
COVID-19 pandemiyasının yaratdığı fəsadlar səbəbindən qlobal iqtisadiyyat ağır vəziyyətlə üzləşib. Böhran azaldıqca orta və uzunmüddətli perspektivləri gücləndirmək, yaranmış vəziyyətdən az itki ilə çıxmaq üçün zəruri islahatları həyata keçirməkdə davam etmək lazımdır. Pandemiya dünyanın gedişini dəyişdirəcək. Bir tərəfdən qlobal miqyasda rəqabət güclənəcək, eyni zamanda, qlobal koordinasiya və əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edəcək. Bu baxımdan, iyunun 16-da "Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti və digər nümayəndələri arasında keçirilən videokonfrans bir sıra cəhətlərinə görə xüsusi əhəmiyyət kəsb edir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.
Deputat bildirib ki, həmin videokonfrans zamanı Prezident İlham Əliyev koronavirus pandemiyasının ayrı-ayrı ölkələrə, o cümlədən Azərbaycana təsiri, bu sahədə ölkəmizin beynəlxalq səviyyədə və daxildə gördüyü işlər və görüləcək tədbirlər, eləcə də postpandemiya dövrünün perspektivləri barədə diqqətçəkən fikirlər söylədi. Dövlət başçısı bildirdi ki, müəyyən problem və gərginliklər olsa da, Azərbaycanda koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər sayəsində vəziyyət nəzarət altındadır. Prezidentin həmin fikrini əsaslandırmaq üçün təkcə onu qeyd etmək kifayətdir ki, hətta son həftələrdə Azərbaycanda virusa yoluxanların sayı sağalanların sayını üstələməyə başlasa da, yenə də ölkədə koronavirusdan ölənlərin sayı bu virusa yoluxanların sayına nisbətdə 1 faizin ətrafında qalıb. Bu nəticə dünya ölkələri arasında kiçik göstəricilərdən biri olmaqla, 158 ölkə üzrə 5 faizin üzərində qərarlaşan orta statistik göstəricidən 4 dəfə aşağı bir səviyyədədir. Təbii ki, bu, arxayınlaşmaq üçün heç bir əsas vermir. Koronavirus davam edir və həm də sərhəd tanımır. Prosesi bundan sonra da nəzarətdə saxlayıb tədricən minimuma endirmək üçün əlavə tədbirlərə ehtiyac var. Son bir neçə ayın təcrübəsi göstərir ki, bu mürəkkəb dövrdə yalnız birgə səylər sayəsində koronavirus pandemiyası üzərində qələbənin qazanılması mümkündür. Ona görə də koronavirus pandemiyasının yaratdığı fəsadlardan az itki ilə çıxmaq üçün zəruri olan məlum şərtlər içərisində dövlətlərin, ayrı-ayrı qurumların bir-birinə mümkün variantlarda dəstək göstərməsi, birgə səylərin artırılması, əlaqələndirmə çox mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də koronavirus pandemiyası ilə mübarizədən danışarkən Azərbaycan Prezidenti onu da bildirdi ki, pandemiyaya qarşı mübarizədə biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk. Azərbaycanın bu addımı xalqımızın dünya birliyi ilə yüksək səviyyəli əlaqələrinin mövcudluğunun bariz təzahürüdür.
Deputat diqqətə çatdırıb ki, koronavirus pandemiyası və onun ətrafında cərəyan edən proseslər dünyanın əksər ölkələrində həyat itkisi, iqtisadi tənəzzül, bir sıra sosial-psixoloji və sair xarakterli ciddi fəsadlar törədib. 2020-ci ildə dünya iqtisadiyyatında 3 faizlik artım proqnozlaşdırılmışdı. Beynəlxalq Valyuta Fondu bu il 3 faiz enmə olacağını istisna etmir. Pandemiyanın yaratdığı fəsadlar və iqtisadi böhranla bağlı digər proqnozlara görə, koronavirus 2020-ci il yayın sonuna qədər davam etsə, bu, dünya iqtisadiyyatı üzrə ÜDM-in 5 faiz həcmində itkisinə səbəb ola bilər. Dünya Bankının proqnozlarına görə, yaşanılacaq ssenarilərin gedişindən asılı olaraq bu itkilər 5 faizdən də çox ola bilər. Digər məlum məqamlarla yanaşı, həm də ona görə ki, pandemiyanın dünyanın bütün böyük ölkələrinin iqtisadiyyatlarını eyni anda vurması kimi qeyri-adi hal yaşanılır. Ekspertlər, həmçinin inkişaf etməkdə olan ölkələrdə maliyyə böhranının potensial istehsal həcmini 8 faiz azaldacağını qeyd edirlər. Neft istehsalçısı olan ölkələrdə bu göstərici 11 faizə çata bilər.
Əli Məsimli bildirib ki, hökumətin rəsmi proqnozlarına görə, Azərbaycan iqtisadiyyatında 2020-ci ildə 3 faiz, 2021-ci ildə isə 3,7 faiz artım gözlənilirdi. 2020-ci ilin yanvar-fevral aylarında 2,8 faiz artım olmuşdu və bu tempin daha da yüksəlməsi gözlənilirdi. Lakin pandemiyanın fəsadları Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə mənfi təsir göstərməyə başladı. Prezident də bildirdi ki, Azərbaycanda əsas diqqət insanların koronavirusdan qorunmasına yönəldilib, ölkədəki iqtisadi artım isə mənfi təsirə məruz qalıb. Ümumi daxili məhsulda azalma olsa da, iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft və qazla əlaqəli olmayan sektorlarda artım davam edir. Hökumət tərəfindən pandemiyadan ən çox zərər çəkən turizm, otelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib. Bununla bağlı dövlət başçısı Azərbaycanda pandemiyadan əziyyət çəkən sahələrə, turizm və onunla əlaqəli sahələrin bərpasına yardımın davam etdiriləcəyini vurğuladı.
Deputat, həmçinin qeyd edib ki, koronavirus pandemiyasının diktə etdiyi şəraitə və çağırışlara uyğun olaraq dünya sürətlə dəyişməkdədir. Artıq dəyişməyə meyillənən yeni dünyada ən qiymətli dəyər bilik, sürət və zaman olacaq. Ona görə də hansı ölkə həmin parametrlərə uyğun islahatlar aparıb, innovasiyalı inkişaf yolu tutacaqsa o, udacaq. Dünənki videokonfransda Prezident İlham Əliyev perspektivlərdən danışarkən bir daha aydın göründü ki, hazırkı reallıqlar şəraitində islahatların alternativi yoxdur. Prezident gələcək planlardan danışarkən qeyd etdi ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə "Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. Azərbaycanda neft amilinin dominant roluna əsaslanan iqtisadi inkişaf modelindən insan amilinin və rəqəmsallaşmanın prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinə keçid sürətlənməkdədir.
Əli Məsimli "Microsoft” şirkətinin vitse-prezidenti Filip Roqun Azərbaycanda pandemiyanın təsiri ilə bağlı fikirlərinə də toxunub. Filip Roq Azərbaycanda pandemiyanın təsirinin kifayət qədər nəzarət altında olduğunu eşitdiyinə şad olduğunu bildirdi. O, dünya liderləri ilə əlaqə saxladığını, bunun heç də həmişə belə olmadığını vurğuladı. Azərbaycan üçün bundan sonra da nizam-intizama əməl etmək, pandemiyanın təsirinin nəzarət altında qalmasına nail olmaq və yaxın vaxtlarda onun üzərində tam və qəti qələbə çalmaq mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda bundan sonra da pandemiyanın təsirinin nəzarət altında saxlanılması üçün karantin qaydalarına əməl olunmaqla bütün qüvvələr səfərbər edilməlidir. Dövlət, cəmiyyət və fərd olaraq "Biz birlikdə güclüyük” prinsipini fikirdə, sözdə və işdə hamılıqla həyatımıza tətbiq edib yaxın vaxtlarda virusun təsirini sıfıra endirmək işinə hər kəs öz töhfəsini verməlidir.
"Yekunda bildirmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Microsoft” şirkətinin vitse-prezidenti və digər nümayəndələri ilə keçirdiyi videokonfransda qaldırılan məsələlər böyük əhəmiyyət kəsb edir. Videokonfrans yaxın və orta perspektivdə pandemiya dövrünün tələblərinə və postpandemiya mərhələsinin çağırışlarına uyğun uğurlu transformasiya üçün yol xəritəsinin yaradılması ətrafında fikirləşməyə imkan verdi. Konfrans həm də məqsədli proqramlar, konstruktiv təkliflər paketləri hazırlamaq üçün həm aidiyyəti dövlət orqanlarına, həm də ekspert və mütəxəssislərə çox zəngin material verdi”, - deyə Əli Məsimli bildirib.
banner

Oxşar Xəbərlər