Əli Kərimlinin qara zolağı: trollar yenə məğlub oldular
Azərbaycanın radikal
müxalifət partiyalarının ölkənin siyasi həyatında heç bir rola malik
olmadıqları günümüzün inkarolunmaz reallığıdır. İndiyə qədər qatıldıqları bütün
seçki marafonlarından boynubükük ayrılan, siyasi sistemin təkmilləşdirilməsi,
islahatlar həyata keçirilməsi və ölkənin inkişafı ilə bağlı hər hansı təşəbbüs
irəli sürməyən, yalnız xarici maraq qruplarından aldıqları maddi dəstək və qeyri-real
vədlər qarşılığında partiyaçılıq oynayan radikal ünsürlərin Azərbaycan xalqının
iradəsi ilə heç bir əlaqəsi yoxdur. Faktiki olaraq, ictimai faydalı işlə məşğul
olmayan, siyasi sistemimizin "qarınaltı yükü"nə çevrilmiş bu azsaylı
qrupun fəaliyyəti real müstəvidən virtual aləmə transfer olmaqdadır. Və bu
keçid siyasi leksikonumuza yeni ifadə daxil edib: "facebook müxalifəti".
Şübhəsiz ki, müasir şəraitdə sosial şəbəkələr
istənilən təşkilat üçün həm kifayət qədər imkanlar vəd edən təşviqat, həm də
geniş kütlələrə müraciət platformasıdır. Di gəl ki, bu platformanın hər kəs tərəfindən
qəbul olunan əhəmiyyəti heç bir siyasi təşkilata yalnız sosial şəbəkələrdə gün keçirmək
etmək üçün əsas vermir. Azərbaycanın "facebook müxalifəti" isə özünün
mövcudluğunu yalnız sosial şəbəkələrdə fəaliyyət göstərməklə qorumağa çalışır.
AXCP sədri Əli Kərimlinin fəaliyyəti bu mənada xarakterikdir.
"Like", yoxsa "Wow"?
"Facebook" sosial şəbəkəsindəki
"HamamTimes" səhifəsində ötən həftənin sonlarında "Əli Kərimli,
yoxsa İlqar Məmmədov?" başlıqlı sorğu təşkil olunub. İlk sorğu günündə səhifə
adminləri İlqar Məmmədovun lehinə səs vermək üçün "Like" (bəyənmə),
Əli Kərimliyə səs verənlər üçün təəccüb anlamını verən "Wow" düyməsini
müəyyənləşdirmişdilər. Lakin Əli Kərimli tərəfdarları dərhal cığallığa keçdilər.
Onlar belə bir iddia irəli sürdülər ki, insanlar daha çox "Like" işarəsini
bilir, həmçinin "Wow" işarəsini tapmaq üçün də əvvəlcə
"Like"ı sıxmaq lazımdır. Ona görə də bu sorğunun ədalətli
olmayacağını bildirən kərimliçilər işarələrin yerini dəyişdirməyi tələb etdilər.
Səhifə idarəçiləri də onların tələblərini nəzərə alaraq bu dəfə Kərimli üçün
"Like", İ.Məmmədov üçün "Wow" düyməsi təyin etdilər.
Sosial şəbəkələrdə tez-tez bu kimi
sorğuların şahidi oluruq. Nəzərə alsaq ki, sistemə bu və ya başqa şəkildə
müdaxilə mümkündür, həmçinin trollar və "saxta profillər" üzərindən həyata
keçirilən mexanizmlər də nəticəyə əsaslı təsir edir, onda bu sorğuların nəticələrinin
əksər hallarda reallığı ifadə etmədiyini söyləyə bilərik. Elə sonuncunun nəticələrinə
münasibətdə də hər iki tərəfin öz yanaşması var. Məqsədimiz heç də bu iki şəxsdən
hansının sosial şəbəkə istifadəçiləri arasında daha populyar olduğunu müəyyənləşdirmək
deyil. Heç Ə.Kərimlinin 1498, İ.Məmmədovun 3306 dəstək almasının da, zənnimizcə,
elə bir xəbər yükü yoxdur. İnsafən, Kərimlinin "trol"ları bu dəfə də
qara zolaqdan çıxa bilmədilər və onların saxta profillər üzərindən
"like" canfəşanlığı fiasko ilə tamamlandı. Amma bizim üçün əsas diqqətçəkən
məqam həmin sorğuya yazılan şərhlərlə bağlıdır. Çünki bu "müzakirə"lər
bir çox mətləblərdən xəbər verir.
Əvvəla, bu "Like"
yarışmasında siyasi palitramızın autsayderi sayılan təşkilatların təmsilçilərinin
mənəvi cəhətdən nə qədər ciddi aşınmaya məruz qaldıqları növbəti dəfə ortaya
çıxdı. Ona görə də sosial şəbəkələrdə nüfuzları yoxlanılan bu iki şəxsin tərəfdarlarının
sorğunun "baş rol oyunçuları" haqqında yazdıqları şərhlərin üzərində
dayanmağa ehtiyac var.
Əli Kərimli adının yanında digər müxalifətçinin adının keçməsindən
depressiyaya düşür
Bu günə qədər
Əli Kərimlinin sosial şəbəkələrdə saxladığı muzdlu "trol" və
"saxta profil" dəstəsi haqqında dəfələrlə yazılıb, hətta ona yaxın
adamlar mətbuata açıqlamalarında bununla bağlı maraqlı məlumatlar veriblər. Bu
profillərdən Kərimlinin guya böyük ictimai nüfuza və güclü dəstəyə malik siyasətçi
olması haqqında rəy yaratmaq üçün istifadə olunur. Sözügedən sorğuda Kərimli tərəfdarlarının
yazdıqları şərhlərdə də bu fikir əsas tezis kimi ortaya çıxır.
Təbii ki,
həm sosial şəbəkələrin, həm də xəbər saytlarının şərhlər bölməsində "saxta
profil"lərin Əli Kərimlinin ünvanına yazdıqları təriflərlə onun əsl xislətini gizlətmək mümkün deyil. Ən azından radikal
düşərgədə "lövbər" salanların özləri
Əli Kərimlinin hansı yolu keçdiyini, hansı oyunlardan çıxaraq AXCP-də
hakimi-mütləqə çevrildiyini, qondarma "Milli şura"nı hansı manevrlərlə
özününküləşdirdiyini yaxşı bilirlər. AXCP sədrinin bütün "karyerası"
boyu müxalifətdəki rəqiblərinə badalaq gələrək onları sıradan çıxarmaq üçün
hansı "tədbirləri gördüyü" də yaddaşlarda təzədir. Və bütün bunların
səbəbi çox sadədir: Əli Kərimli despot, antidemokrat mahiyyətlidir, çevrəsində
özünə rəqib ola biləcək kiminsə olmasını istəmir. O, təkcə AXCP-də deyil, bütövlükdə radikal düşərgədə
yetənə yetir, yetməyənə də bir daş atır. Sözügedən sorğuda "cəbhəçi"
trolların canfəşanlığını da bu səbəblə izah etmək mümkündür. Bəyəm, vaxtilə
özünə lider hesab etdiyi mərhum Əbülfəz Elçibəyə qarşı mətbuata kompromat ötürən,
yaxud onun ölümündən sonra müxalifətdə "bığ çıxaran" hər kəsin üstünə
"qılınc çəkən", təmsil olunduğu düşərgədə "dedovşina"nın
çiçəklənməsini təmin edən Ə.Kərimli deyildimi? AXCP sədrinin
"muzdluları"nın təhqirlərinə məruz qalan onlarla müxalifətçinin adını
birnəfəsə söyləmək mümkündür. Ə.Kərimli bu gün də müxalif düşərgənin
"çirkin mülkədar"ı olmaq missiyasını davam etdirir. Ona görə də hətta
sosial şəbəkədə təşkil olunan bir sorğuda belə adının yanında kimlərinsə adının
yazılmasından depressiyaya düşür, buna dözməyə belə taqəti çatmır. İ.Məmmədov
burada şərti subyektdir, problem Ə.Kərimlinin sadistliyində, tirançı mahiyyətində,
yarış və rəqabət anlayışlarına qüsurlu yanaşmasındadır. Bu səbəbdən də AXCP sədrinin
"söyüş maşını" istənilən məkanda istənilən adamı hədəf seçə bilər,
subyektin adının nə olmasının elə bir fərqi yoxdur. "HamamTimes"ın
sorğusunda Kərimlinin "kisəçiləri"ni əl-ayağa salan da bax elə budur.
Üstəlik, bu prosesə Kərimli ən etibarlı adamlarını – köhnə qvardiyaçıları
qoşub: Alı Rza, Aqil Əli Məhərrəm, Ruslan Nəsirli, Nurəddin Məmmədli, Vüqar
Niftiyev Kərimlinin artıq xeyli təcrübəli hesab olunan "like"çıları və
"linç briqadası"nın üzvləridir. Onların yazdıqları şərhlərdə İlqar Məmmədova
qarşı aşağılayıcı münasibət hər addımda özünü göstərir, onun hətta ciddi bir
siyasi fiqur kimi qəbul olunmamasına eyham vurulur. Məsələn, AXCP-nin Ali Məclisinin
Rəyasət Heyəti üzvü Aqil Əli Məhərrəm
yazır: "Bu qədər insan İlqar Məmmədovu real olaraq dəstəkləyir, niyə təkan
verib REAL-ı partiya edib, prosesin önündə aparmırlar? Bu qədər dəstək
realdırsa, nədən REAL bu qədər insanla işləməkdə maraqlı deyil? İki həbslə
kampaniyanı dayandıranda bu qədər insan nədən demədi ki, dayandırmayın, biz o
iki nəfəri əvəz edərik? Ölkənin taleyi kütləvi mitinqlərdən keçir. Burada olan
trol şəbəkəsi ilə mitinq etmək olmur. Real insanlar, ölkənin taleyi üçün
çalışanlar meydanda olan insanlardır".
Yeri gəlmişkən,
bir məqam da diqqətimizdən qaçmadı. Əli Kərimlinin virtual
"savaşçıları"nın siyasi təşkilatın gücü ilə bağlı ölçü meyarları
mitinqlərdir. Onlar hesab edirlər ki, əgər kimsə mitinq keçirirsə, bu, artıq
onun güclü olmasından xəbər verir. Mitinq keçirmirsə, deməli o, ümumiyyətlə,
siyasətlə məşğul olmur. AXCP Gənclər komitəsinin sədri İlham Hüseynin yazdığından da bu nəticə hasil olur:
"HamamTimes" səhifəsinin bu formada sorğu keçirməsi növbəti
saxtakarlıq kimi qiymətləndirilməlidir. Bu səhifənin hamam suyu ilə özünə dost
tutmaq istəməsini başa düşmək olar, amma bunu ədalətli şəkildə etmək olardı. Bu
ölkədə real gücün kimliyi hər addımda sübut olunur, ən əsası da meydanlarda.
Ədalətli olun, cənablar, kiminsə tərəfini tutarkən çalışın öz imicinizin bir tərəfini
korlamayın".
Alı Rza isə belə yazır: "Belə foto-illüstrasiya ilə camaatı yönəltməkdənsə,
açıq yazardınız ki, İlqar Məmmədovu virtual aləmin prezidentliyə namizədi eləmək
istəyirsiniz, elə "cəbhəçi"lər də basıb sizə kömək edərdi də, daha bu
düşüklük nəyə lazım idi?".
Əlbəttə,
şərhləri seçərkən maksimum diqqətli davranmağa çalışdıq. Çünki xüsusilə, Kərimli
tərəfdarlarının yazdıqları əksər şərhlərdə bütün etik baryerlər aşılmış, qarşı
tərəfin ünvanına ən ağır söyüş və təhqirlər yağdırılmışdır. Biz, təbii olaraq,
etika naminə o şərhləri burada təqdim edə bilmirik. Amma onların sözügedən səhifədə
hələ qaldığını da qeyd edirik.
Kərimlini tənqid edən hər kəs "trol"dur?
Əli Kərimli və ətrafındakı azlığın ən
çox istinad etdiyi digər "tezis" bundan ibarətdir ki, bu antimilli
ünsürlərin fəaliyyəti haqqında sosial şəbəkələrdə yer alan tənqidi fikirlərin
müəllifləri ya "saxta profil" sahibləri, ya da
"trol"lardır. Hərçənd ki, sosial şəbəkələrdə bu qəbildən olan fikir və
rəylər əsas etibarilə cəmiyyətimizdəki əhval – ruhiyyəni ifadə etməklə yanaşı,
AXCP sədrinə ictimai münasibətlə eyniyyət təşkil edir. Belə olduğu halda, Kərimlinin
özünə qarşı tənqidi fikirləri bu cür bəhanələrlə neytrallaşdırmağa çalışması
ciddi qəbul olunmur.
Məsələn, kərimliçilərin
mövqeyini dəstəkləyən Sabir Hüseynov
adlı profil sahibi REAL tərəfdarlarını trolluqda ittiham edərək yazır:
"İlqar Məmmədovu "like" edənlərin sayı qədər heç REAL-ın üzvləri
yoxdur". Prinsipcə, doğrudur və burada etiraz olunası heç bir səbəb
yoxdur. Amma məsələ burasındadır ki, qarşı tərəfin də bununla bağlı iradları
kifayət qədər əsaslıdır. Nərgiz
İsmayılova adlı sosial şəbəkə istifadəçisi yazıb: "Mən də həmişə onu
demişəm ki, Əli Kərimlinin səhifəsini bəyənənlərin sayı 200 mini keçir, ancaq
mitinqlərə heç 3000 adam toplanmır. Demək ki, Əli Kərimlinin səhifəsini bəyənənlərin
90 faizdən çoxu "trol"dur. Mitinqlər bunun əyani sübutudur".
Yaxud vaxtilə "Azadlıq" qəzetinin əməkdaşı olmuş Zöhrab
İsmayıl, AXCP-nin mətbəxinə yaxından bələd olan şəxs kimi, Əli Kərimlinin
facebook-dakı səhifəsini 100 mindən çox profilin bəyəndiyinə işarə vuraraq
kinayə ilə yazır: "100 minin 5%-ni səfərbər edin "like" düyməsinə
bassınlar, nə problem var ki? 100% orda (AXCP-də - müəllif) 1 nömrəli hazırlıq
vəziyyətidir".
Doğrudanmı, bu dəccallar özlərini bu qədər əhəmiyyətli
hesab edirlər?
Burada, sadəcə, 6 şərhi misal gətirdik. Əslində, bir-birlərinin
ünvanına "trol" yarlığının yapışdırıldığı onlarla belə şərhlər var, hətta
AXCP-çilər masştabı genişləndirərək üçüncü tərəfin də tapşırıqlarını yerinə
yetirən "trol" axtarışına çıxırlar. Çox maraqlı bir situasiya yaranıb: bir şəxs nə qədər özündənrazı, nə
qədər müştəbeh, eqoist ola bilər ki, hər kəsin onu sevdiyini düşünsün. Hətta
müqəddəslər belə bu iddiaya düşmədiyi halda, Kərimlinin, əstağfurullah, bu
"allahlıq" arzusu haradan yaranıb? İnsan yalnız çox ağır depressiya
içərisində olanda sərsəmləmə zamanlarında bütün həqiqətlərin onun beynində və
vücudunda cəmləndiyini düşünə bilər. Görünür, Əli Kərimli də belə bir problemlə
üz-üzə qalıb. Sanki hamı bunlardan icazə almalıdır? Nəyi yazmaq lazımdır, nəyi
olmaz, nə layihə keçirmək mümkündür, nə deyil, hamısının lisenziyası şəxsən Əli
Kərimlidən alınmalıdır?! Doğrudanmı, bu dəccallar özlərini bu qədər əhəmiyyətli
hesab edirlər? Əgər belədirsə, onda Allah şəfa versin!
P.S. Son
zamanlar Ə.Kərimlinin virtual "troll” siyasəti də iflasa uğrayıb. Artıq neçənci
dəfədir ki, AXCP sədri böyük əhəmiyyət verdiyi məsələlərin sosial şəbəkələrdə təbliğində
fiaskoya uğrayır. "HamamTimes" "yarışması" bu sırada növbəti
həlqəni təşkil edir. İndiyə qədər o və muzdlu "facebook dəstəsi" əsas
etibarilə vətənpərvər, dövlətini düşünən gənclər qarşısında aciz durumda
qalırdısa, bu dəfə ictimaiyyət arasında heç bir nüfuzu olmayan, siyasətçi kimi
özünü təsdiqləməyi bacarmamış İlqar Məmmədovun azsaylı dəstəkçiləri qarşısında
rəzil məğlubiyyətlə üzləşib. Məncə, bu, artıq Əli Kərimli üçün "SOS"
deməkdir. Ya papağını önünə qoyub düşünməli və düşdüyü böhrandan ağıllı bir
çıxış yolu tapmalı, ya da zamanın ağır zirehləri altında birdəfəlik məhv
olmalıdır.
Aqşin
ŞAHİNOĞLU