Əli Kərimlinin Müsavatı ələ keçirmək planı iflasa uğradı - Fotolar
Özlərini "demokrat”
adlandıranlar zaman-zaman yol verdikləri hərəkətlərlə əsl mahiyyətlərini,
demokratiyadan çox uzaq olduqlarını dəfələrlə ortaya qoyublar. İndiyə qədər
ölkədə keçirilən bütün seçkiləri biabırçılıqla uduzan radikal müxalifət özündə
dəyişiklik etmək əvəzinə məğlubiyyətin səbəbini yenə də iqtidarın üzərinə atıb.
İddia ediblər ki, guya hakimiyyət ədalətli seçki keçirsəydi mütləq müxalifət
qalib gələcəkdi. Bax, belə yerdə deyiblər ki, utanmasan oynamağa nə var ki?
Çünki, istər AXCP, istərsə də Müsavat Partiyası indiyə qədər partiya daxilində
normal seçki keçirməyiblər. Radikal liderlərin seçki şousu daim qalmaqal,
narazılıq, ədalətsizlik, saxtakarlıq şəraitində baş tutub. Bunu, biz deyil,
qurultay adlandırdıqları o seçki şoularında namizəd olanlar özləri etiraf
ediblər. Əslində onların hansısa etiraflarına da ehtiyac yoxdur. Görünən kəndə
bələdçi lazım deyil el məsəlində olduğu kimi. 26 ildən çoxdur partiyanın
sədarət kürsüsünü zəbt edən Əli Kərimlidən hansı demokratik seçki gözləmək
olar? Və ya dünənə kimi Müsavat başqanı olan, 2014-cü ildən etibarən isə öz
yerinə oturtduğu Arif Hacılı vasitəsilə partiya sədrliyini monopoliyada
saxlayan İsa Qənbərdən hansı demokratiya nümunəsi gözləyəsən?
Beləliklə, xalqın etimad və
etibarını itirən, yalnız gündəmdə qalmaq üçün çırpınan radikal liderlər
ara-sıra düzənlədikləri şoular vasitəsilə guya "demokrat”lıqlarını gözə soxmağa
çalışırlar. Siyasi hakimiyyətə gəlmək ümidlərini çoxdan itirən bu "liderlər”
hazırda ana-ata müxalifət olmaq, bir-birinin siyasi təşkilatını ələ keçirmək
üçün planlar qurur, bununla başlarını qatırlar. Müsavatın oktyabrın 13-də
keçirilən qurultay adlı növbəti şousunda da bu mənzərəni açıq-aydın sezmək hiss
olunurdu. Oxucularımıza xatırladaq ki, radikal cameədə, o cümlədən Müsavat
Partiyası daxilində ciddi fikir ayrılığı, parçalanma hökm sürməkdədir. Xüsusən
də Tofiq Yaqublu amili başqan Arif Hacılı üçün sözün əsl mənasında baş ağrısına
çevrilib. 2013-cü ilin prezident seçkilərindən sonra Müsavat Partiyası Milli
Şuranı tərk etsə də T.Yaqublu bu qurumla əlaqələrini kəsməyib. Sonradan AXCP
sədri Əli Kərimlinin inhisarına keçən Milli Şura bir neçə dəfə mitinq təyin
etsə də Müsavat Partiyası və funksionerlər bu aksiyalarda iştirak etməyib,
Ə.Kərimliyə dəstək verməyib. Lakin T.Yaqublu Milli Şuranın demək olar ki, bütün
aksiyalarında AXCP sədri Ə.Kərimli ilə yanaşı dayanıb, çıxış edib. T.Yaqublunun
AXCP ilə münasibətləri o qədər isti olub ki, qızını da Ə.Kərimlinin müavininə
ərə verib.
Oktyabrın 13-də keçirilən
qurultayda T.Yaqublunun başqanlığa namizəd olmasında belə, bu isti əlaqələrin
rolu var idi. Ə.Kərimlinin başlıca niyyəti T.Yaqublunun Müsavat başqanı
olmasına dəstək verməklə gələcəkdə bu siyasi təşkilata tam nəzarət etmək idi.
Təbii ki, əgər qurultayda səsvermə, təbliğat-təşviqat, rəqabətlilik tam şəffaf
şəkildə, bərabərhüquqlu vəziyyətdə keçsəydi, bəlkə də AXCP sədri bu istəyinə
nail ola bilərdi. Lakin Müsavatın sabiq başqanı İsa Qənbərin qurultay öncəsi
tərəf tutması, açıq şəkildə növbəti dəfə A.Hacılıya dəstək nümayiş etdirməsi,
üstəlik qurultay üzvlərinə edilən basqılar nəticəni dəyişib. Bu dəfə də başqan
A.Hacılı "seçilib”. Bu seçki şousundan dərhal sonra başqanlığa digər namizəd,
cəmi 20 səs "toplaya bilən” Yadigar Sadıqlı bəyan edib ki, seçki çox ədalətsiz
olub. Y.Sadıqlı gördüyü mənzərədən o qədər hiddətlənib ki, A.Hacılını təbrik də
etməyib, qurultayın keçirildiyi məkanı acıqla tərk edib. Qurultay üzvlərindən
51 nəfərinin "səsini toplayan” T.Yaqublu isə A.Hacılını yenidən başqan
"seçilməsi” münasibətilə təbrik edərək, ictimaiyyətə guya məğlubiyyəti qəbul etdiyini çatdırıb.
Ancaq qurultaydan sonra
sosial şəbəkədə yazılan statuslar, aparılan müzakirələr tamam başqa mənzərə
ortaya qoyub. AXCP sədri Ə.Kərimlinin Müsavatı ələ keçirmək planı iflasa
uğradığı üçün cəbhəçilərdən ibarət söyüş ordusu A.Hacılının yenidən başqan
seçilməsini lağlağı predmetinə çeviriblər. Ə.Kərimlinin dəstəkçiləri, hətta
xaricə sığınaraq Azərbaycan əleyhinə qaralama kampaniyası aparanlar da
A.Hacılını hədəfə alıblar. Sabiq diplomat, antimilli mövqe tutaraq Avropaya
sığınan, Ə.Kərimlini özünün lideri elan edən Arif Məmmədov müsavatçı
T.Yaqublunun fotosunu "Facebook” profilində paylaşaraq, qurultayın nəticəsinin
nə olmasına baxmayaraq, yalnız onu başqan gözündə gördüyünü nümayiş etdirib.
AXCP sədrinin mətbuat katibi funksiyasını yerinə yetirən, Amerikada yaşayan
Sevinc Osmanqızı "Müsavat da belə getdi. İsa Qənbər, demək olar, sıçrayış etdi”
– yazaraq, qurultayın nəticəsinə ironik yanaşma ortaya qoyub. Antimilli
"MeydanTv”nin rəhbəri Həbib Müntəzir də "Müsavatın yeni başqanı 78 faiz səslə
İsArif bəy oldu. Təbrik edirəm!” yazmaqla, qurultayda saxtakarlığa yol
verildiyini diqqətə çatdırıb.
Bütün bu sadalananlar bir daha göstərib ki, öz
partiyalarında normal qurultay, seçki keçirməyi bacarmayan, qaraguruhçuluğu
həyat tərzi seçən, iqtidarın yürütdüyü siyasətə qarşı çıxan "radikalların”
səsləndirdiyi ən müxtəlif fikirlər boğazdan yuxarı söylənən söz yığınıdır.
Kiçik bir təşkilatda demokratlıq nümayiş etdirə bilməyənlərin hakimiyyəti
antidemokratiyada ittiham etməsi sadəcə gülüş doğurur, "liderlərin” əsl
mahiyyətini ortaya qoyur.
Alpər
TURAN