• cümə axşamı, 25 aprel, 08:35
  • Baku Bakı 14°C

Əli Kərimlini yenə dirijor çubuğu idarə edir

12.12.18 19:38 1740
Əli Kərimlini yenə dirijor çubuğu idarə edir
Artıq bir neçə gündür radikal müxalifət düşərgəsində birləşmək haqqında fikirlər səsləndirilir, bu məqsədlə qapalı görüşlər keçirilir. Xüsusən də AXCP sədri Əli Kərimli qapı-qapı dolaşıb digər əqidədaşlarını dilə-dişə tutur, vaxtilə ünvanlarına ən sərt ittihamlar səsləndirdiyi partiya sədrlərini eyni çətir altına toplamağa çalışır. Ana müxalifət lideri olmaq arzusu ilə daim alışıb-yanan Ə.Kərimlinin Müsavat başqanı Arif Hacılı, REAL sədri İlqar Məmmədov, sabiq daxili işlər naziri, "Bozqurd”çu İsgəndər Həmidov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə keçirdiyi görüşlər deyilənlərə əyani sübutdur. AXCP sədri özünün "Facebook” səhifəsində də bu görüşlərdən çəkilən fotoları paylaşaraq "birlik-bərabərlik” mesajları verməkdədir. Radikalların zaman-zaman birlik yaratmaq ideyaları ilə çıxış etmələrini, yaradılan birliklərin az müddət sonra parçalanmasını, həmin qurumda yer alanların bir-birinə qanlı-bıçaq kəsilməsini nəzərə alsaq, Ə.Kərimlinin patronajlığı ilə müxalifətin yeni birliyinin yaradılması nə dərəcədə real görünür? Ümumiyyətlə, bu birlik siyasi səhnədə yer ala biləcəkmi?

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Yurddaş Partiyasının (YP) sədri Mais Səfərli bildirib ki, Azərbaycanın çağdaş siyasi tarixində müxalifətin radikal qanadı tərəfindən onlarla birlik yaradılsa da, onların heç biri real nəticə verməyib. Partiya sədri sözügedən birliklərin yaradılması səbəbinə toxunub. Deyib ki, son illər müxalifət tamamilə pərakəndə halda fəaliyyət göstərir. Onun sözlərinə görə, nizamnaməsi, platforması eyni olan bu cür müxalifət partiyaları gerçəklikdə öz fəaliyyətlərində hər hansı koordinasiya apara bilmirlər.
M.Səfərli qeyd edib ki, müxalifətin, xüsusən də radikal kəsimin indiki kimi dağınıq olmasının əsas səbəblərindən biri məhz budur: "Bu faktor müxalifətin məğlubiyyətinin əsas faktorlarından biridir. İndiyə qədər həmin siyasi təşkilatların ortaya normal birlik qoya bilməmə səbəbi həm də o partiyaların ayrı-ayrı maraqlara xidmət edən şəxslərin ətrafında formalaşmasıdır. Qeyd edilən partiyalar ümumi və dövlət maraqlarına, milli mənafeyə deyil, təşkilata rəhbərlik edən şəxslərin ambisiyalarına xidmət edir. Belə təşkilatların heç biri partiya maraqlarına da xidmət etmirlər. Bu kimi çoxsaylı səbəblərdən müxalifət partiyalarının rəhbərləri heç vaxt bir-birinə güzəştə gedə bilmirlər”.



M.Səfərli deyib ki, hətta AXC-Müsavat hakimiyyəti illərində belə, bu təşkilatlar arasında fikir ayrılığı olub: "Müstəqillikdən sonra hakimiyyətdə olan AXC-Müsavat iqtidarının uzunömürlü olmamasının başqa bir səbəbi də bu idi. Xalq Cəbhəsindən qopan şəxslər ayrı-ayrı partiyalar yaratdılar, fikir ayrılığı meydana gəldi və beləliklə də siyasi hakimiyyət zəiflədi. Hansı ki, həmin təşkilatları yaradan şəxslər eyni hakimiyyətdə, eyni komandada təmsil olunurdular. Bu tendensiya, yəni bir-birinin fikrini qəbul etməmək, ayrılmaq tendensiyası sonrakı illərdə də özünü göstərdi. Qeyd olunan vaxtdan indiyə qədər ötən müddət ərzində bu partiyalar və onlara rəhbərlik edən şəxslər arasında yumşaq desək, daim ziddiyyət hökm sürüb. Bəzən bu ziddiyyətlər dava-dalaşla, düşmənçiliklə, qarşılıqlı təhqirlərlə də müşayiət olunub. Amma maraqlı burasıdır ki, ölkədə keçirilən seçkilər ərəfəsində bu qüvvələr yenidən birlik ideyası ilə çıxış ediblər. Bu da ondan irəli gəlir ki, həmin təşkilatlar öz iradələri əsasında deyil, onları dəstəkləyən, havadarlıq edən qüvvələrin təhriki ilə belə addım atırlar. Əsl reallıqda isə onlar mehriban düşmənlər, yaxud düşmən dostlar olublar. Belələrinin zaman və məkandan asılı olmayaraq yaratdıqları və yaradacaqları birliklərin heç vaxt effekti olmayıb, olmayacaq da. Onlar heç vaxt siyasi nəticə əldə edə bilməyəcəklər”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli də hesab edir ki, AXCP sədrinin təşkilatçılığı ilə müxalifətin birliyinin yaradılması cəhdlərinin arxasında hansısa maraqlar dayanır. Onun fikrincə, bu sırada korporativ maraqlar birinci yerdə dayanır: "Görünür yeni qrant layihəsi ortaya atılıb və Əli Kərimli də bu istiqamətdə fəaliyyətə başlayıb. Çünki müxalifət düşərgəsində Əli Kərimlinin fəaliyyəti illər boyu destruktiv fəaliyyət kimi qiymətləndirilib. Əsl reallıqda bu şəxsin bütün fəaliyyəti ayrı-ayrı siyasi qüvvələri qarşı-qarşıya qoymaqdan ibarət olub. Yəni, katalizator rolunu oynayıb. İndiki şəraitdə isə dəfələrlə bir araya gəldiyi və sonradan ayrıldığı insanlarla yenidən "birləşmək” istəməsi bu şəxsdə prioritetlərin, dəyərlərin, sistemli fəaliyyətin olmadığını növbəti dəfə ortaya qoyur. Cəmiyyətin indiyə qədər belə insanları "iqnor” eləməsinin mahiyyətində də bu amil dayanır. Bu insanlar bir-birlərini ən aşağı səviyyəli, dilə gətirilməsi mümkün olmayan söyüşlərlə təhqir edir, sosial şəbəkələrdəki trolları vasitəsilə qarşılıqlı ittihamlar səsləndirir, normal fikir bildirən adamları isə hədəfə alaraq mənəvi terrora məruz qoyurlar”.

BAXCP funksioneri bildirib ki, yeni birlik yaratmaq ideyasına düşmüş məlum şəxslər kritik anlarda korporativ maraqları hər şeydən üstün tutur, geri çəkilmələrinə əsaslı don geyindirmək üçün yenə də qarşılıqlı ittihamlara yol verirlər: "Nəticə etibarilə hansısa dirijor çubuğu bu insanları yenidən "bir araya” gətirir. Bu "birliklər” də bəlli korporativ maraqlara xidmət etmək üçün atılan addımdır. Şübhəsiz ki, bundan əvvəl yaradılan oxşar "birliklərin” fəaliyyəti sıfıra bərabər olduğu kimi, yaradılmasına cəhd edilən yeni "birlik” də eyni aqibəti yaşayacaq. Azərbaycanda köhnəlmiş, kökdən düşmüş, bütün ideoloji platformaları sıradan çıxmış, dəfələrlə öz ideyalarına, liderlərinə xəyanət etmiş insanların bir araya gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Belə köhnəlmiş insanların yaratdığı yeni birliklərdən deyil, yalnız yeni müxalifətdən söhbət gedə bilər. Yeni müxalifət üçün isə belə insanlar tamamilə yararsızdırlar. Onların təfəkkürü və dünyagörüşü, Azərbaycan dövlətinə olan münasibətləri sübut edir ki, belələrinin dövlətçilik anlayışı yoxdur. İnsanın harada təmsil olunması o qədər də önəmli deyil. Əgər bir siyasət adamının dövlətçilik təfəkkürü yoxdursa, o, hakimiyyətlə olan münasibətləri fonunda çaşaraq dövləti hədəfə alırsa, "tənqidinin” əsasında korporativ maraqlar dayanırsa, sağlam mübarizə metodlarının kökündə qisasçılıq hissi yaşadırsa, onun hər hansı uğura imza atması qeyri-mümkündür. Necə ki, sözügedən şəxslər indiyə qədər heç bir nailiyyət əldə etməyiblər”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər