• cümə, 29 Mart, 17:09
  • Baku Bakı 14°C

Əli Kərimli yenə öz ampluasındadır

04.06.16 11:20 1986
Əli Kərimli yenə öz ampluasındadır
Ölkədə keçirilən bütün seçkiləri biabırçı şəkildə uduzan, xalqın etimadını itirən radikal müxalifət liderləri özlərini gündəmdə saxlamaq üçün müxtəlif vasitələrə əl atırlar. Demokratiya libasına bürünən, əslində isə rəhbərlik etdikləri siyasi partiya və təşkilatlarda 20 ildən artıq kök salan, tabeçiliklərindəki qurumları diktator üsulu ilə idarə edən belə adamlar yeri gəldi-gəlmədi iqtidarı sərt tənqid etməkdən də çəkinmirlər. Suda boğulan saman çöpündən yapışan kimi, onlar da ölkədə baş verən, yaxud xaric ölkələrdə azərbaycanlılarla əlaqəli yaşanan hər hansı hadisədə hakim partiyanı günahkar bilir, iqtidarı hədəf seçirlər. Milli-mənəvi keyfiyyətlərini, vətənpərvərlik hislərini itirən belə adamlar xalq və dövlətçilik əleyhinə çıxış etməkdən də çəkinmirlər.
Xatırlayırsınızsa, aprel ayının əvvəlində cəbhə xəttində erməni təxribatının qarşısı alınan zaman xalqımız ən yüksək səviyyədə birlik-bərabərlik nümayiş etdirdi, hər kəs düşmənə qarşı vahid cəbhədə birləşdi. Təəssüf ki, AXCP sədri Əli Kərimli və dəstəsi ruporlarına çevirdikləri "Azadlıq” qəzeti və şəxsi Feysbuk səhifələri vasitəsilə Azərbaycan xalqı və dövləti əleyhinə mövqe ortaya qoydular. "Bir-iki qotur təpəyə görə bu qədər itkiyə dəyərdimi”, "rusun qorxusundan əldə olunan yüksəkliklər boşaldılıb”, "Azərbaycan ordusu qeyd edilən rəqəmlərdən daha çox itkilər verib”, "hospitallar yaralılarla doludur” və sair bu kimi şərhlərlə düşmənlə eyni mövqedə dayandıqlarını göstərdilər. AXCP sədrinin ruporuna çevirdiyi bəzi media qurumlarında səsləndirdiyi bəyanatlar, Feysbukda yazdığı statuslar düşmən ölkənin mediasında manşetə çevrildi. Bu gün də bəzi erməni media qurumları öz yalanlarını sübut etmək üçün Əli Kərimlinin yazdıqlarından tez-tez sitatlar gətirir, bundan məharətlə bizə qarşı istifadə edirlər.
Bu günlərdə Əli Kərimli yenidən öz "adətinə” sadiqlik nümayiş etdirib, xislətinə uyğun olaraq növbəti dəfə Azərbaycan və Türkiyə əleyhinə fikirlərlə çıxış edib, antimilli mövqeyini davam etdirib. Belə ki, o, Almaniya parlamentinin "erməni soyqırımı”nı dəstəkləyən qərarını şərh edərək, özünün Feysbuk səhifəsində Türkiyə və Azərbaycan iqtidarlarını suçlayıb. Bununla da o, erməniləri və bu cür hərəkət edən Almaniya parlamentini dəstəklədiyini açıq-aşkar ortaya qoyub. Diqqət çəkən məqam burasıdır ki, Əli Kərimli Almaniya parlamentinin qəbul etdiyi qərara görə Azərbaycan hakimiyyətini qınayıb.
Yuxarıda qeyd etdiyimiz kimi, Əli Kərimli indiyə qədər bütün seçkiləri uduzduğundan, biabırçı şəkildə məğlub olduğundan iqtidarı düşmən gözündə görür. Ona görə də hər fürsətdə onu yamanlayır, gözdən salmağa çalışır, qaralayır. Lakin Türkiyə kimi qüdrətli bir ölkənin bütün müqavimətinə rəğmən qəbul olunan xain qərara görə Azərbaycan iqtidarını suçlamaq ən azı absurddur. Çünki hətta Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın şəxsi dostu olan Almaniyanın kansleri xanım Merkel də bu prosesə mane olmayıb. O baxımdan bu məsələdə qüsur, günah varsa, bir hissəsi ermənilərdə, bir hissəsi də Almaniyada olmalıdır. Belə olan halda Almaniya parlamentinin xəyanətkar qərarına görə Azərbaycan və Türkiyə hakimiyyətini qınamaq prosesdə maraqlı olan qüvvələrə, o cümlədən ermənilərə və ermənipərəst alman siyasətçilərinə haqq qazandırmaqdır. Bu mövqe ilə Əli Kərimli növbəti dəfə düşmən cəbhədə yer aldığını, ermənipərəst qüvvələrlə həmfikir olduğunu ortaya qoyub.
Son olaraq qeyd edək ki, Azərbaycan demokratik ölkədir və burada hər kəsin sərbəst şəkildə öz fikir və mülahizələrini çatdırmaq haqqı var. Amma bu haqdan geninə-boluna istifadə edənlər Vətən haqqını, vətəndaşlıq haqqını, öz xalqının və dövlətinin təəssübkeşliyini də unutmamalıdırlar. İstənilən kəs, xüsusən də özlərini siyasətçi, partiya sədri, ana müxalifət lideri adlandıran əli kərimlilər, həmçinin onun ruporları Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu bir dövrdə düşmənlə eyni mövqedən çıxış etməməlidirlər.
Alpər TURAN
banner

Oxşar Xəbərlər