• cümə axşamı, 25 aprel, 05:02
  • Baku Bakı 19°C

“Əli Kərimli və İsa Qəmbər mövcud imkanlarından bir-birinə qarşı yararlanır”

04.12.14 10:49 1837
“Əli Kərimli və İsa Qəmbər mövcud imkanlarından bir-birinə qarşı yararlanır”
Müsavat Partiyasının sentyabr ayındakı qurultayından iki aydan artıq vaxt keçsə də təşkilatdakı daxili gərginlik bitmək bilmir, hər ötən gün yeni istefalarla yadda qalır. Dünən isə Müsavat üzvü, bu təşkilatın başqanlığına sabiq namizəd Qubad İbadoğlunun liderliyi ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaratması barədə bəyannamə yayılıb. Hələlik ADR Hərəkatının yaranması barədə bəyannaməyə 12 nəfərin, o cümlədən Qubad İbadoğlu, Vurğun Əyyub, Adil Qeybulla, İbrahim İbrahimli, Ellada Məmmədli, Səxavət Əlisoy, Məlahət Mürşüdlü, Ədalət Yusifov, Əhliman Abbas, Taleh Əliyev, Rafiq Abdullalı, İsmayıl Yusifov imza atıblar. Qeyd olunub ki, siyasi, etnik, dini, milli mənsubiyyətindən asılı olmayaraq hərəkatın məqsəd və prinsiplərini qəbul edən istənilən Azərbaycan vətəndaşı ADR Hərəkatının üzvü ola bilər. ADR-in idarəetmə orqanlarının yaxın zamanlarda üzvlərin iştirakı ilə keçirilməsi planlaşdırılan təsis yığıncağında formalaşdırılacağı da bildirilib. Müsavatda cərəyan edən hadisələr, narazıların mövqeyi, sabiq başqanın açıqlaması, AXCP-nin qızışdırıcı mövqedə dayanması və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Vəhdət Partiyasının sədri Tahir Kərimli cavablandırır.
- Partiya rəhbəri, siyasətçi kimi bu prosesləri necə qiymətləndirirsiniz?
- Müsavatdakı bu prosesləri sakitləşdirmək mümkün olmayacaq. Narazılıq, istefalar, daxili gərginlik daimi işlək mühərrik kimi işə düşüb və artıq onu saxlamaq qeyri-mümkündür. Ətalət qanunauyğunluğuna görə deqradasiya yuvarlanır, proses davam edir. Hakimiyyətə gələ bilməyən Müsavat Partiyası ümummüxalifət kontekstində elə bir vəziyyətə düşüb ki, artıq siyasi hakimiyyətə gəlməyi deyil, partiya olaraq özünü qorumağı, müxalifət kimi qalmağı, itirilmiş sosial bazanı bərpa etməyi, heç olmasa klassik partiya kimi qalmağı, diskussiya klubuna çevrilməməyi düşünür. Bunu ümumilikdə müxalifətə də aid etmək olar. Bütün çabalara rəğmən, ümumilikdə müxalifət İctimai Palata, Milli Şura kimi birliklərlə yuxarıda sadalanan istəklərinə çata bilmədi. Ona görə də AXCP və Müsavat arasında döyüş başladı. Əvvəllər gizlin şəkildə gedən, mehriban düşmən təsiri bağışlayan partiya liderləri arasındakı savaş açıq müstəviyə keçdi. Şübhəsiz ki, hadisələrin gedişində hər bir müxalifət lideri digərindən faydalanmaq niyyətində idi. Hətta bu da kifayət etmədi. Artıq elə vəziyyət yarandı ki, məğlubiyyətin səbəbini bir partiya digərində axtarmaqla yanaşı, hər bir partiya öz daxilində də axtarmağa başladı. Ona görə də müsavatçılar səbirsizliklə öz qurultaylarını gözlədilər ki, məğlubiyyətdə paylarının olmasından imtina etsinlər, təmsil olunduqları təşkilatları tərk etsinlər. Son proseslər onu deməyə əsas verir ki, gözləntilər tədricən reallaşdığı üçün Müsavat Partiyası ölgün vəziyyətə düşüb. Əslində kimin Müsavat başqanı olması partiya üçün həlledici məsələ deyildi. Əgər İsa Qəmbər təkrar başqan seçilsəydi, yaxud Qubad İbadoğlu yeni başqan seçilsəydi belə, deqradasiyanın qarşısını almaq mümkün olmayacaqdı. Heç bir müsavatçı bundan razı qalmayacaqdı. İndi də İsa Qəmbərlə Vurğun Əyyubun, eləcə də Arif Hacılı ilə digərlərinin davası açıq müstəvidə davam etməkdədir. Belə olan halda dağılma, mərkəzdənqaçma prosesi həm ümumilikdə müxalifət, həm də Müsavat içərisində güclü təkan alıb. Bunun qarşısını heç cür almaq mümkün deyil. Misal üçün, srağagün yeni başqan Arif Hacılı ilə başqanlığa sabiq namizəd Qubad İbadoğlu arasında görüş keçirilib, müəyyən məsləhətləşmələr aparılıb, guya bununla müəyyən məsələlərə aydınlıq gətirilib. Amma dünən Qubad İbadoğlu da başda olmaqla Müsavat Partiyasının 12 nəfər üzvü Azərbaycan Demokratiya və Rifah Hərəkatı adlı yeni təsisat yaradıldığını bəyan ediblər. Bu fakt da onu göstərir ki, ortada dözümlülük, barışıq yoxdur. Bununla da Müsavat nəinki müxalifətçilik imicini, partiya kimi gücünü itirir, paralel olaraq, aid olduğu müsavatçılıq ideologiyasının da aşılanmasına səbəb olur.
- Müsavat dekabrın 14-ə mitinq təyin edib. Milli Şuranın keçirdiyi mitinqləri əhəmiyyətsiz hesab edən Müsavat Partiyasının belə bir addımı nə ilə əlaqədardır?
- Müsavat rəhbərliyi çox arzu edər ki, hakimiyyət bu mitinqə razılıq verməsin. Çünki onlar mitinqin kütləviliyini təmin edə bilməyəcəklərinə əmindirlər. Ona görə də indidən mesaj verirlər ki, mitinqdə kütləviliyə nail olmaq əsas məsələ deyil, əsas odur mitinq alınsın və sair. Amma burda bir məsələ də diqqət çəkir. AXCP və nəzarətində olan Milli Şura Müsavat Partiyasını, həmçinin onun tərəfdarlarını müxalifətçilikdən getməkdə, elektoratını itirməkdə ittiham edirdi. Müsavat bu mitinqi ilə həm də özünü təsdiq etmək, mübarizəni davam etdirdiklərini göstərmək istəyir. Nə olursa-olsun AXCP-nin Milli Şurasından geri qalmadığını nümayiş etdirməyə can atır. Digər tərəfdən, mitinq vasitəsilə Müsavatdakı radikal kəsimi sakitləşdirmək, müxalifətdaxili prosesləri səngitmək istəyirlər. Mitinq təyin ediblər ki, bəlkə bu yolla həm də barışığa, bütövlüyə nail olsunlar. Lakin necə ki, Milli Şuranı mitinqlər xilas edə bilmir, eləcə də Müsavat bu mitinqdən qalib kimi çıxa bilməyəcək.
- Noyabrın 23-də Müsavat Partiyasında keçirilən ümumrespublika müşavirəsində sabiq başqan İsa Qəmbər üzünü narazılara tutub, - “kim istəyir qalsın, istəməyənlərə yaxşı yol” - deməklə, ömrünün böyük hissəsini Müsavata həsr edənləri xəyal qırıqlığına uğratdı. Sizcə, bu cür açıqlamalarla, cəza metodu ilə həmin partiyanın bütövlüyün qorumaq mümkün olacaqmı?
- Əvvəla, bu yığıncağın adının ümumrespublika müşavirəsi, ümumrespublika forumu adlandırılması oradakı iştirak dərəcəsinə uyğun gəlmir. Biz bilirik ki, həmin tədbirdə Müsavat Məclisi üzvlərinin sayı qədər insan iştirak edib. Yəni, orada hər hansı kütləvilikdən söhbət gedə bilməz. İsa Qəmbərin mövqeyinə gəldikdə, son proseslərə qədər o, sükunətini qoruyub saxlayırdı. Lakin başqan seçkilərində Arif Hacılıya gizlində, seçkidən sonra isə açıq şəkildə onun mövqeyini möhkəmlətməyə xidmət edəcək açıqlamalar verməklə, narazı kəsimin ümidlərini puç etdi. Artıq partiyada fikir ayrılığı, narazılıqlar o həddə çatıb ki, İsa Qəmbərin doğma qardaşı Rövşən Qəmbər də sabiq başqanın ünvanına tənqidi fikirlər səsləndirir. Bununla İsa Qəmbər öz imicinə böyük zərbə vurdu. Bundan başqa, partiya daxilindəki qruplaşmaların konturları bir qədər də dəqiqləşdi. Hazırda fraksiyaçılıq, hərəkat ayrıca bir formadır. Ancaq hadisələrin gedişində İsa Qəmbərin susqunluğu da narahatçılıq yaradır, müxtəlif suallar doğururdu. Ona görə də sabiq başqan bu cür sərt açıqlama vermək məcburiyyətində qaldı. İsa Qəmbər yarımlegitim şəraitdə başqan seçilən Arif Hacılının tərəfini saxlamaqla yarımmüsavat legitimliyinə bərabər lider keyfiyyətlərini əxz etmiş oldu.
- Müsavatdaxili proseslərə AXCP-nin nəzarətində olan “Azadlıq” qəzeti də geniş yer verir, gərginliyi daha da artırmaq üçün qızışdırıcı mövqedən çıxış edir. Son günlər isə Müsavat üzvlərinin hədəfə alındığı şantaj xarakterli yazılar dərc olunur. Qarşı tərəfin buna cavab verməsi isə tərəflərin yenidən ən ağır söyüşlərlə bir-birini təhqir etməsi ilə nəticələnib. Belə münasibətlərin kökündə nə dayanır?
- Əvvəllər də bu mənzərənin şahidi olmuşuq. Son zamanlar isə Əli Kərimli, “Azadlıq” qəzeti ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında dava-dalaş müşahidə olunur. Bu, 1990-cı illərin sonlarındakı müstəvini də keçib. O zamanlar Rauf Arifoğlu Əbülfəz Elçibəyin təlimatı əsasında Əli Kərimlini hakimiyyətə işləməyinə görə tənqid edib. Əli Kərimlinin iki dəfə deputat seçilməyini, mandat almağını, 2000-ci ilin parlament seçkilərində hər kəsin boykot taktikasına üstünlük verdiyi halda AXCP sədrinin seçkiyə qatılıb 5-6 deputat kürsüsü əldə etməsini, müəyyən biznes strukturları əldə etməsini xatırladıb. Bu faktlar o zaman da aktual idi. İndi “Azadlıq” “Yeni Müsavat” qəzetini və onun rəhbərliyini hakimiyyətə satılmaqda ittiham edir. Halbuki vaxtilə bundan daha kəskin şəkildə “Yeni Müsavat” AXCP liderinə, onun qəzetinə qarşı eyni mövqeyi sərgiləyirdi. Yəni, ittihamlar qarşılıqlıdır. Lakin məsələ burasındadır ki, hazırda AXCP və “Azadlıq” ruporçuları özlərini yeganə müxalifət hesab edirlər. Bir-birlərinin bütün ayıblarını, əgər-əskiklərini ortaya qoyurlar. Əsas hədəf 2018-ci ilin prezident seçkilərində müxalifətin vahid namizədi olmaqdır. Ona görə də Əli Kərimli və İsa Qəmbər əllərində olan imkanlardan bir-birinə qarşı yararlanmaqdadırlar. Hər kəs digərinin sosial bazasını sıradan çıxarmağa, öz tərəfinə çəkməyə çalışır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər