• cümə, 19 Aprel, 01:12
  • Baku Bakı 18°C

Əli Kərimli REAL-a qarşı

20.11.18 19:54 1216
Əli Kərimli REAL-a qarşı
Radikal müxalifəti təmsil edən Azərbaycan Xalq Cəbhəsi Partiyası noyabrın 17-də paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər. Lakin bu cəhd uğursuzluqla nəticələnib. Polis qanunsuz aksiyaya icazə verməyib, onun təşkilatçıları və iştirakçıları da saxlanılıb. Saxlanılanlar arasında AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli də olub. Məhkəmə AXCP sədrinin cərimələnməsi haqda qərar qəbul edərək onu azadlığa buraxıb. Həmişə bu cür hadisələrdən fürsət kimi yararlanmağa çalışan AXCP sədri azadlığa çıxan kimi özünü qəhrəman kimi göstərməyə çalışıb. Maraqlıdır ki, o fürsəti əldən verməyib müxalifət düşərgəsindəki digər rəqiblərini hədəfə alıb. Həbsdən çıxandan sonra verdiyi müsahibələrdə Əli Kərimli ictimai pozuntulara qanuni don geydirməyə çalışdığı qədər, digər müxalif partiyaları və təşkilatlarını da cəsarətsizlikdə günahlandırıb. Məsələn, o müsahibələrinin birində digər müxalifət partiyalarını onların Şəhidlər Xiyabanına təşkil etdikləri yürüşə qatılmamaqda ittiham edib. Burada AXCP sədri xüsusilə Müsavatın bostanına daş atıb.
Onun digər hədəfi isə ad çəkməsə də REAL hərəkatı olub. Jurnalistin köhnə liderlərin yeni simalara maneçilik tərətməsi ilə bağlı sualına cavab verən Ə.Kərimli "biz heç kimin qarşısını kəsmirik” deyərək yeni gələnlərin heç bir real gücünün olmadığını qeyd edib. O, REAL-ın ən bu cür aksiyalarda, nə sosial şəbəkələrdə real gücünün olmadığını kinayə ilə vurğulamağa çalışıb. Deyib ki, həbsinin guya İlqar Məmmədovun müxalifət düşərgəsində artan nüfuzu ilə bağlı olması haqqında yayılan söz-söhbətlər reallığı əks etdirmir. O deyib ki, müxalifətdə yeni qüvvə olduqlarını bəyan edənlər əvvəlcə AXCP ilə rəqabətdə qalib çıxmalı, sonra hakimiyyətə alternativ olmaq haqqında düşünməlidirlər. REAL-ın müxalifət ola bilmədiyini deyən partiya sədri hərəkat üzvlərini acıqlarını ənənəvi müxalifətin üzərinə atmaqda ittiham edib. AXCP sədri hətta REAL-çılara rişxənd edərək "əli çıraqlı” müxalifətçi axtarışında olduğunu, amma tapa bilmədiyini bildirib.
Ümumiyyətlə, Ə.Kərimlinin "məntiqi”ndən belə anlaşılır ki, müxalifət düşərgəsini təmsil edənlər, xüsusilə Müsavat və REAL qorxaqlıq nümayiş etdirib.
Əvvəllər də sosial şəbəkələrdə AXCP ilə Müsavat partiyası və REAL arasında qarşılıqlı ittihamların, söyüşlərin və təhqirlərin yer aldığı "demokratik” mübarizənin şahidi olurduq. Amma bu dəfə Ə.Kərimli ittihamları daha kəskin xarakter alıb. Şübhə yoxdur ki, onun müsahibəsində verdiyi bu tezislər cəbhənin trol ordusu üçün bir siqnal olacaq. Yaxın gələcəkdə trollar müxalifətin real liderinin məhz Əli Kərimli olduğunu qabartmağa çalışacaq, REAL-ı isə passivlikdə, qorxaqlıqda ittiham edəcəklər.
AXCP sədri tərəfindən REAL-ın hədəfə alınması heç də təsadüfi deyil və elə əslində müxalif düşərgədə "liderlik” uğrunda mübarizənin açıq nümunəsidir. Bəs görəsən REAL Ə.Kərimlinin bu ittihamlarına hansı cavabı verəcək? Eləcə də müxalifət partiyaları AXCP sədri tərəfindən "qorxaq” adlandırılmalarına münasibət bildirəcəkmi?
Əslində "müxaliflər” arasında bu baş verənlər onu deməyə əsas verir ki, AXCP, Müsavat və REAL arasında "kim daha çox müxalifətçidir” mübarizəsi gedir. Özü də bu heç də ölkə daxili auditoriyaya deyil, daha çox beynəlxalq təşkilatlara və digər mərkəzlərin diqqətini cəlb etməyə yönəlmiş addımdır. Belə olmasaydı günaşırı sosial şəbəkələrdə Milli Şura və AXCP üzvlərinin digər müxaliflərin ünvanına təhqirlər yağdırmazdı.
AZAD
banner

Oxşar Xəbərlər