Əli Kərimli İlqar Məmmədovu niyə sevmir?
Müxalifət cameəsində baş
verən prosesləri izlədikdə açıq-aşkar hiss olunur ki, AXCP sədri Əli
Kərimlinin ReAl sədri İlqar Məmmədova
qarşı antipatiyası var. Ona görə də AXCP sədri bütün imkanlardan yararlanaraq,
həm ReAl sədrini, həm də onun ətrafında olan, ictimai-siyasi sferada az-çox
tanınan şəxsləri müxtəlif yolla gözdən salmağa çalışır. Ə.Kərimli xüsusilə
sosial şəbəkədəki cəbhəçi trolları, söyüş ordusunu bu işə səfərbər edib.
Ənənəvi metodlardan istifadə edən cəbhəçilərin iddialarına görə, ReAl-çılar
parlamentdə təmsil olunmaq müqabilində hakimiyyətə satılıblar, müxalifətə
xəyanət ediblər. Onların təbirincə desək, ReAl-çılar iqtidarın sifarişi ilə
müxalifət daxilində parçalanma yaradırlar. Maraqlıdır, bu nifrətin,
antipatiyanın, gözdənsalmanın kökündə nə dayanır? Bu barədə siyasi şərhçilərin
mövqeyini öyrəndik.
Siyasi
şərhçi Aydın Quliyev "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki,
AXCP-ReAl qarşıdurması timsalında radikal müxalifət üçün ənənəvi olan
mərəzlərdən daha biri nümayiş olunur. Həmsöhbətimin sözlərinə görə, bu mərəz
ondan ibarətdir ki, bəziləri radikal düşərgədə özünü hakimi-mütləq hesab edir,
onun yerinə azacıq iddialı olan hər bir kəsi, alternativ namizədi dərhal
qaralamağa, gözdən salmağa çalışır: "Bununla həmin şəxs radikal düşərgənin
alternativsiz lideri statusunu özündə saxlamağa çalışır. Tarixən biz radikal
düşərgədə yaranan blokların, ittifaqların, sazişlərin çox qısa ömürlü olduğunu,
az bir müddət sonra pozulduğunu görmüşük. Bu ittifaqlar pozulan kimi dünənə
qədər müttəfiqlik görüntüsü yaradanlar bir-birlərinə qarşı kəskin ittihamlar
irəli sürürlər. 1993-cü ildən indiyə qədər radikal düşərgədə yaranan blokları,
birlikləri buna misal göstərmək olar. Dünən saziş imzalayıb özlərini müttəfiq
elan edənlər sabah düşmənə çevrilirdilər. Təxminən iki il öncə İlqar Məmmədovun
həbsdə olduğu zaman AXCP sədri Əli Kərimli onun azad olunması ilə bağlı var
qüvvəsi ilə çalışırdı. O zaman onların hansı münasibətdə olduqlarını yada
salmaq kifayətdir. Amma indi vəziyyət tamam başqadır”.
A.Quliyevin qənaətincə,
Ə.Kərimli və tərəfdarlarının radikal müxalifəti şəxsi monopoliyaya çevirdiyi
açıq-aşkar hiss edilir: "Onlar hesab edirlər ki, İlqar Məmmədovun bu sahəyə
nüfuz etməsi yolverilməzdir. AXCP sədri və tərəfdarları İlqar Məmmədovun
radikal düşərgədə nüfuz qazanıb liderə çevriləcəyindən ehtiyat edir, təlaş
hissi keçirirlər. Məhz buna görə də İlqar Məmmədova qarşı AXCP tərəfindən
gözdən salma kampaniyası aparılır. Əslində İlqar Məmmədovun özünün də radikal
düşərgədə hər hansı perspektivi yoxdur. Sadəcə Əli Kərimli və ətrafında olanlar
İlqar Məmmədovun xarici dil biliklərinin olmasını, beynəlxalq təşkilatlarla əlaqələrini,
xaricə çıxmaq üçün üstün imkanlara sahib olmasını nəzərə alaraq, gələcəkdə onun
AXCP sədri üçün real təhlükə yaradacağını düşünürlər. Buna görə də cəbhəçilər
İlqar Məmmədovu sıradan çıxarmağa çalışırlar. Məsələnin kökü bundan ibarətdir”.
Siyasi
şərhçi Azər Həsrət də bizimlə söhbətində bildirdi ki, Ə.Kərimli və
ətrafındakıların qaraguruh olması heç kimə sirr deyil. Onun sözlərinə görə, bu
şəxslər normal polemikanın nə olduğunu bilmir, əks fikrə, tutarlı arqumentə
qarşı son dərəcə dözümsüz münasibət sərgiləyirlər: "Onlar istəmirlər ki, normal
çərçivədə müzakirə və polemikalar keçsin. Adətən bu şəxslər ya söyüşə əl atır,
ya da gözdən salmaq taktikasına üstünlük verirlər. ReAl-çılara gəlincə,
pis-yaxşı, onlar özlərini müxalifət elan ediblər. Onların sırasında yer alan
ayrı-ayrı şəxsləri tanıyıram. Normal adamlardır. Müxalif mövqedədirlər və bəzən
əsassız fikirlər də ortaya qoyur, özlərinin iddialarını bir qədər yüksək səslə
cəmiyyətə çatdırmağa çalışırlar. Lakin müqayisə etsək, radikallarla müqayisədə ReAl-çılar
söyüşdən, təhqirdən uzaqdırlar, normal polemika aparılacaq insanlardırlar. Bu
isə Əli Kərimlini qane etmir. O istəyir ki, hamı söyüş söysün, təhqirlərə yol
versin. Bir sözlə, bu adam cəmiyyətdə normal polemikanın getməsində maraqlı
deyil. Ona görə ki, Əli Kərimli və ətrafındakıların səviyyəsi budur. Söyüş və
çamur içində olan bu adamlar hamını dartıb o çamurun, söyüşün içinə çəkmək
istəyirlər. Cəbhəçilərin ReAl-çılara qarşı dava-dalaşının, ittihamlarının
kökündə məhz bu amil dayanır”.
Rufik
İSMAYILOV